Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5618/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin baş məsləhətçisi X9 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru olaraq fəaliyyət göstərir, 26 avqust 2024-cü il tarixində mobil telefonuna SMS göndərilərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən 3.000 (üç min) manat cərimə edildiyi bildirilmişdir. Bununla bağlı tərəfindən dərhal AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət olunmuş, cərimə olunması ilə bağlı qərarın rəsmi qaydada ona təqdim edilmədiyi bildirilmişdir. Bundan sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən 09 sentyabr 2024-cü il tarixli 3-175/2-M-61446 2024 saylı məktubla ona cavab verilərək AR Daxili İşlər Nazirliyi tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə daxil olmuş məlumatlara əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə 26 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi və həmin qərarın qanuni qüvvəyə mindiyi qeyd olunmuşdur. Həmçinin həmin məktubda Xidmət tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh verinə haqqında qərarı AR İXM-nin 150.5-ci və 150.6-cı maddələrinin tələblərinin icra edilməsi məqsədilə ona göndərildiyi bildirilmişdir. Qeyd edilən qərarın surəti və cavab məktubu onun qeydiyyatda olduğu ünvana 17 sentyabr 2024-cü il tarixində çatdırılmışdır, (məktub zərfinin surəti və göndəriş qəbzinin surəti əlavə olunur) Qərarla tanış olarkən müəyyən edilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 26 iyul 2024-cü il tarixli qərarı ilə X10 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi inzibati orqanın qərarı onun ünvanına rəsmi şəkildə 17 sentyabr 2024-cü il tarixində göndərildiyi üçün həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Hesab edir ki, inzibati orqanın vəzifəli şəxs olaraq X3 cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən direktoru olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 12 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və məhkəmə iclasında Xidmətin nümayəndəsi tərəfindən bildirilmişdir ki, X8 Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X15 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Həmin siyahıda əmək müqaviləsi bağlanmamış şəxslər qeyd edilmişdir. Belə ki, bəzi şəxslər barəsində işçi kimi şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iki nəfər şəxs - X11 və X14 ilə əmək müqaviləsi bağlanmadan işlərə cəlb olunmuşlar. X14 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X11 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək portalda icazə alınmışdır. Lakin həmin şəxslərin əmək müqaviləsi elektron sistemdə aşkar edilməmişdir. Həmin şəxslər əmək müqaviləsi olmadan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər. Bununla əlaqədar olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Binəqədi rayon məhkəməsində aparılan araşdırma zamanı və təqdim edilən sübutlarla müəyyən edilmişdir ki, X11 xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X14 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X11 ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "icaze.e-gov.az" portalı vasitəsilə icazə alınmışdır. X11 və X14 ilə bağlanmış əmək müqavilələrinə xitam verilsə də, həmin şəxslərin adları portalda qaldığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən əsassız qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 3(001)- 4432/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən "HN CONSTRUCTİON“ Qapalı Səhmdar əmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "HN CONSTRUCTİON“ Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1898/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin "xxxx" QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam v e r i l m ə s i n ə dair 05 avqust 2024-cü il tarixli, 3 (001)-4432/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, vəzifəli şəxs qismində X3 direktoru olduğu "HN CONSTRUCTİON“ QSC barəsində inzibati xəta haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmadığı və inzibati xətanın tərkib əlamatləri olmamasından xitam verildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı qərar Binəqədi rayon məhkəməsi tərəfindən ləğv edilməli, inzibati xətanın tərkib əlamətləri olmadığı üçün inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin baş məsləhətçisi X17 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə iclasının sözügedən şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4432/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" QSC-nin əməlindı İXM-192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1898/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4432/2024 saylı qərarından X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 3000(üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş olan şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq verilmiş şikayətin təmin edilməsi, şikayətçi barəsində qəbul edilmiş 26 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, X3 direktoru olduğu "xxxx" QSC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair X5 Bakı şəhər İdarəsi tərəfindən 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Həmin protoko Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan tərtib edildiyindən, "xxxx" QSC-nin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarına gəlmişdir. Həmin qərardan inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1898/2024 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Göründüyü kimi, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, vəzifəli şəxs barəsində isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və sözügedən qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olduğu halda hüquqi şəxs "xxxx" QSC-nin əməlində eyni inzibati xətaya dair İXM-nin 192.1-ci maddəsinin tərkib əlaməti olmadığından, müvafiq olaraq onun vəzifəli şəxsinin də əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən həmiçinin "xxxx" QSC-nin direktoru, hazırkı iş üzrə şikayətçi X10 barəsində 26 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X10 İXM-nin 192.1-ci maddəsi ilə təqsili bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərarda da vətəndaşlar X7 xx.xx.2024cü il tarixdən, X4 xx.xx.2024-cü il tarixdən hazırki dövrə qədər AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi, bununla da onun tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Lakin, məhkəmə iclasında "xxxx" QSC-nin direktoru X3 yuxarıda adları çəkilən şəxslərin işlərin görülməsinə,xidmətlərin göstərilməsinə cəlb edilməsinin sübuta yetirilməmiş və adı çəkilən şəxslərin əmək müqaviləsi imzalamadan əməyə cəlb edilməsinin təsdiq edən sübutların inzibati orqan tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 33-cü maddələrinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavvilə əmək müqaviləsi adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə görə; İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, X3 barəsində qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5618/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5618/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver