Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5623/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1998-ci il tarixdə Beyləqan rayonu, Bahar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahatında bildirmişdir ki, 05 avqust 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə axtarışda olduğu üçün 43-cü polis bölməsinin əməliyyat müvəkilləri tərəfindən yeri müəyyən edilmiş və Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində küçədə saxlanılmışdır. Həmin vaxtı şəxs polis əməkdaşlarına müqavimət göstərmiş, onlarla mübahisə etmiş və qaçmağa cəhd göstərmişdir. Hadisə yerində polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, səs-küy səs almış və onların qanuni tələblərinə əməl etməmişdir. Polis əməkdaşları ilə bölməyə gəlməkdən imtina edərək müqavimət göstərmişdir. Bundan ötrü Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özü Qarabağ zonasında işləyir, Bakıda iş tapa bilmədiyimdən ora getmişdi. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməyi yoldaşım ilə bağlı mübahisədən olmuşdur. Aralarında söz-söhbətlər olmuş, o, Bakıya gəlmiş və axtarışda olduğundan xəbərim olmamışdır. Ona zəng etmişdilər ki, gəlib izahat verməlidir. O da bildirmişdir ki, maaşını alıb gələcəkdir. Elə olmuşdur ki, maaşını 1 ay gecikdirmişlər, maaşını aldıqdan sonra Bakı şəhərinə gəlmiş, bir həftədən sonra ona zəng edən əməkdaşa zəng edib gəlməyinə ehtiyac olub-olmadığını soruşmuş, həmin əməkdaş ona xəbər edəndə gələr deyə cavab vermişdir. Bakıya gəldikdən sonra da burada iş tapmışdır. O, yoldaşı ilə birlikdə qalmır, ayrı-ayrı yaşıyırlar. O, işdən çıxıb, evə gedəndə bir avtomobil yaxınlaşmış və içərisindən bir neçə nəfər düşərək onu saxlamışlar. Ona axtarışda olmağı bildirilmiş, o isə sabah uşağını xəstəxanaya aparmalı olduğunu, uşağı xəstəxanaya apardıqdan sonra özünün gələcəyini bildirmişdir. Polislər ona təzyiq etmişlər və o da təhqiramiz ifadələr işlətmişdir, polisdən qaçmamışdır, onu təhqir etmişlər və cavab olaraq o da polisləri təhqir etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X2 bildirmişdir ki, Şəxs barəsində 43-cü polis bölməsində araşdırılan materialla bağlı sonuncu təhqiqatçı tərəfindən polis bölməsinə dəfələrlə çağırmasına baxmayaraq, bölməyə gəlməkdən imtina etmiş və yayınmışdır. Bununla bağlı axtarış işi açılmış və onun icraatına verilmişdir. Bundan sonra Şəxs zəng edib dəfələrlə bölməyə dəvət etsə də, Şəxs gəlməkdən imtina etmişdir. Şəxs həyat yoldaşı ilə daima mübahisəsi olmuş və yoldaşını döyüb barmaqlarını da sındırmışdır. 05 avqust 2025-ci il tarixdə, təxminən gecə saat 01:00 radələrində Şəxs olduğu yer barəsində məlumat almış və həmin tarix və vaxtda Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə getmişlər. Bir qədər getdikləri ünvanda gözləmiş, Şəxs gələn zaman sonuncuya yaxınlaşmışlar. Yaxınlaşdıqları zaman Şəxs qaçmağa cəhd göstərmiş və gecə olduğu üçün qaçanda ayağı ilişərək yıxılmışdır. Onlar Şəxs saxlamışlar, lakin həmin zaman onlara həddindən artıq çox müqavimət göstərmişdir. Avtomobilə əyləşdirdikləri zaman yolda onların ünvanına təhqiramiz ifadələr işlətmişdir. Nə qədər çalışsalar da, Şəxs sakitləşdirə bilməmişlər. Hətta yolda “Hər hansı fahişəyə görə məni niyə saxlamısınız”- məzmununda ifadələr işlətmişdir. Ona dediyi şəxsin yoldaşı olduğunu, bu cür ifadənin səhv olduğunu bildirmişlər, bundan sonra onların da ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs fiziki güc tətbiq etməmişlər, əməliyyat o və Rüfət Əliyev iştirak etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X5 bildirmişdir ki, 05 avqust 2025-ci il tarixdə gecə radələrində Şəxs olduğu yer məlum olduqdan sonra digər polis əməkdaşı Fədai Maxsudov ilə birlikdə həmin yerə getmişlər və Şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində küçədə hərəkətdə olarkən sonuncuya yaxınlaşmışlar. Lakin həmin zaman Şəxs onları gördükdən sonra qaçmağa cəhd göstərmiş, qaçan zaman isə ayağı ilişib yıxılmışdır. Bundan sonra Şəxs saxlamışlar, həmin vaxt Şəxs səs-küy edərək müqavimət göstərmiş və təhqiramiz ifadələr işlətməyə başlamışdır. Bölməyə gətirdikdən sonra bölmədə üzərilərinə lezva da atmışdır. Şəxs heç kim təzyiq etməmiş, bunun tam əksi Şəxs özü ciddi müqavimət göstərmişdir. Şəxs nə qədər çalışsalar da, sakitləşdirə bilməmişlər, sonuncu qanuni tələblərə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 05 avqust 2025-ci il tarixdə gecə 01:00 radələrində Şəxs axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə dəvət edildiyi zaman polisin qanuni tələbinə tabe olmayaraq qaçmağa cəhd etmiş, həmçinin ayağı ilişərək yıxıldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra isə nalayiq ifadələr işlətməyə başlamış, qeyd olunan hərəkətləri dayandırmağı barədə tələblərə isə məhəl qoymamışdır. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Qeyd edilməlidir ki, Şəxs 05 avqust 2025-ci il tarixdə gecə 01:00 radələrində barəsində olan axtarış işi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən bölməyə dəvət edildiyi zaman polis əməkdaşlarının ünvanına küçədə nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması: Onun nalayiq ifadələr işlətməsi birgəyaşayış qaydalarına ziddir.
2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində axtarış işi olduğu üçün onun polis əməkdaşları tərəfindən bölməyə dəvət edilməsi qanuni olmuş, lakin həmin zaman Şəxs qaçmağa cəhd etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Bununla yanaşı Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, qeyd olunan hərəkətlərini dayandırması, o cümlədən nalayiq ifadələr işlətməməsi tələb edilmişdir. Göründüyü kimii ona ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb də qanuni olmuşdur. Şəxs həmin tələbə də əməl etməyib hərəkətlərini davam etdirmişdir. Göründüyü kimi Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis işçisiləri vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında tabesizlik və xırda xuliqanlıq hərəkətləri etmədiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs 06 avqust 2025-ci il tarixdən, saat 17:10-da inzibati qaydada tutulmuş, məhkəmə iclasınadək azad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 06 avqust 2025-ci il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Məmmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən, saat 17:10-dan hesablanmalıdır.TT
Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov