Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5485/2025 22.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, EQ 27669928 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: BDYPİ tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, EQ 27669928 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 330.0.1-ci maddəsi ilə (sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə) təqsirli bilinərək 50 manat cərimə edilmişdir. R.Ə.Hüseynov həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsinin, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, R.Ə.Hüseynov 01 may 2025-ci il tarixdə, saat 14:24 radələrində piyadanın yolun kənarında dayandığını, yəni piyada keçidinə daxil olmadığını görüb, onun yolu keçmək fikrində olmadığını düşünüb, hərəkətini davam etdirmişdir. Digər tərəfdən, o, nəqliyyat vasitəsini idarə edərkən piyada üçün təhlükə yaratmadan, mövcud vəziyyətə uyğun məsafə və ehtiyat tədbirləri ilə hərəkət etmişdir. Məhkəmə iclasında R.Ə.Hüseynov şikayətini müdafiə etdiyini bildirərək, orada göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xətanın qeydə alınmasına dair fotoşəkillərdən görünür ki, “Toyota Prius” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman piyada keçidi hissəsinin yolun sağ və sol tərəfində piyadaların olduğu görünür. Lakin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. O da qeyd olunur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin İİ hissəsinə əsasən, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. İXM-nin: - 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından, barəsində qəbul edilmiş 01 may 2025-ci il tarixli, EQ 27669928 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli, inzibati iş üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 01 may 2025-ci il tarixli, EQ 27669928 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5485/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5485/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver