Məhkəmə qərarları › İş №3(001)-5654/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5654/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5654/2025 21.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş inzibati qurumun nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Naxçıvan MR, Culfa, Xanağa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin vergi ödəyicisi, Naxçıvan MR, Culfa rayonu, Xanəgah kəndində qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 262.1.2 maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 262.1.2 madəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Xəzər dənizinin Novxanı qəsəbəsinə düşən hissəsində "xxxx" restoranı daxilində su hovuzu “sudan xüsusi məqsədlər üçün istifadəyə icazə sənədi” olmadan diametri 100 mm olan boru vasitəsi ilə birbaşa dənizdən su götürülərək doldurulur. Nəticədə vəzifəli şəxs Şəxs tərəfindən İXM-nin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş inzibati qurumun nümayəndəsi X5 protokolu müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, Su və su təsərrüfatı obyektlərinin aylıq monitorinq qrafik cədvəlinə əsasən Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil mühafizə zolağının Binəqədi rayonu ərazisində 14 iyul 2025-ci il tarixdə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarına nəzarət tədbirləri həyata keçirilmiş, monitorinq zamanı Xəzər dənizinin Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisinə düşən hissədə "xxxx" restoranı daxilindəki su hovuzunu doldurmaq və hovuzdakı suyu yenidən Xəzər dənizinə axıdılması məqsədilə diametri 100 mm-lik polietilen boruların dənizə doğru quraşdırılaraq sahil mühafizə zolağı ilə təxminən 200 m məsafədə Xəzər dənizinin suyundan qanunsuz götürülməsi faktı aşkar edilmişdir. Restoranın sahibi Şəxs qanunun tələbləri izah olunmuş, sonuncu faktları təsdiq etmiş, tədbir görəcəyini bildirmişdir. Aşkar olunmuş həmin faktlar əsasında da hazırki protokol tərtib olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alıb, vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdikləri inzibati xətanı etiraf edir. Sözügedən qanun pozuntusu aradan qaldırılmış və dövlət büdcəsinə müvafiq ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 000211 nömrəli aktından görünür ki, 07-xx.xx.2025-ci il tarixlərdə Binəqədi rayonu, Novxanı qəsəbəsində su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarına nəzarət tədbirləri həyata keçirilmiş, monitorinq zamanı Xəzər dənizinin Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisinə düşən hissədə "xxxx" restoranından restoran daxilindəki su hovuzunu doldurmaq və hovuzdakı suyu yenidən Xəzər dənizinə axıdılması məqsədilə diametri 100 mm-lik polietilen boruların dənizə doğru quraşdırılaraq sahil mühafizə zolağı ilə təxminən 200 m məsafədə Xəzər dənizinin suyundan qanunsuz götürülməsi faktı aşkar edilmişdir. Belə ki, İXM-nin 262.1.2-ci maddəsinə əsasən, su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Aşkar edilmiş faktlar həm iş materiallarında olan xx.xx.2025-ci il tarixli akt, fotoşəkillər və barəsində protokol tərtib olunan Şəxs verdiyi etirafedici izahatı ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs – sözügedən restoranın sahibi X1 İXM-nin 262.1.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübut olunduğundan, o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin: - 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. - 40-cı maddəsinə əsasən, su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. - 43-cü maddəsinə əsasən, sudan istifadə edənlərin sudan təkrar istifadə etmək; su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək; istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. - 44-cü maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə; su obyektlərindən istifadə müddəti qurtardıqda; hüquqi şəxslər ləğv olunduqda; su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə; su obyektləri ayrıca istifadədən geri alındıqda; sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə; su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilir. - 62-ci maddəsinə əsasən, su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. - 103-cü maddəsinə əsasən, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, tullantı suları – istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 9.1-9.2-ci bəndlərinə əsasən, tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğuların gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. İXM-nin: - 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.1-ci maddəsinə əsəsən, inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. - 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsi, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 262.1.2-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 262.1.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 262.1.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar