Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5658/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli, 510 və 535.1-ci maddələri ilə 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollar onunla əsaslandırılmışdır ki, Şəxs 10 avqust 2025ci il tarixdə, saat 17 radələrində Binəqədi qəsəbəsi, Zərdabi küçəsində ünvansız nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onlardan yayınmağa çalışmış, 43-cü PB-yə gətirildikdən sonra izahatı alınarkən 22 iyul 2025-ci il tarixdə yaşadığı evdə narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati protokolları tərtib etmiş şəxs izahatında göstərdi ki, 10 avqust 2025-ci il tarixdə, saat 17:00 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zərdabi küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söydüyünü görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsi sakitliyə, nizam-intizama dəvət etsələr də, həmin şəxs, yəni Şəxs polis əməkdaşlarının çağırışlarına məhəl qoymamış, tabesizlik göstərmişdir. Belə olan halda polis əməkdaşları onu Polis Bölməsinə gətirmək istədikdə o, polislərdən yayınmağa çalışmış, beləliklə məcburi şəkildə Bölməyə gətirilmişdir. Bölmədə Şəxs həm də narkotik vasitə olan marixuanadan istifadə etdiyini, sonuncu dəfə 22 iyul 2025-ci il tarixdə yaşadığı evdə istifadə etdiyini bildirmişdir. Bu fakt həm də tibbi rəylə öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs barəsində hazırki protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, 10 avqust 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin qarşısında küçədə əsəbi olduğu üçün uca səslə söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb onu sakitliyə dəvət etsələr də, o, polislərə də uca səslə etirazını bildirmiş, tabesizlik göstərmişdir. Bundan sonra 43-cü Polis Bölməsinə aparılmış, orada həm də narkotik vasitələrin istifadəçisi olduğunu, sonuncu dəfə 22 iyul 2025-ci il tarixdə yaşadığı evdə narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Tədqiq edilən sübutlar: - Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2025-ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə təxminən saat 17:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zərdabi küçəsində inzibati ərazidə olan vaxt bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşlərini söydüyünü gördük, həmin şəxsə yaxınlaşıb özümüzü təqidm etdik. Biz həmin şəxsi etdiyi hərəkətə görə nizam-intizama dəvət etsək də, o, öz hərəkətlərini davam edirdi. Polisin qanuni tələblərinə məhəl qoymayaraq kobud hərəkətlər ilə ətrafa səs-küy salırdı. Bu səbəbdən biz həmin şəxsi 43cü PB-yə dəvət etsək də, bizimlə Bölməyə gəlməkdən imtina edərək qaçmağa cəhd etdi. Lakin biz onu Polis Bölməsinə gətirdik. Bölmədə məlum oldu ki, həmin şəxs Şəxsdur...” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 avqust 2025-ci il tarixli, 4864 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar olundu. Müayinə zamanı öz deməsinə görə arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı Şəxs kabbabioidlərin epizodik istifadə etmə halları olub. Lakin, hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206, 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokollar, protokolları tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs törətmiş olduğu əməli etiraf etməklə, peşmanlıq hissi çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, X3 İXM-nin 206, 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 206-cı maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 avqust 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5658/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5658/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver