Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5629/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2000-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol polisi X7 Xidmətinin əməkdaşlarının raportu ilə Şəxs bölməyə təmin olmuşdur. X10 Xidmətinin əməkdaşları Arif Qurbanov və Qasım Əliyev tərəfindən tərtib olunmuş və raportda Şəxs tabesizlik etdiyi göstərilmişdir. Şəxs etibarnamə olmadan avtomobil idarə etdiyi üçün saxlanılmış və avtomobilin duracağa təmin olunması bildirilmiş, lakin Şəxs avtomobili duracağa təmin etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, avtomobil duracağa təmin edildikdən sonra etibarnamə əldə etmiş, sadəcə həmin hadisə vaxtı xırda anlaşılmazlıq baş vermişdir. Özü də etdiyi əməldən peşmandır, hərəkətdə olduğu vaxt polis əməkdaşları ona saxla işarəsi vermişlər və o da avtomobilini saxlamışdır. Ondan avtomobilin idarə olunması üçün etibarnaməsi olub-olmamasını soruşmuşlar, o isə avtomobilin yoldaşına məxsus olmasını bildirmişdir. Polis əməkdaşları ona etibarnamə olmalı olduğunu bildirmişlər, o isə yerindəcə etibarnamə ala biləcəyini bildirmiş, lakin ona yenə də avtomobilin duracağa təmin olunmalı olduğu söylənilmişdir. Bununla bağlı aralarında kiçik mübahisə yaranmış və daha sonra avtomobil duracağa təmin olunmuşdur. Etibarnaməni isə avtomobil duracağa təmin olunduqdan sonra əldə etmişdir, hal-hazırda etibarnaməsi vardır. Hadisə 07 avqust 2025-ci il tarixdə təxminən axşam 22 radələrində olmuş, hadisə vaxtı yanında dostum olmuş, dostu hadisədən sonra çıxıb getmişdir. Səhv etdiyini qəbul edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə axşam radələrində xidmətdə olarkən ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş və sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini yoxlamışdır. Sənədləri yoxlayan zaman avtomobili idarə etmək ilə bağlı heç bir sənəd olmadığını müəyyən etmişdir. Sürücü avtomobilin yoldaşının olduğunu, lakin yoldaşının avtomobildə olmadığını, həmçinin avtomobilə dair ona mülki etibarnamə verilmədiyini bildirmişdir. Bundan sonra qanunun tələbləri və avtomobilin duracağa təmin olunması zərurəti Şəxs izah olunmuş, yerində də dərhal protokol tərtib olunmuşdur. Şəxs isə razılaşmayaraq etiraz etmiş və “nəqliyyat vasitəsi heç yerə getməyəcək” deyə ifadə işlətmişdir. Nə qədər çalışsalar da, sonuncu qanunsuz hərəkətlərini dayandırmamış, nəticədə X6 naryad çağırmağa məcbur olmuşlar. Aralarında olan mübahisə təxminən 40- 50 dəqiqə çəkmişdir. Hətta Şəxs nikah şəhadətnaməsini belə göstərə bilməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X3 bildirmişdir ki, 07 avqust 2025ci il tarixdə saat təxminən 20:40 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində xidmətdə olarkən ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmişdir. Daha sonra avtomobilin idarə edən şəxsin sənədləri yoxlanılan zaman, avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Bundan sonra avtomobilin duracağa təmin edilməli olduğunu bildirmişlər, lakin, Şəxs mübahisə edərək avtomobili duracağa təmin etməkdən imtina etmişdir. Nəticədə Şəxs çevik polis alayının naryadı vasitəsi ilə 5-ci polis bölməsinə təmin edilmişdir. Hadisə isə “Amor” şadlıq sarayının qarşısında baş vermişdir. Ətrafda da xeyli insan olduğu üçün sonuncu uca səslə danışıb, diqqət cəlb edirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 07 avqust 2025-ci il tarixdə saat təxminən 20:40 radələrində Şəxs ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobil idarə etmə hüququ olmadan idarə etdiyinə görə sonuncuya YPX əməkdaşları tərəfindən avtomobilin duracağa təmin olunmalı olduğu zərurəti bildirildiyi halda Şəxs polis əməkdaşları ilə mübahisə edərək avtomobili duracağa təmin etməkdə imtina etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Qeyd edilməlidir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yüksək səslə danışaraq və polislərlə mübahisə edərək ətrafda toplaşmış şəxslərin diqqətini üzərinə cəlb etməyə çalışmışdır. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir: İctimai davranış qaydalarının pozulması: Onun insanların toplaşdığı halda uca səslə mübahisə etməsi birgəyaşayış qaydalarına ziddir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 96.1.1-ci maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Şəxs isə ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadığı halda idarə etdiyi üçün avtomobilin idarə etməsində kənarlaşdırılması barədə ona yönələn tələb qanuni olmuşdur. Şəxs həmin tələbə də əməl etməyib, avtomobili duracağa təmin etməkdən imtina etməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə mübahisə etməklə ictimai qaydanı pozmuş və polis işçisiləri vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında tabesizlik və xırda xuliqanlıq hərəkətləri etmədiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs 07 avqust 2025-ci il tarixdən, saat 20:40-da inzibati qaydada tutulmuş, məhkəmə iclasınadək azad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 07 avqust 2025-ci il tarixdən, saat 20:40-dan hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 07 avqust 2025-ci il tarixdən, saat 20:40-dan hesablanmalıdır.TT Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 07 avqust 2025-ci il tarixdən, saat 20:40-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5629/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5629/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver