Məhkəmə qərarları › İş №3(001)-558/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-558/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-558/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/035864 saylı, xx.xx.2024-cü il tarixli raportda Özbəkistan Respublikasından Şəxs MMC-nin ünvanına 5290MRE/3098TMR nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, 123 saylı xx.xx.2024-cü il tarixli invoysla **********8041 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsinin 2-ci mal mövqeyində üzüm qurusu(sarı 1-ci sort) 6 kiloqramlıq 511 qutu 3066 kiloqram bəyan olunsa da, yoxlama zamanı 6 kiloqramlıq 22 qutu olmaqla 132 kiloqram yükün bəyan olunmadığı aşkar olunmuşdur. Ona görə də, Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, aralarında bağlanmış müqavilə üzrə Özbəkistan Respublikasından 511 qutu üzüm qurusu sifariş olunmuşdur. Özbəkistan Respublikasının gömrük bəyannaməsində və invoysda 511 qutu üzüm qurusu göndərildiyi qeyd olunmuşdur. Şəxs MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi də məhz sözügedən hesab faktura (invoys), Özbəkistan Respublikasının gömrük bəyannaməsi, mənşə sertifikatı və digər sənədlər əsasında tərtib olunmuşdur. Lakin, Azərbaycan Respublikası ərazisində gömrük yoxlaması zamanı gömrük bəyannaməsi üzrə daxil olmuş malları daşıyan avtonəqliyyat vasitəsində 22 qutu artıq üzüm qurusu olduğu aşkar edilmişdir. Lakin bundan xəbərləri olmamışdır. Artıq mal barədə məlumatı əldə etdikdən sonra qarşı tərəflə əlaqə saxlanılmış, baş vermiş vəziyyətlə bağlı araşdırma aparılması tələb olunmuşdur. Məlum olmuşdur ki, “X3” şirkəti tərəfindən mallar avtonəqliyyat vasitəsinə yüklənərkən fəhlələr tərəfindən qutuların sayında səhvə yol verilmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs MMC tərəfindən artıq mallardan dövlətin xeyrinə imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, MMC-nin baş vermiş inzibati xətada təqsirinin olmadığını nəzərə alıb, inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “X3” şirkəti ilə Şəxs MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, daşıma xərcləri İNCOTERMS 2000 qaydalarına görə daşıma xərcləri “X3” tərəfindən müəyyən edilmiş və həmin şirkət tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 123 nömrəli invoys və qablaşdırma siyahısından görünür ki, “X3” şirkəti tərəfindən 511 qutu olmaqla, ümumilikdə 3066 kg üzüm qurusu (sarı 1-ci sort) göndərilmişdir. xx.xx.2024-cü il tarixli mənşə sertifikatından görünür ki, “X3” şirkəti tərəfindən göndərilən üzüm qurusu (sarı 1-ci sort) ümumi çəkisi 3066 kg olaraq hesablanmışdır. xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, “X3” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən malların siyahısında 511 qutu olmaqla, ümumilikdə 3066 kg qurudulmuş üzüm(sarı 1-ci sort) olduğu qeyd olunmuşdur. “X3” şirkəti tərəfindən Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, 123 saylı xx.xx.2024-cü il tarixli invoysla **********8041 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər avtonəqliyyat vasitəsinə yüklənən zaman fəhlələr tərəfindən sayım zamanı yanlışlığa yol verilmiş və 22 qutu 6 kiloqramlıq üzüm qurusu artıq (132 kiloqram artıq) yüklənmişdir. Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, **********8041 nömrəli gömrük bəyannaməsi üzrə yoxlama zamanı aşkar olunmuş 22 qutu(6 kiloqramlıq olmaqla 132 kiloqram) 1-ci sort üzüm qurusundan(sarı kişmişdən) dövlət xeyrinə imtina olunmuşdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs ilə “X3” şirkəti arasında xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə əsasında Şəxs MMC-nin ünvanına Özbəkistan Respublikası ərazisindən “X3” şirkəti tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli invoys, qablaşdırma siyahısı, mənşə sertifikatı və digər sənədlər əsasında 511 qutu hər birində 6 kg olmaqla ümumilikdə 3066 kiloqram qurudulmuş üzüm (sarı 1-ci sort) göndərilmişdir. “X3” şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əlavədən görünür ki, şirkət tərəfindən 511 qutu qurudulmuş üzüm (sarı 1-ci sort) göndərilmiş və Şəxs MMC tərəfindən gömrük bəyannaməsi “X3” şirkəti tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi əsasında tərtib olunmuşdur. Lakin, “X3” şirkəti tərəfindən Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan aydın olur ki, malların avtonəqliyyat vasitəsinə yüklənməsi zamanı qutuların sayılması zamanı yanlışlığa yol verilmiş və 22 qutu artıq yüklənmişdir. Şəxs MMC isə bu haldan xəbərdar olmamış və gömrük yoxlaması zamanı bu fakt aşkar olunuqda artıq mallardan dövlətin xeyrinə imtina etmişdir. Göründüyü kimi, baş vermiş inzibati xəta Şəxs təqsiri üzündən baş verməmiş, baş vermiş inzibati xətanın nəticələrinin aradan qaldırılması istiqamətində Şəxs MMC tərəfindən bütün zəruri hərəkətlər yerinə yetirilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 482.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 482.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar