Məhkəmə qərarları › İş №3(001)-563/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-563/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-563/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, 13 yanvar 2025-ci il tarixdə saat 10:05 radələrində Bakı şəhəri, Bülbül-Ü.Hacıbəyov küçələrinin kəsişməsində hərəkətdə olarkən idarə etdiyi FAW BESTUNE T77 markalı **-BC-*** nömrə nişanlı avtomobili ilə qarşıda avtomobillərin yaratdığı sıxlıq nəticəsində özündən asılı olmayaraq piyada keçidinin üstündə dayanmalı olmuşdur. Buna görə də ona AR İXM-nin 327.2-ci maddəsi ilə elektron qaydada protokol tərtib edilmiş və dərhal da qərar qəbul olunmuşdur. Halbuki, şəkillərdən də görmək olur ki, o, idarə etdiyi avtomobili ondan asılı olmayan hala görə, yəni qarşıda olan tıxaca görə saxlamalı olmuşdur. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş foto-şəkildən və məhkəməyə təqdim olunmuş diskdə video-görüntüdən görünür ki, “FAW BESTUNE T77” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissələrindən kəsişmə yerindən bilavasitə sonra tıxac yarandığına baxmayaraq hərəkətini davam etdirmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “FAW BESTUNE T77” markalı **-BC-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edən X4 tərəfindən Bülbül-Ü.Hacıbəyov küçələrinin kəsişməsində baş vermişdir. Təqdim edilmiş video görüntüdən müşahidə edilmişdir ki, X4 yolayrıcı keçmə qaydalarını pozmuş, idarə etdiyi avtomobil ilə hərəkət hissələrinin kəsişmə yerindən bilavasitə sonra tıxac yarandığına baxmayaraq hərəkətini davam etdirmişdir və bununla da İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 3cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 76-cı maddəsinin 5-ci bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25530418 inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25530418 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar