Məhkəmə qərarları › İş №3(001)-5611/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5611/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5611/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5, zərərçəkmiş şəxslər X6 və X10, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X16 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısıda X6 ilə aralarında şəxsi münasibətlər zəmində baş vermiş mübahisə zamanı əli ilə onu vuraraq döymüşdür. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X11 bildirmişdir ki, 02 may 2025-ci il tarixdə saat 15:30 radələrində Şəxs zərərçəkmiş şəxs Ziyafət Mahmudovanı itələmişdir. Həmçinin, İsmət Piriyevi isə əlində olan taxta parçası ilə vurmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onlar qonşudur, səhər-axşam bir-biriləri ilə rastlaşırlar. Hadisə barəsində qeyd etməlidir ki, o, heyvanları otladan zaman heyvanları qaçmış, çalışsa da heyvanlarını qarşısını ala bilməmişdir. Bu vaxtı Ziyafət xanım da qıraqdan baxırdı, o da əsəbləşərək bildirmişdir ki, “nə olub, nəyə baxırsan?” Bu zaman İsmət gəlmiş, nə baş verdiyini soruşmuş, lazım olduğu halda kömək edə biləcəyini söyləmiş, o, bütün əsəbini İsmətə tökmüş, lakin, heç kimi vurmamış, Ziyafət xanımı isə itələməmişdir. Əlində də taxta olmamışdır. Sadəcə bir çubuq olmuş, taxta isə İsmətin əlində olmuşdur. Baş verən hadisədən peşmanlıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, şəxs gəlib onun yoldaşına demişdir ki, guya o həmin şəxsə baxmışdır. O, niyə kiməsə baxsın, heç kimə baxmamışdır. Həm də onlar qapı qonşudurlar. Şəxs onu yaxınlaşıb itələmişdir. Bütün bunlara baxmayaraq, şəxsin inzibati tənbeh edilməsini istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 bildirmişdir ki, onlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidirlər. O, həyat yoldaşını 2 aydır müalicə elətdirir. Yoldaşı yıxılandan sonra başında ağrılar yaranmışdır. Həmçinin bu qədər vaxt keçsə də, heç bir dəfə belə olsa, gəlib üzr istəməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 və X10 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarının surətinin ərazinin sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 canlı şəxsin ekspertizası barədə xx.xx.2025-ci il tarixli, 28/634 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar olunmuş xəsarət – sol said nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X3 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl barmağının dırnağ və s.”) təsirindən əmələ gələ bilərdi. X3 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 canlı şəxsin ekspertizası barədə xx.xx.2025-ci il tarixli, 29/635 nömrəli rəyindən görünür ki, X10 bədən səthində aşkar olunmuş xəsarət sol üst göz qapağının qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X10 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni taxta parçası ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi. X10 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat təxminən 15:30 radələrində Cavid adlı şəxsin onu əli ilə itələdiyi üçün arxası üstə yerə yıxıldığını, nəticədə huşu getdiyini bildirmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə X2 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək Cavidə nə üçün arvadını itələdiyini deyəndə sonuncunun əlində olan taxta parçası ilə onu vurmasını bildirmişdir. Göstərilən ərizələr əsasında Binəqədi RPİ-nin 40-cı polis bölməsində həmin bölmənin təhqiqatçısı Hüseyn Quluzadə tərəfindən təhqiqat araşdırması aparılmış və cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasıdnda inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəflərin izahatlarına və iş materiallarına əsasən təsdiqini tapmışdır ki, xx.xx.2025ci il tarixdə saat təxmin 15:30 radələrində Şəxs X6 ilə mübahisə edən zaman sonuncunu itələmiş, X3 həyat yoldaşı X15 həyat yoldaşını nə üçün itələdiyini Şəxs soruşan zaman sonuncu əlində olan taxta parşası ilə onu vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, X3 və X10 xəsarətlərinin dərəcəsi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmamışdır. Buna görə də, qeyd olunan xəsarətlərin yetirilməsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xəta tərkibi yaradır. Odur ki, Şəxs əməlinin düzgün hüquqi tövsifi düzgün olmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxslərin izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 canlı şəxsin ekspertizası barədə rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs X4 itələmədiyini, X12 isə taxta ilə vurmadığını bildirsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Belə ki, məhkəmə Şəxs verdiyi izahatı özünümüdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yalnız zərərçəkmiş şəxsləri nəsə etmədiyini bildirsə də, müvafiq ekspert rəylərində X3 bədən səthində sol said nahiyəsinin sıyrığı, X10 bədən səthində isə sol üst göz qapağının qançırı xəsarətləri aşkar edilmiş və hər iki xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsinin mümkün olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslərin izahatlarında bildirdiyi halların ekspert rəyində göstərilmiş xəsarətlərlə uyğunluq təşkil etməsi Şəxs yalan izahat verərək məsuliyyətdən boyun qaçırmağa çalışmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 53, 61, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan İş № 3(001)-5611/2025 05 avqust 2025-ci il Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru cənab Şahin Osmanova Şəxs Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi ev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 3(001)- 5611/2025 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti mətn üzrə. hörmətlə, Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar