Məhkəmə qərarları › İş №3(001)-5488/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5488/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5488/2025 25.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 85 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsinə dair şübhə yaranmış, tibbi müayinədən keçirilmiş və onun narkotik vasitənin təsiri altında ictimai nəqliyyatı idarə etdiyi aşkar olunmuşdur. Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol kifayət qədər əsaslıdır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ona narkoloji müayinənin nəticələrinə dair rəylər arasında olan ziddiyətlə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, icraatlarında anoloji işlər olmuşdur. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol həkim rəyi əsasında tərtib olunmuşdur. Şəxs sonradan özünün müstəqil olaraq müayinədən keçərək əldə etdiyi “təmizlik aktı” inzibati xəta haqqında iş üzrə sübut növü kimi qəbul oluna bilməz. Çünki aktlar arasında 1 gün vaxt vardır və vətəndaş 1 gün ərzində bədəninə yeritdiyi sistem və digər vasitələrlə qanından narkotik vasitəni təmizləyə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs ona məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən avtomobilində olan qayda pozuntuları ilə bağlı saxlanılmışdır. Daha sonra YPX maşınında olarkən polis əməkdaşı ilə aparılan söhbət zamanı o, əməliyyat olunduğunu bildirmiş, bundan sonra polis əməkdaşı onun narkoloji müayinəyə aparılmalı olduğunu, əməliyyat zamanı narkoz aldığı təqdirdə 6 ay nəqliyyat vasitəsini idarə edə bilməyəcəyini bildirmişdir. Hadisə Yasamal rayonu ərazisində baş verməsinə baxmayaraq, polis əməkdaşları Şəxs müayinə olunması məqsədilə Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Sumqayıt şəhər Narkoloji Dispanseri müayinənin şəhər Narkoloji Dispanserində aparılmasını məsləhət görmüşdür. Respublika Narkoloji Mərkəzində aparılan yoxlanış zamanı sidikdə THC aşkar edildiyi qeyd olunmuşdur. Növbəti gün Şəxs atası ilə birlikdə yenidən könüllü müayinədən keçmiş və analizlər zamanı onun qanında narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində qanunsuz olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini və protokolu tərtib etmiş şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil dediklərini təsdiq edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, oğlu onunla birlikdə həm Bakı şəhər Narkoloji Dispanserində, həm də Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və bu zaman onun qanında heç bir narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasına ekspert qismində dəvət olunmuş “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin nümayəndəsi Kamilə İsmayılova çıxış edərək bildirmişdir ki, Şəxs narkoloji dispanserə yaxınlaşıb müvafiq analizləri vermiş, analiz nəticəsində şəxsin qanında heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmə halı aşkar edilməmişdir. Respublika Narkoloji Mərkəzi” PHŞ-nin nümayəndəsi Kamilə İsmayılova məhkəmə iclasında ona narkoloji müayinənin nəticələrinə dair rəylər arasında olan ziddiyətlə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, narkotik vasitənin istifadəçinin qanında qalma müddəti vardır, bəzən narkotik vasitə istifadəçisinin narkotik vasitəni istifadə etdikdən sonra 29-cu gün analiz verdikdə müayinənin nəticəsi pozitiv, 30-cu günü analiz verdikdə isə müayinənin nəticəsi neqativ ola bilir. Bundan başqa, ozon terapiya və d. kənar müdaxilələr nəticəsində də şəxsin qanındakı narkotik vasitə və ya psixotrop maddə bir gün içərisində təmizlənə bilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 3702 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, THC testi kölgəli olduğuna görə Bakl şəhər Narkoloji Dispanserində yoxlanılması məsləhət görülmüşdür. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1/860 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs THC aşkar olunmuşdur. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “HYUNDAİ” minik markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa aparılmışdır. Bakı şəhər Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5506 nömrəli aktından görünür ki, Şəxs heç bir narkotik vasitə və psixotrop maddədən istifadə halı aşkar edilməmişdir. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1/1781 nömrəli aktından görünür ki, Şəxs heç bir narkotik vasitə və psixotrop maddədən istifadə halı aşkar edilməmişdir. “Referans” X1 xx.xx.2025-ci il tarixli xromotoqrafik analiz nəticəsindən görünür ki, Şəxs heç bir narkotik vasitə və psixotrop maddədən istifadə halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1/860 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs THC aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs verdiyi izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə mülkiyətində olan “HYUNDAİ GRANDEUR” minik markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman YPX inspektoru tərəfindən saxlanılmış, YPX-nin inspektoru onun bu yaxınlarda əməliyyat olunduğunu bildikdən sonra əsassız yerə onu narkoloji müayinədən keçməsi üçün müayinəsinə aparmış, müayinədən sonra narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Lakin o həmin aktla razılaşmamış, hadisədən 24 saat keçmədən, lakin növbəti günü atası ilə birlikdə “Respublika Narkoloji” PHŞ-yə, Bakı şəhər Narkoloji Mərkəzinə, həmçinin “Referans” X2 getmiş və hər 3 rəydə həkim müayinəsindən keçdikdə narkotik vasitə istifadə etməsi aşkar edilmədiyi göstərilmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 1/860 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs THC (+) müəyyən edilməsinə baxmayaraq, müayinədən 24 saat keçmədən “Respublika Narkoloji” PHŞ və Bakı şəhər Narkoloji Mərkəzində analiz vermiş, hər hansı narkotik vasitədən istifadə etməsi müəyyən edilməmişdir, eyni zamanda “Referans” X1 xx.xx.2025-ci il tarixli xromotoqrafik analiz nəticəsindən də görünür ki, Şəxs heç bir narkotik vasitə və psixotrop maddədən istifadə halı aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən orqanın sübut kimi istinad etdiyi sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə bağlı ziddiyyətli hallar aşkar edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, barəsində iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, bütün ziddiyyətli hallar onun xeyrinə həll edilməli olduğundan, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar