Məhkəmə qərarları › İş №3(001)-5590/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5590/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5590/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyən, ünvan 1 ünvanında ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07 radələrində idarə etdiyi avtomobillə Binəqədi rayonu, Binəqədi şossesində hərəkətdə olarkən BDYPİ-nin YPX inspektoru tərəfindən saxlanılmışdır. Şəxs idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı standartlara uyğun olmadığına görə YPX inspektoru sənədlərini istəmişdir. Həmin vaxt Şəxs sənədlərini verməkdən imtina edərək səs-küy salmağa başlamışdır. YPX inspektoru Şəxs sərxoş olmasını ehtimal edib alkotester müayinəsindən keçməsini dedikdə sonuncu mobil telefonu çıxararaq çəkiliş etməyə başlamış, YPX inspektorunun qanuni tələblərini yerinə yetirməyərək məsuliyyətdən qaçmağa çalışmışdır. Bununla bağlı Şəxs 6-cı polis bölməsinə gətirilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən Şəxs izahatı alınarkən sonuncu YPX inspektoruna tabesizlik göstərmədiyini bildirmişdir. Onun tərəfindən raport yazmış YPX inspektorunun izahatı alınmamışdır. O, YPX inspektorunun raportu əsasında Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində Xırdalan şəhəri istiqamətində hərəkət edərkən YPX inspektoru ona saxla işarəsi verdiyi üçün o, avtomobili saxlamışdır. YPX inspektoru ona yaxınlaşıb, özünü təqdim etmiş, sənədlərini istəmişdir. O, sənədlərinin üzərində olmadığını bildirib, bort-kompüterdə yoxlanılmasını xahiş etmişdir. YPX inspektoru ona avtomobilin dövlət-qeydiyyat nişanının standartlara uyğun olmadığını bildirib, cərimə yazılacağını demişdir. O, YPX inspektoruna etiraz edərək dövlət qeydiyyat nişanının qaydasında olduğunu dedikdə sonuncu ona içkili olduğunu, bununla bağlı müayinədən keçməli olduğunu bildirmişdir. O, YPX inspektoruna içki içmədiyini, gecə avtomobil idarə etdiyinə görə gözlərinin qızardığını desə də, YPX inspektoru avtomobilin cərimə meydançasına yerləşdirilməli olduğunu bilirmişdir. O, etiraz etməyərək özü avtomobilini cərimə meydançasına aparmışdır. Bundan sonra onu Sumqayıt şəhərində yerləşən müayinə məntəqəsinə aparmışlar və tibbi müayinədən keçməli olduğunu demişlər. O, isə heç bir əsas olmadığı üçün tibbi müayinədən keçməyəcəyini bildirmişdir. Buna görə də onu polis bölməsinə aparmışlar və barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, YPX inspektoruna tabesizlik göstərməmiş, səs-küy salmamış, məsuliyyətdən qaçmağa cəhd göstərməmişdir. O, hərbçi kimi “Aprel” döyüşlərinin, Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Bu səbəbdən ola bilər ki, yüksək səslə danışmışdır, lakin məqsədi tabesizlik göstərmək olmamışdır. O, mobil telefonla YPX inspektorunu çəkməmişdir, əsassız yerə cərimə yazılacağı halda şikayət etmək üçün saxlanılmasını qeydə almışdır. Lakin polis bölməsində həmin görüntüləri silmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs YPX inspektoru ilə mübahisə edib, qanuni tələblərinə tabe olmadığına görə polis bölməsinə gətirilmiş və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 018917 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr.2024-cü il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində YPX inspektoru ilə mübahisə edərək, qanuni tələblərinə tabe olmamış və İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın YPXBİ-nin inspektoru, polis baş leytenantı X3 RPİ-nin 6-cı PBnin rəisinə müraciət edərək, Şəxs qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdiyini bildirmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə YPX inspektoru tərəfindən icra edilmiş ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Qasımov X2 RPİ-nin 6-cı polis bölməsində izahat verərkən YPX inspektorunun qanuni tələblərinə tabesizlik göstərmədiyini bildirsə də, raportla müraciət etmiş YPX inspektorunun izahatı alınmamış, ziddiyyətli məqamlara aydınlıq gətirilməmiş, hadisənin şahidləri müəyyən edilməmiş, YPX inspektorunun və xidməti avtomobilin üzərində olan video qeydiyyat cihazının görüntüləri əldə edilərək baxış keçirilməmiş, yalnız raport əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar