Məhkəmə qərarları › İş №3(001)-5632/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5632/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5632/2025 05.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 491.1-ci maddəsi ilə tərtib edilmiş 01 iyul 2024-ci il tarixli, 00100-01842/25 nömrəli “inzibati xəta haqqında” protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.1-ci maddəsi ilə tərtib edilmiş 01 iyul 2024-ci il tarixli, 00100-01842/25 nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin adına idxal olunan xx.xx.2024cü il tarixli, **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 276 ünvanında baxış keçirilmiş, baxış zamanı bəyan edilmiş malların gömrük nəzarəti bitmədən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə və nümayəndəsinin iştirakını təmin etməsi məqsədilə məhkəmə iclasları iki dəfə təxirə salınmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən protokola yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, Türkiyə Respublikasından idxal edilən mallar xx.xx.2024-cü il tarixdə **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Mallar bəyan edildikdən sonra, gömrük orqanı həmin malların ehtiyat hissələri olduğundan 15% tarif dərəcəsi ilə bəyan edilməli olduğunu bildirmişdir. Şəxs MMC gömrük orqanının bu mövqeyi ilə razılaşmayaraq xx.xx.2025-ci il tarixdə xidmət göstərən broker vasitəsi ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etmiş və malların gömrük anbarında saxlanılmasına və ya öz nəqliyyat vasitəsinə boşaldılaraq gömrük nəzarəti altında saxlanılmasına icazə verilməsini xahiş etmişdir. Bu müraciətin edilməsinə səbəb, gömrük orqanının **********5421 sorğu nömrəli bəyannamə üzrə əlavə sənədlər tələb etməsi, həmin sənədlərin yalnız xx.xx.2024-cü il tarixində təqdim edilə bilməsi və daşıyıcı şirkətin hər gün üçün “SPARK" ММС-уə cərimə hesablaması olmuşdur. Müraciət qəbul edilmiş, mallar gömrük orqanının anbarında saxlanılmış, sonradan malların 0% tarif dərəcəsi ilə bəyan edilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Lakin gömrük orqanı bu sənədlərlə razılaşmamış və bəyannaməni, o cümlədən malları X3 İdarəsinə göndərmişdir. Həmin idarədən xx.xx.2024-cü il tarixdə saat 16:05:45-də rəy gömrük orqanına təqdim olunmuş, eyni gün saat 17:29:21-də gömrük orqanının rəsmi elektron sistemində təqdim olunmuş sənədlərin düzgün olduğu, ödəniləcək məbləğin 24.423,18 manat təşkil etdiyi və ödənişin həyata keçirilməli olduğu qeyd edilmiş, saat 18:15:07-də ödənişin qəbul edildiyi təsdiq edilmişdir. Bundan sonra “SPARK" MMC-nin əməkdaşı gömrük orqanına dəvət edilmiş, mallara baxış keçirilmiş, uyğunsuzluq aşkar edilməmiş, xx.xx.2024-cü il tarixdə saat 20:22:55-də gömrük orqanının elektron sistemində malların buraxılışa hazır olması qeyd edilmiş və həmin gün gecə saatlarında mallar gömrük orqanının əməkdaşı X1 iştirakı ilə Şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli 276 ünvanında yerləşən anbarına boşaldılmış, yoxlama aparılmış, uyğunsuzluq aşkarlanmamış və mallar gömrük təminatına alınmadan sərbəst dövriyyəyə buraxılmışdır. Bu andan etibarən mallar üzərində gömrük nəzarəti bitmişdir. xx.xx.2024-cü il tarixdə gömrük orqanının əməkdaşı X2 mobil telefon vasitəsilə əlaqə saxlayaraq malların gömrük təminatına alınmalı olduğunu bildirmişdir. Lakin mallar zavodun fasiləsiz istehsal fəaliyyətini təmin etmək məqsədilə dərhal istifadə edilmişdir. Bundan əlavə, gömrük orqanı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli akta imza atan “SPARK" MMC-nin əməkdaşı aktı imzalamağa səlahiyyətli şəxs olmamış, ona ağ vərəqdə imza atdırılmışdır ki, bu da həmin aktın hüquqi qüvvəsini şübhə altına alır. Yuxarıda göstərilən hallara əsasən, “SPARK" MMC-nin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir və bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq 00100-01842/2025 saylı protokol üzrə inzibati icraata xitam verilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Natig Mamedov etiraza uyğun izahat verərək, MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməllərində İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: **********5421 nömrəli gömrük bəyannaməsi üzrə göstərilən xidmətlərə dair elektron bildirişlərin çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə həmin gömrük bəyannaməsi növbəyə qoyulmuş, saat 15:46-da rəsmiləşdirilməsi üçün gömrük əməkdaşı təyin olunmuş, saat 19:14-də gömrük rəsmiləşdirilməsi başlanmış, bəyannamədəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmış, xx.xx.2024-cü il tarixdə, saat 17:29-a olan bildirişdə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olduğu, ödəniləcək məbləğin 24423,18 AZN olduğu qeyd edilmiş, həmin tarixdə, saat 18:15-də ödəniş qəbul olunmuş, saat 18:16-ya olan bildirişdə bəyannamə ilə bəyan edilmiş malların yoxlanılmasında iştirak tələb olunmuş, xx.xx.2024-cü il tarixli, saat 20:22-yə olan bildirişdə gömrük postunun bəyannamədəki malların buraxılışına hazır olduğu göstərilmişdir. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postu inspektoru X1 izahatından görünür ki, “xidmətdə olduğum müddətdə Şəxs MMC tərəfindən idxal edilən **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara gömrük nəzarətini həyata keçirmək mənə həvalə edilmişdir. Mallar anbara daşındıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə fiziki yoxlanılması üçün anbara getdim. İdxal edilən mallar 34FUN289/34BJZ681 nömrəli nəqliyyat vasitəsində gömrük təminatına alınmışdı. Nömrəsini xatırlamadığım həmin təminat (plomb) mənim tərəfimdən açılmış, mallar fəhlələr tərəfindən anbara boşaldılmış, vizual baxış keçirilmiş, həmçinin fotoşəkillər çəkilmişdir. Həmin şəkillər **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların XİF MN kodunun düzgün qeyd olunmasının müəyyənləşdirilməsi məqsədilə təsnifetmə qrupuna göndərilməli idi. Gömrük Dəyərləndirilməsi, o cümlədən Təsnifetmə qrupuna göndərilən şəkillərin Vatsapp sosial şəbəkəsində yaradılmış qrup agöndərilməsi “İpək Yolu” gömrük postunda çalışan inspektor Məmmədov Ağasənə həvalə edildiyindən, mən də öz növbəmdə xx.xx.2024-cü il tarixdə, saat 23:51 radələrində istifadəmdə olan nömrə ilə Ağasənin istifadəsində olan mobil nömrəyə göndərdim. O da öz növbəsində aidiyyəti üzrə təsnifetmə qrupuna göndərməli idi. Yoxlama zamanı idxal edilən mallarla **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar arasında heç bir uyğunsuzluq aşkar edilməmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə mallara yoxlama keçirdikdən sonra gömrük təminatı altına almadan anbarı tərk etdim”. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı Baş Gömrük İdarəsi Monitorinq şöbəsinin əməkdaşları tərəfindən **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə baxış keçirilən zaman həmin bəyannamə üzrə bəyan edilmiş malların gömrük nəzarəti bitmədən istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir. İXM-nin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 491.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün qanunverici orqan malların gömrük nəzarəti altında olması şərtini müəyyən etdiyindən, hazırki işdə ilk öncə malların istifadə edildiyi zaman gömrük nəzarəti altında olubolmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək; dövlətin xeyrinə imtina olunanadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Həmin Məcəllənin 205.1-ci maddəsinə uyğun olaraq gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallara gömrük təminatının vurulması Qaydaları”nın 3.1-ci bəndinə əsasən mallar gömrük nəzarəti altında yerləşdirilərkən, gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən vurulur. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı aşağıdakı hallarda çıxarılır: 5.3.1. fors-major hallarında mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədi ilə; 5.3.2. gömrük nəzarətindən keçməli olan malların gömrük yoxlaması həyata keçirildikdə; 5.3.3. gömrük rəsmiləşdirilməsi başa çatdıqda; 5.3.4. gömrük məqsədləri üçün gömrük orqanının vəzifəli şəxsinin çıxardığı qərara əsasən. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə **********5421 sorğu nömrəli bəyannamə ilə rəsmiləşdirilməyə təqdim olunan sənədlərin düz olması, ödəniləcək məbləğin miqdarı, həmin məbləğdə ödənişin qəbul olunması, malların buraxılışa hazır olması barədə elektron bildirişlər sistemə yerləşdirilmiş, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postu inspektoru X2 tərəfindən idxal edilən mallarla **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar arasında heç bir uyğunsuzluq aşkar edilməmiş və o, xx.xx.2024-cü il tarixdə mallara yoxlama keçirdikdən sonra gömrük təminatı altına almadan Şəxs MMCnin istifadəsinə verməklə anbarı tərk etmişdir. Eyni zamanda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postu inspektoru X1 izahatına əsasən o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin adını və nömrəsini dəqiq xatırlamadığı səlahiyətli şəxsi ilə əlaqə saxlayaraq, mallardan istifadə edilməməsi və qısa zaman ərzində anbara yaxınlaşaraq malları gömrük təminatına alacağını bildirmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsi Monitorinq şöbəsinin əməkdaşları tərəfindən **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə baxış yalnız xx.xx.2025-ci il tarixdə, yəni malların idxal edilməsindən 2 aya yaxın müddət keçdikdən sonra keçirilmişdir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, **********5421 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklər qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük təminatına alınmadığından, Şəxs MMC tərəfindən həmin mallardan istifadə edilməsində İXM-nin 491.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.1-ci maddəsi ilə tərtib edilmiş 01 iyul 2024-ci il tarixli, 00100-01842/25 nömrəli “inzibati xəta haqqında” protokol üzrə başlanmış inzibati icraata Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar