Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5600/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Şikayət vermiş şəxs X3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 və X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2”a” maddələrinə əsasən ərizələrinə uyğun olaraq əmək müqavilələrinə xitam verilməsi barədə hüquqi şəxsin rəhbəri kimi tərəfindən əmr verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində onun iştirakı olmadan baxılaraq müəyyən edilmişdir ki, o, "xxxx" MMC təsisçisi kimi işçiləri könüllü ərizələri əsasında əmək müqavilələri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmişlər. Əmək müqavilələri xitam verilməsi barədə əmrlər və bildirişlər də elektron sistemə bütün məlumatlar daxil edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi araşdırma apardığı zaman onun iştirakını təmin etmədən, izahatını almadan AR İXM-nin 192.1-ci maddələrinə əsasən barəsində həm vəzifəli şəxs, həm də hüquqi şəxs kimi iki dəfə eyni maddə ilə təkrar iki dəfə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati qərar qəbul edilmişdir. Barəsində aparılmış yoxlama zamanı o, vəzifəli şəxs kimi işçilərlə əmək müqaviləsi əmək qanunvericiliyin tələblərinə uyğun işçilərin könüllü razılığı əsasasında xitam verilmiş, bütün lazımi sənədlər X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilsə də. sənədlər tərəfindən qəbul edilməmiş, elektron sistemdə bütün sənədlərin əldə olunmasını bəhanə etməklə barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. Barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törədilməməsi, əməlimdə inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələrim nəzərə alınmadan qərar qəbul edilmişdir. Bundan başqa işçilərin əmək müqavilələri xitam verilməsi barədə məlumatlar əmək müqaviləsinin xitamı barədə əmr, əmək müqaviləsinin xitamı barədə bildirşlər də elektron portal sistemə yerləşdirilməsi nəzərə alınmamışdır. İcazə portalın silinməməsi barədə məni həm hüquqi şəxs, həm də vəzifəli şəxs kimi iki dəfə eyni maddə ilə inzibati məsuliyyətə cəlb edilməyim qanuna zidd və əsassızdır. Onun icazə portalının silinməsi barədə qeydin sistemə yerləşdirmək səlahiyyəti belə yoxdur. Onun işçi ilə olan əmək müqavilələrinə əmək qanunvericiliyin tələblərinə əməl edilməklə xitam verməyi onun vəzifəli şəxs kimi təqsirinin hansı meyarlarla ölçülərək barəsində protokol və qərar tərtib edilməsi ona məlum deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a” maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsinin tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Qanun tələbindən aydın olur ki, işçilərin könüllü ərizələri əsasında əmək müqavilələri xitam verilmiş, haq-hesab sənədləri zamanında təqdim olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd etdiyi normalardan aydın olur ki, onun kostitusion hüquqları pozulmuşdur. Əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə təqsirinin müəyyən edilməməsi, X7 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında qərar qanunvericiliyin tələblərinə uyğun deyildir.Əməlində inzibati xəta tərkib əlamətləri olmadığından vəzifəli şəxs kimi barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi əmək qanunvericliyin pozulması olan İnzibati Xəta haqqında iş üzrə MN ******* saylı, 27 avqust 2024-cü il tarixli Qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməyi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Heç kim inzibati xəta hesab edilməyən əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X5 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərar əsassızdır və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Göründüyü kimi X5 tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5600/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5600/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver