Məhkəmə qərarları › İş №3(001)-5662/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5662/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5662/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİnin 4-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X5, protokolu tərtib etmiş orqanın nümayəndəsi X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 511.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP 659399 nömrəli və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X8 izahat verərək bildirmişdir ki, faktla bağlı tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində Şəxs polis əməkdaşına tabesizlik etməsi öz təsdiqini tapmışdır. Ona görə də, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nın nümayəndəsi X7 izahatında bildirmişdir ki, Şəxs İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sürücü avtomobilim uzaq vuran işıqları yandırıb söndürüb, açıq-aydın şəkildə avtomobilin təkərlərini sürüşdürməklə avtoxuliqanlıq etmişdir. Həminin sürücüyə nəqliyyat vasitəsinin xarici işıq cihazlarının nasaz olduğu və aradan qaldırılması mümkün olmadığından nəqliyyat vasitəsinin duracağa aparılmalı olduğu bildirilmiş lakin sürücü buna maneə yaratmış, polis əməkdaşlarının qanuni tələbinə riayət etməmişdir. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarının işləmədiyi müəyyən edilmiş və bu səbəbdən İXM-nin 96 və 342.2.2-ci maddələrinə əsasən nəqliyyat vasitəsi duracağa aparıla bilər. Ona görə də, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “Mercedes” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol patrul xidmətinin əməkdaşı onu saxlamışdır və yanında qara rəngli “G-class” markalı avtomobil dayanaraq onun idarə etdiyi avtomobili duracağa qoyacağını söylənişdir. Yol patrul əməkdaşlarına da dərhal avtomobili duracağa qoyma tapşırığı vermişdir. Bu zaman yol patrul əməkdaşları ona avtoxuliqanlıq etdiyini söyləmiş və o, bu qərarla razı olmadığını bildirmişdir. Bu zaman YPX əməkdaşı PPX çağıracağını söyləmişdir. O isə etdikləri hərəkətlərin qanunsuz olduğunu avtoxuliqanlıq etmədiyini bildirmişdir. Avtomobilə daxil olaraq sadəcə özünü çəkərək şikayətini bildirməyə çalışdığı anda YPX əməkdaşları ona güc tətbiq etmişdirlər. O isə onları çəkmədiyini telefonun şəxsi telefonu olduğunu bildirmişdir. Daha sonra onu təhdid etməyə başlamış və onu bölməyə gətirmişdirlər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs tərəfindən İXM-in 511.1-ci və 535.1-ci maddələrinin tərkibini yaradacaq əmələ yol verilməyib. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dislokasiya üzrə xidmətdə olarkən **-ZL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomaşına manevr etmə qaydalarını kobud şəkildə pozduğu üçün saxla işarəsi vermişdirlər. Sürücüyə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Sənədlərini tələb etsələr də sürücü bu tələbə riayət etməyərək intizamlıq etməyə başlamışdır. Daha sonra sürücü qanunsuz çəkilişlər etməyə başlayaraq onları işdən çıxaracağı ilə bağlı şantaj xarakterli sözlər deməyə və polisin şərəf və ləyaqətinə yaraşmayan şər və böhtanlar atmağa başlamışdır. Onlar həmin sürücünü intizama dəvət etsələr də o, bu əməllərindən əl çəkməyərək onları işdən çıxaracağı və dostları ilə onları təhdid etməyə davam etmişdir. Həmin sürücünü PPX-nin köməyi ilə 4-cü Polis Şöbəsinə təmin etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin PPXBnün polis nəfəri X10 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman YPXnin 658 çağırışlı polis maşını onlara köməklik lazım olduğunu bildirmiş və onlar dərhal deyilən koordinata yaxınlaşmışdırlar. YPX-nin göstərdiyi şəxsə özlərini təqdim edərək, 4cü Polis Şöbəsinə təmin etmişdirlər. Şöbədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs YPX inspektoru ilə mübahisə edib, qanuni tələblərinə tabe olmamış və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs YPX inspektoru ilə mübahisə edib, qanuni tələblərinə tabe olmadığına görə polis şöbəsinə gətirilmiş və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 019182 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş, 01 oktyabr 2024-cü il tarixdə azad edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP 659399 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:01-də etdiyi hərəkətlərlə görə barəsində İXM-in 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materiallara əlavə edilmiş yaddaş kartında olan video görüntüyə keçirilən baxışla müəyyən edilmişdir ki, həmin görüntü xx.xx.2024-cü il tarixdə qeydə alınmış, görüntünün 01-ci saniyəsindən 15-ci saniyəsinədək “Mersedes” markalı avtomobil önündəki avtomobilə uzaqvuran işıqlarını yandırıb söndürməklə işarə verir. Görüntünün 20-ci saniyəsində “Mersedes” markalı avtomobil önündəki avtomobil hərəkətə başlayaraq düzünə hərəkət edir, bu zaman “Mersedes” markalı avtomobil hərəkətə başlayaraq geriyə dönmək üçün sola manevr edərək avtomobilin arxa hissəsi sürüşmüş və avtomobil yolunu davam edərək düzünə hərəkətini davam etmişdir. Şəxs bildirmişdir ki, həmin avtomobili o, idarə etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM 511.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP 659399 nömrəli və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nın nümayəndəsi X7 izahatında Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qeyd etmişdir. Məhkəmə araşdırıması zamanı alınmış izahatlarla, həmçinin video görüntüyə keçirilmiş baxışla Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində “Mercedes” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman geriyə dönmə manevirini etmiş, bu zaman avtomobilin arxa hissəsi sürüşmüş və sonuncu itirdiyi idarəetməni ələ alaraq düzünə hərəkətini davam etdirilmişdir. Yəni, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə bağlı hərəkətlər etməsi öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, İXP 659399 nömrəli inzibati xəta haqqında protokolda Şəxs İXM-in 511.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi qeyd edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 511.1-ci maddəsi üç bəndə ayrılmış və hər bənddə müstəqil tərkibli inzibati xətalar müəyyən edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli, İXP 659399 nömrəli inzibati xəta haqqında protokolda Şəxs konkret İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş hansı hərəkətlərə yol verməsi qeyd edilməməklə, sözügedən protokolda İXM-in 511.1-ci maddəsinin müvafiq bəndi göstərilməmişdir. Digər tərəfdən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında protokol tərtib etmiş qorumun nümayəndələri, eyni zamanda polis əməkdaşı verdikləri izahatlarında Şəxs idarə etdiyi avtomobilin xarici işıq cihazlarının işləmədiyi müəyyən edildiyi üçün avtomobilin cərimə duracağına aparılması barədə polis əməkdaşlarını qanuni tələblərinə tabe olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Mercedes” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə önündəki avtomobilə uzaqvuran işıqlarını yandırıb söndürməklə işarə verməsi, həmin zaman avtomobilin xarici işıq cihazlarının işlədiyi müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericilikdə (İXM-in 96.1.6 maddəsi) avtomobilə nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Lakin məhkəmə iclasında qeyd edilən pozuntulara yol verilməsi müəyyən edilməmiş, həmçinin inzibati protokol tərtib edilmiş orqanlar tərəfindən istinad etdiyi halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranması üçün fiziki şəxs tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin icrası ilə bağlı polis işçisinin qanuni tələblərinə tabe olmamadığı təqdirdə yaranır. Lakin məhkəmə iclasında Şəxs əməlinə münasibətdə YPX inspektorları tərəfindən icra edilmiş ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olması və sonuncuya irəli sürülmüş tələbin qanuni olması müəyyən edilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 511.1-ci və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, X3 müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar