Məhkəmə qərarları › İş №3(001)-554/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-554/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-554/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X5 inzibati tənbeh edilməsinə dair Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2241/2020 nömrəli qərarı ilə X8 barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2241/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında material xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1802/2020 nömrəli qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2020-cu il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətinin təmin edilib həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2241/2020 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN №0343479 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarında xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokola istinad edərək hesab etmişdir ki, onun tərəfindən guya əmək haqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. İlk öncə qeyd etmişdir ki, həmin protokolun tərtibindən hazırkı vaxta kimi məlumatlı olmamış və hazırkı vaxta kimi ona bu barədə məlumat verilməmişdir. Qeyd edilən protokolun tərtibi prosesindən ümumiyyətlə məlumatlı olmamışlar. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci "protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir” bəndinin tələbləri pozulmuşdur. Eləcədə İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi ümumiyyətlə həmin protokol tərtib edilərkən onun və direktoru olduğu şirkətin iştirakı təmin edilməmiş və hər hansı formada yalnız qərarı MAİL vasitəsi ilə əldə etdikləri günədək məlumatları olmamış, bununla da İXM-in 100.2, 100.3, 100.4-cü maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilən qərara nəzər yetirdikdə görünür ki, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətində X2 əmək haqqının hesablanmasında qanunun pozuntularına yol verilməsi iddia edilir. İlk öncə qeyd etmişdir ki, adı çəkilən işçi xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla vaxtamuzd əmək haqqı sistemi ilə aylıq məvacibi 400 manat olmaqla işə götürülmüşdür. İşçi tərəfindən Əmək müfəttişliyinə şikayət edilərək, ona guya işlədiyi 2020-ci ilin, aprel, may aylarında əmək müqaviləsindən qeyd edilən saatlardan artıq işlədilib və həmin dövr üçün ödəniş həyata keçirilməyibdir. Çox təəssüflər olsun Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN №0343479 saylı qərarla bu hal yalnız elə şikayətçinin izahatına, saxta imza atdığı etibarnaməyə və şikayətinə əsaslanmaqla şirkətin nümayəndəsinin iştirakını təmin etmədən baxmaqla birtərəfli və qərəzli qərar qəbul edilmişdir. Halbuki, barələrində tərtib edilmiş inzibati tənbeh vermə barədə qərarın özünün əsassızlığına keçməzdən öncə həmin qərarın qəbul edilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur, necə ki, bu hal protokol tərtib edilərkən baş vermişdir. Göründüyü kimi qeyd edilən işə baxarkən həmçinin İXM-nin 57-ci maddəsində göstərilən tələblər ümumiyyətlə pozulmuş, şirkətin iştirakı təmin edilmədən qərəzli və birətəfli qaydada baxılmış, nəticədə hüquqlarının pozulması ilə bağlı qərar qəbul edilmişdir. Bundan əlavə qəbul edilən qərarda həmçinin iddia edilir ki, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta baş vermişdir. İlk növbədə həmin maddənin tələbinə və təfsirinə diqqət yetirilməsi zəruridir. Hazırkı işdə iddia edilir ki, guya işçinin aprel və may ayları üzrə işə çıxdığı günlərlə ona hesablanan əmək haqqı cədvəlləri arasında fərq vardır. Təbii, qeyd edilən maddə özlüyündə işçinin əmək haqlarının hesablanması və ödənilməsi qaydasını müəyyən etməməkdə blanket normadır. Belə ki, işçinin əmək haqqının ödənilməsi və hesablanması qaydası isə Əmək məcəlləsi ilə müəyyən edilir. Müvafiq əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, sonuncu ilə bağlanmış əmək müqaviləsinə əsasən ona əməyin ödənilməsi forması vaxtamuzd formasında həyata keçirilmişdir. Qeyd edilən qanun tələblərinə əsasən hazırkı şikayət əsasında inzibati icraat başlanılan X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının ödənilməsi forması vaxtamuzd sistemi ilə müəyyən edildiyindən sonuncuya həmin sistemə uyğun əmək haqqı hesablanmışdır. Çünki vaxtamuzd sisteminə əsasən vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. Əmək haqqı tarif dərəcəsinin işlənilmiş gün və ya saatların sayına vurulması ilə hesablanır. Vaxtamuzd əmək haqqı formasında əsas ilkin sənəd iş vaxtının uçot tabelidir. Hazırkı iş üzrə bildirilməlidir ki, iş vaxtının uçot tabelindən, habelə sonuncunun işə gəlməsini təsdiq edən işçinin davamiyyət cədvəlindən və işçinin bank hesabından görünür ki, X3 ümumilikdə aprel və may ayları üzrə çıxdığı iş günlərinin sayı hesablanmaqla qanunvericiliyin tələbinə uyğun əmək haqqı hesablanmaqla işçinin əmək haqqı kartı hesabına köçürülmüş və sonuncu tərəfindən alınmışdır. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsi bildirişindən görünür ki, sonuncunun əmək haqqı məbləği 400 manat müəyyən edilmişdir. Hazırkı halda işçi X6 aprel ayı üzrə 16 iş gün işə çıxmış, həmin iş günlərinin faktiki sayına uyğun ümumi iş saatı 128 saat təşkil etmişdir. Sonuncuya işlədiyi iş günlərinin saatına uyğun aylıq əmək haqqı maaşı və əlavə olaraq ödəniş ümumilikdə müvafiq tutulmalar çıxılmaqla 480,21 manat pul sonuncunun əmək kartı hesabına ödənilmişdir. X11 may ayı üzrə 15 gün faktiki işləmiş, həmin iş günlərinin faktiki sayına uyğun ümumi iş saatı 120 saat təşkil etmişdir. Həmin ay üzrə işçiyə əmək haqqı və əlavələrlə birlikdə ümumilikdə müvafiq tutulmalar çıxılmaqla 652,35 manat pul sonuncunun əmək kartı hesabına ödənilmişdir. Lakin işi qanunsuz araşdıran Əmək müfəttişliyi isə ümumiyyətlə Əmək Məcəlləsinin 100cü maddəsinin tələbləri pozmaqla təyinatı başqa bir şey olan etibarnaməyə, işçinin təqdim etdiyi sənədə əsaslanmaqla qanunsuz qərar qəbul etmişdir. Hazırkı halda isə əmək müfəttişliyi tərəfindən qanunvericiliyin qeyd edilən tələbinə zidd olaraq işçi Bayramov Elşənə avtobusu idarə etmək üçün verilmiş etibarnaməyə, yol vərəqinə əsaslanmaqla iş günlərinin faktiki sayını hesablamışdır. Halbuki, həmin etibarnaməyə, yol vərəqinə təyinatı başqa olmaqla işçi Bayramov Elşən tərəfindən gizlədilməklə və saxtlaşdırılmaqla yəni özü tərəfindən işə çıxmadığı günlərin əvəzinə qol çəkməklə faktiki iş günlərinin sayını çoxaltmış və nəticə etibarı ilə əsassız əmək haqqı pozuntusu iddia etmişdir ki, bu halda əmək müfəttişliyi tərəfindən heç bir araşdırılma aparmadan işçinin işə gəlməsini təsdiq edən davamiyyət kitabı və davamiyyət cədvəlini nəzərə almadan qanunsuz qərar qəbul edilmişdir. Ümumiyyətlə işçinin təqdim etdiyi həmin sənəd ümumiyyətlə işinin işə gəlməsini təsdiq edən sənəd kimi çıxış edə bilməz. Etsə belə yenə də işçinin işə gəlməsini təsdiq edən davamiyyət kitabı və davamiyyət cədvəli ilə müqayisə şəkildə araşdırıldıqda müəyyən edilir ki, aprel ayı üzrə əmək müfəttişi tərəfindən nəzərə alınan, işçi tərəfindən saxta imza ilə imzalanan və qanunsuz hesablanan xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində həmin işçi işə gəlməmiş, davamiyyət günlərinə qol çəkməmiş və buna görə də sonuncuya əmək haqqı hesablanmamışdır. Eyni hal may ayı üzrə də baş vermişdir. Belə ki, işçi yenə etibarnaməni saxtalaşdırmaqla təqdim etdiyi may ayı üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində əslində işə gəlməmiş və işə davamiyyət kitabı və cədvəlində həmin günlər işə çıxmadığından ona əmək haqqı hesablanmamışdır. Beləliklə ümumilikdə X3 işlədiyi aprel, may ayları üzrə əmək haqqı artıqlaması ilə işlədiyi günlərdə çox ödənilmişdir. Lakin bundan bixəbər olan əmək müfəttişi heç bir qanuni əsas olmadan və araşdırma aparmadan qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh tətbiq vermə haqqında qəbul edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verib məhkəmədən «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndəni dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 ilə X6 arasında bağlanma tarixi xx.xx.2020-ci il olan, sistemə daxil edilmə tarixi isə xx.xx.2020-ci il olan əmək müqaviləsi bildirişindən görünür ki, X2 əmək müqaviləsi vaxtamuzd olmaqla aylıq əmək haqqı 400 (dörd yüz) manat müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 2020-ci ilin mart, aprel, may ayları üzrə əmək haqqının hesablanması cədvəlindən görünür ki, X3 mart ayı üzrə 127 iş saatına görə 372,00, aprel ayı üzrə 128 iş saatına görə 23 manat mükafatla birlikdə cəmi 480,21, may ayı üzrə 118 iş saatına görə 361 manat mükafatla birlikdə cəmi 652,35 manat əmək haqqı hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan müraciət vərəqəsindən görünür ki, X6 «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mart və aprel aylarında əmək müqaviləsində qeyd edilən saatlardan artıq işlədilib, həmin dövrlər üçün ödəniş həyata keçirilmədiyinə görə şikayət etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin mexaniki E.Məmmədov və avtodəstə rəisi G.Bağırov tərəfindən imzalanmaqla verilmiş aprel və may ayları üzrə yol vərəqələrindən görünür ki, X6 2020-ci ilin 03 aprelindən 30 aprelinə və 04 maydan 31 maya qədər işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə məsuliyyəti işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi halına görə nəzərdə tutmuşdur. İş materiallarından isə müəyyən edilmişdir ki, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 ilə X6 arasında vaxtamuzd olmaqla əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqı 400 (dörd yüz) manat olaraq müəyyən olunmuş, lakin X3 2020-ci ilin mart, aprel, may ayları üzrə əmək haqqının hesablanması zamanı mart ayı üzrə 127 iş saatına görə 372,00, aprel ayı üzrə 128 iş saatına görə 23 manat mükafatla birlikdə cəmi 480,21, may ayı üzrə 118 iş saatına görə 361 manat mükafatla birlikdə cəmi 652,35 manat əmək haqqı hesablanmışdır. Bununla da, müəyyən olunur ki, X6 «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mart və aprel aylarında əmək müqaviləsində qeyd edilən saatlardan artıq işlədilmiş və ona əmək müqaviləsində göstərilən qayda ilə ödəniş edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X5 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Menloqq» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X5 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar