Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5681/2025 21.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi AR DİN Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X4 iştirakları ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon DYPŞnin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Biləcəri ərazisində yerləşən Eurohome adlanan ticarət mərkəzinə müəyyən məişət əşaları almaq məqsədi ilə **-RP-*** nömrə nişanlı mersedes tipli maşını ilə daxil olmuşdur. Boş yer tapıb maşını saxlamış, elə bu an arxadan sağ tərəfdən Hunday markalı bir maşın bazarın içərisində dar bir yolda yüksək sürətlə hərəkət edərək onun maşınının yanından ötmək istəyərkən həmin maşının güzgüsü onun maşınına toxunaraq zədə almış və ondan 8-10 metr qabağa gedərək dayanmışdır. O maşından yerə düşərək sürücü xanıma iradını bildirmişdir ki, bir az ehtiyatlı və yavaş sürmək lazımdır. Bazarın içərisində belə sürət həddi yol verilməzdir. Xanım sürücü onunla razılaşmayanda təklif etmişdir ki, xanım olduğuna görə ondan heç bir şikayət etmir, amma narazıdırsa yol polisini dəvət edərək gəlib araşdırıla bilər. Bundan sonra o, hadisə yerində təxminən iki saat gözləmişdir. Hadisə yerinə heç bir polis əməkdaşı gəlməmişdir və görməmişdir. Belə hesab etmişdir ki,xanım sürücü də şikayət etməyib. Bundan sonra o, hadisə yerinin təxminən 10 metrlik ərazisində satış mərkəzlərində olmuşdur. Daha sonra o gələndə yenə də ətrafa nəzər salmış, yenə də heçbir polis əməkdaşını görməmişdir, maşınına əyləşib oranı tərk etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə səhər saat 11-16 da Binəqədi Rayon DYPŞ-nin yol polisinin əməkdaşı Abdullayev Namiq adlı şəxs ona zəng vuraraq şöbəyə gəlməyini təklif etmişdir. O da Namiq Abdullayevin çağırışı əsasında Binəqədi Rayon DYPŞ-nə gəlib hadisəni danışmış və izahat yazmışdır. Nəticədə görmüşdür ki, yol polisi əməkdaşı onu dinləmək yox, izahat alıb özünün etdiyi səhlənkarlığı sadəcə olaraq onun üzərinə yazmaq istəyindədir. Ona görə də o, yol polisi əməkdaşına tərəf tutmamağı, hadisə yerinə gəlmədiyi halda onu günahkar etməməyi xahiş etmişdir. Hadisəyə düzgün qiymət verməsini tələb etmişdir. Namiq Abdullayevə bildirmişdir ki, hadisə yerindən qaçmayıb. İki saatdan çox maşının ətrafında, yəni hadisə yerində olmuşdur. Həmin zaman ərzində heç bir polis əməkdaşı ora yaxınlaşmayıb. Hesab etmişdir ki, hadisə bununla da yekunlaşmışdır. Bundan sonra bazarı tək etmişdir. Yol polisi Namiq Abdullayevdən tələb etmişdir ki, siz dünən doğrudan da orada olmusunuzsa şahidlərin iştirakı ilə akt və yaxuddakı bir sübut ortaya qoyun ki, siz hadisə yerinə gələndə orada olmamışdır, sizin dediyiniz kimi hadisə yerindən "qaçmışdır". O heç bir sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq Namiq Abdullayev hadisə yerində həmin gün, yəni xx.xx.2025-ci tarixdə olmadığı halda onun oradan “qaçmağı” haqqında ona qarşı xx.xx.2025-ci il tarixdə İXM-nin 327.6 və 346.1-ci maddələri ilə TP7426086 saylı qərar qəbul edərək 100 AZN və 4 bal cərimə yazmışdır. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, barəsində İXM-nin 327.6 və 346.1-ci maddələri ilə tərtib edilmiş protokol əsassızdır. Çünki o hadisə yerində təxminən 2 saat gözləmiş, daha sonra xanım sürücünün polisə müraciət etmədiyini və ya polisin gəlməyəcəyini ehtimal edərək hadisə yerindən getmişdir. Odur ki, şikayətinin təmin edilməsi və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi DİN Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən sonra sürücülər arasında qarşılıqlı razılıq əldə edilmədikdə, mübahisə yarandıqda “Yol hərəkəti haqqında” Qanununun tələblərinə əsasən sürücülər hadisə yerini tərk etməməli və polis əməkdaşlarının əraziyə gəlişini gözləməlidirlər. Göründüyü kimi sürücü X9 hadisə baş verdikdən sonra hadisə yerindən uzaqlaşmış və İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, hadisə baş verdikdən sonra o Fikrət Cəfərova polisə məlumat verdiyini və hadisə yerinə gələcəklərini bildirmişdir. Lakin o, işlərinin olduğunu bildirirək hadisə yerindən uzaqlaşmış, polis əməkdaşları əraziyə gələn zaman isə Fikrət Cəfərov orda olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “MERCEDES BENZ C180” minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X9 İXM-nin 346.1, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 tərəfindən İXM-in 327.6, 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 100 manat inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli, 2-NK-23287 nömrəli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:27 radələrində DİN-nin “102” zəng mərkəzinə X5 tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar məlumat verilmiş, eyni zamanda X5 “MERCEDES BENZ C180” minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında X6 şikayət ərizəsi proses iştirakçılarının izahatları və şahidin ifadəsi ilə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, yol hərəkəti qaydasını pozan “MERCEDES BENZ C180” minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 “HYUNDAİ” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aralarında yaranmış mübahisənin həlli məqsədilə əraziyə polis çağırmasına baxmayaraq, X9 polis əməkdaşının əraziyə gəlməsini gözləməyərək, yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV bəndinin 4-cü hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. İXM-nin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. İXM-in 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X6 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5681/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5681/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver