Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-562/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla ona aid Kia Cerato markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə guya Yol Hərəkəti haqqında 1.1 nişanının tələbini pozmuşdur. Ona Bakı Şəhər X5 İdarəsinin əməkdaşı zəng vuraraq, idarəyə dəvət etmişdir. O da cavabında xahiş etmişdir ki, İXM-in 121-ci maddəsi ilə rəsmi qaydada dəvət etsinlər. Getmədiyi üçün 40 gün sonra İXM-in 327.4-cü maddəsi ilə elektron qərar vurulmuşdur. İnzibati qərardan rəsmi şikayət etdikdən sonra Bakı Şəhər X5 İdarəsinə şəxsən yaxınlaşaraq qərara etirazını bildirmişdir. Elektron qərar xx.xx.2024-cü ildə ona təqdim edilmiş və şikayəti olduğu halda məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra, qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş məhkəmənin qərarı ilə Bakı Şəhər X5 İdarəsinin xx.xx.2024cü il TP ******* saylı qərarı ləğv edilərək, yenidən araşdırma aprılması üçün inzibati orqana göndərilmişdir. Bakı şəhər X4 İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2024cü il tarixində İnzibati tənbeh vermə haqqında Qərar çıxarılmış, inzibati xətanı törətdiyinə görə, barəsində yenidən 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. İnzibati orqan tərəfindən araşdırma aparılan zaman inzibati xətanın törədilməsinə dair hər hansı video və ya fotoçəkilişin olması ilə bağlı sübut təqdim edilməmiş, dəfələrlə bununla bağlı təkid etsə də nəticəsiz qalmışdır. Yəni inzibati xətanı törətməsi ilə bağlı inzibati orqanda hər hansı sübut göstərilməmişdir. Həmçinin məhkəmə qərarında yenidən araşdırmanın aparılması göstərilsə də, inzibati orqan tərəfindən onun iştirakı ilə araşdırma aparılmamış və sübutları olmadan haqsız cərimə qərarı qəbul etmişlər. Ona görə də məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4913/2024 nömrəli qərarından görünür ki, X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilmişdir.
5. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, inzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halının müəyyən edilməməsi, inzibati xəta hadisəsinin tam sübuta yetirilməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
7. Göründüyü kimi, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar sonuncu tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4913/2024 nömrəli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməsi qərara alınmış olmasına baxmayaraq, iş üzrə heç bir yeni araşdırma aparılmadan şəxsin hüquqlarının pozulması ilə müşayiət edilən qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4913/2024 nömrəli qərarında səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərarın qəbul edilməsi, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması göstərilmişdir.
8. Buna baxmayaraq, həmin araşdırılmalı olan hissə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarda heç bir sübuta istinad edilməmiş, araşdırılma zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs dəvət edilməmiş, ona məlumat verilmədən sonuncu yenidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir.
9. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
11. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətalar hadisəsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə bu barədə elektron qərar qəbul edilir və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilir və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada elektron qərar şəxsə ünvanlanır. X1 təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə baxmayaraq, bununla bağlı şəxsə heç bir sübut təqdim olunmamış və məhkəmənin qərarında göstərdiyi göstərişlər icra olunmamaqla yekun qərar qəbul edilmişdir.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarda inzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halının müəyyən edilməməsi, inzibati xəta hadisəsinin tam sübuta yetirilməsi göstərilsə də, iş üzrə aparılmış yeni araşdırmanın nədən ibarət olması, məhkəmənin qərarında göstərdiyi hansı xüsusatları araşdırmaları və şəxsin məhz hansı hərəkətlərinin inzibati xətadan ibraət olması ilə bağlı heç bir sübuta əsaslanmadan X2 barəsində yenidən səthi araşdırma aparılmaqla onun hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qərar qəbul edilmişdir.
13. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
14. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
19. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
21. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
22. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova