Məhkəmə qərarları › İş №3(001)-552/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-552/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-552/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş 29.01.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «BMW 318» markalı ** ED *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə 04.09.2021-ci il tarixdə çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək inzibati xətanın törədilməsində özünü təqsirli bildiyini, barəsində tərtib edilmiş 04.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə borcunu ödədiyini qeyd edib ödənişlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışı məhkəməyə təqdim edərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və İXP 04.09.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 04.09.2021-ci il tarixdə idarə etdiyi «BMW 318» yük markalı, ** ED *** dövlət qeydiyyat nömrəli avtomobili ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs barəsində qəbul edilmiş 04.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla təyin olunmuş 40 (qırx) manat cərimə məbləğinin üzərində 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanaraq ümumi cərimə borcu 64 (altmış dörd) manat təşkil etmişdir. 28.02.2022-ci il tarixdə imzalanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs 28 fevral 2022-ci il tarixə ödənilməmiş cərimə borcu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyuluş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, İXM-in 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, Şəxs tərəfindən 04.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529.3-cü maddəsinin Qeydinə əsasən bu məcəllənin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə baxış dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən 40 (qırx) manat cərimə borcunun və üzərinə hesablanmış dəbbə pulunun tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar