Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5649/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı X4, DİN Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X2, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, Ağdam rayonu, Kəngərli ə/d, Kəngərli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı X9 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə sat 22:10 radələrində Niva markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü manevr qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış, sürücüyə törətdiyi qayda pozuntusu izah olunmuşdur. Sürücü polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşlarına əl-qol hərəkətləri ilə müqavimət göstərmişdir. Bundan sonra şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək bölməyə təmin olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə ona məxsus avtomobildə hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanılmışdır. Polis əməkdaşları ona avtoxuliqanlıq etdiyini, daha sonra avtomobilin duracağa təmin edilməli olmasını bildirmişdir. O, polis əməkdaşlarından müvafiq protokol tərtib edilməsini tələb etmişdir. Daha sonra polis əməkdaşları ondan polis tanışının olub-olmamasını soruşmuş və məsələnin “başqa cür yoluna qoyula biləcəyini” bildirmişdir. Hadisə zamanı polis əməkdaşı çəkiliş etmiş, çəkilişi dayandırdığı vaxt isə ona fiziki təzyiq göstərmişdir. O, qarşılıq olaraq 102 xidmətinə məlumat vermiş, daha sonra o da özünə məxsus mobil telefon vasitəsi ilə çəkiliş etməyə başlamışdır. Bu zaman polis əməkdaşı onun telefonunu avtomobilə tullamış və üzünə yumruq zərbələri yetirməyə başlamışdır. Daha sonra bölməyə gətirilmiş və burada olan zaman da təhqir edilmiş və döyülmüşdür. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanında olan konstruktiv dəyişikliklə razıdır, lakin o, pozuntunu yerindəcə aradan qaldırmağa cəhd göstərsə də, polis əməkdaşı tərəfindən buna icazə verilməmişdir. Məhkəmə iclasında DİN Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Binəqədi şossesində hərəkətdə olan zaman manevr qaydalarını pozduğuna görə, onun İXM-nin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman nəqliyyat vasitəsində bir sıra konstruktiv dəyişikliklər olduğu aşkar edilmiş və sürücüyə nəqliyyat vasitəsinin duracağa təmin edilməli olması izah olunmuşdur. Lakin sürücü Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmiş, polis əməkdaşlarına təhqir və fiziki müqavimət göstərmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bölmədə olan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmış, ağız və baş nahiyəsindən xəsarət almış, həmçinin köynəyi cırılmışdır. Göstərilənləri və Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞnin YPX inspektoru, polis baş serjantı Şahid ifadə verərək bildirmişdir ki, ərazidə xidmətdə olan zaman Niva markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğuna görə saxlanılmış və sürücüyə qayda pozuntusu izah edilmişdir. Sürücü patrul maşınına əyləşən zaman ona avtomobilin duracağa təmin edilməli olması bildirilmişdir. Bu zaman sürücü avtomobilin duracağa təmin olunmamasını, “məsələni yerindəcə həll etməyi” təklif etmişdir. Bu zaman ona avtomobil bir sıra konstruktiv dəyişikliklər və qayda pozuntuları olduğu izah edilmişdir. Sürücü protokol tərtib olunmasını tələb etmiş, yerindəcə protokol tərtib olunmuşdur. Daha sonra sürücü patrul maşınını tərk edərək, ona məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə etməyə cəhd etmiş, daha sonra polis əməkdaşlarına qarşı müqavimət göstərməyə və icazəsiz çəkiliş etməyə başlamışdır. Polisin qanuni tələblərinə tabe olmadığına görə patrul maşınına dəvət olunaraq bölməyə aparılacağı bildirilsə də, o, çevik polis əməkdaşlarından qaçmış, bu zaman onun köynəyi cırılmış, həmçinin sürücü polisin alın nahiyəsinə yumruq zərbəsi yetirmiş, onu və ailəsini təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə DYP əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. xx.xx.2025-ci il tarixli, AZA 022420 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin gün, saat 22:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs küçədə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun müdafiəçisinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 5-ci PB tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X1 Namiq Murad oğlunun övladıdır. Məhkəmədə İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən Şəxs oğlunun əməlində İXM-in 33cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 avqust 2025-ci il, saat 22:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5649/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5649/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver