Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5672/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonu, Yeni Şımıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayn, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin inspektoru, polis leytenantı X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs metro ilə işdən evə qayıdan zaman Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında olan zaman Şəxs yanında olan dayısının göstərişi ilə Zərərçəkmiş şəxs yan nahiyəsinə əlində olan bizə oxşar iti dəmiri batırmışdır. Qeyd etmək lazımdır ki, zərər çəkmiş şəxs ədliyyə mayorudur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dayısı isə məhkum olunmuş şəxsdir. Zərər çəkmiş şəxs həmin şəxsi tanımışdır, hesab edir ki, bu hərəkət qəsdən edilmişdir. Zərər çəkmiş şəxs hadisə günü dərhal polis əməkdaşlarına məlumat vermiş, növbəti gün isə şəxs və dayısı polis əməkdaşları tərəfindən müəyyən olunmuş və səhər saatlarında “Dərnəgül” metrostansiyasında saxlanılmışdır, şəxslər saxlanılan zaman həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışlar. Belə ki, insptektor şəxslərə yaxınlaşıb, barələrində şikayət olmasını bildirmiş, lakin həmin şəxslər polis əməkdaşını itələyib hadisə yerindən qaçmağa çalışmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xanımın yan nahiyəsinə qəsdən heç bir şey batırmamışdır. Sadəcə tələsik qaçdığı üçün əlində olan iti əşya xanıma toxunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, metroda gedən zaman Şəxs yanında olan şəxsin onu işarə edərək nəsə deməsini görmüşdür. O, bir az qorxsa da, özünü itirməmişdir. Ətrafda kamera olan yerlərə baxmış və kameranın müşahidə etdiyi yerdə dayanmışdır. Bir qədər sonra Şəxs ona nəsə batırmış və həmin şəxslər qaçmışdır. O, dərhal orada olan polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Bir qədər sonra isə Şəxs yanında olan şəxsi xatırlamışdır, həmin şəxs onun çalışdığı cəzaçəkmə müəssisəsində olmuşdur və bir dəfə şəxsin əxlaqsız hərəkətlərini müşahidə etmişdir. Məhkəmə iclasında şahid Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin manqa komandiri, polis baş serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman iki nəfər şəxsin gəldiyini müşahidə etmiş, həmin şəxslərin üzü ona tanış gəlmişdir. Bundan sonra telefonuna baxmış və şəxslərin axtarışda olanlar olduğunu bilmişdir. Həmin şəxslərə yaxınalaşaraq, özünü təqdim etmiş və onlara barələrində şikayət olmalarını, araşdırma üçün getməli olduqlarını bildirmişdir. Lakin Şəxs və yanında olan dayısı ona etiraz etmişlər, tabesizlik göstərmişlər. Nə qədər şəxsləri intizama dəvət etsə də, hər iki şəxs etiraz edərək oradan yayınmağa çalışmışdır. O, patrul yoldaşını köməyə çağırmış və şəxsləri saxlamaq mümkün olmuşdur. Lakin idarənin inzibati binasına gələnədək şəxslər onlara etiraz etmiş, söz-söhbət yaratmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs məhkəmə iclasında bildirdikləri qeyri-səmimi verilmiş izahat kimi qiymətləndirilməklə, sonuncunun əlində olan iti əşyanı qəsdən zərər çəkmiş şəxsə batırmaması məzmununda verdiyi izahatını həqiqətəuyğun olmayan hesab edir. Belə ki, Şəxs inzibati xəta haqqında protokol tərtib etmiş orqana izahat verən zaman öz təqsirini etiraf edərək baş vermiş hadisəni ətraflı şəkildə izah etmişdir. Belə olan halda məhkəmə Şəxs səlahiyyətli orqana vermiş olduğu izahatını mötəbər və işin hallarına uyğun hesab edir. Həmçinin Şəxs məhkəmə iclasında bildirdikləri zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ictimai yer sayılan Bakı metropoliteninin “20 Yanvar” stansiyasında metrodan istifadə edən vətəndaş Zərərçəkmiş şəxs arxasına əlində olan iti əşyanı batıraraq zərər çəkmiş şəxsə qarşı bu formada nalayiq hərəkətləri ilə xırda xuliqanlıq etmiş, daha sonra zərərçəkmişin şikayətindən sonra polis əməkdaşları tərəfindən metropolitenin “Dərnəgül” metrostansiyasında araşdırılma aparılması üçün dəvət edilərkən dayısı ilə birlikdə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən yayınmağa çalışmış, polis əməkdaşları ilə mübahisə etmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Şəxs ictimai qaydanı pozaraq ictimai yerdə zərər çəkmişin bədəninə iti əşya batırmaqla zərər çəkmiş şəxsə qarşı nalayiq hərəkətlər etməsi xırda xuliqanlıq kimi, həmçinin polis əməkdaşları tərəfindən idarənin inzibati binasına dəvət edildikdə etiraz edərək bölməyə getmək istəməməsi, hadisə yerindən yayınmaq istəməsi, həmçinin polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiyi zaman sonuncunun onlara məhəl qoymaması polisin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin zərər çəkmiş şəxsə qarşı nalayiq hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahid və zərər çəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5672/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5672/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver