Məhkəmə qərarları › İş №3(001)-5698/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5698/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5698/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu X1 X2 barəsində qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, EQ 29669347 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayəti işin məhkəmə baxışına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, EQ 29669347 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və şikayət məhkəmənin icraatına 07 avqust 2025-ci il tarixdə daxil olmuşdur. Həmin Məhkəmənin 07 avqust 2025-ci il tarixli, 3(004)-5144/2025 saylı qərardadına əsasən inzibati xətanın törədildiyi yerin Binəqədi rayonu, R.İsmayılov küçəsi olması əsası ilə şikayətin iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daxil olmuş inzibati materialı nəzərdən keçirib hesab edirəm ki, X1 şikayəti inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsi öz qərarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər... “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli, 239- VİİQD nörməli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişiklik edilmiş, Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə olunmuş və həmin dəyişikliklər 05 avqust 2025-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və 129.1.3-1-ci maddələri aşağıdakı redaksiyalarda verilmişdir: “129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;” “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, X1 yaşayış ünvanı ünvan 2i, Yasamal Rayon Məhkəməsi işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020ci il tarixli qərarına istinad etsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində Azərbaycan Respublikasının 08 iyul 2025-ci il tarixli, 239-VİİQD nörməli Qanunu ilə edilmiş dəyişiklikləri nəzərə almadan səhv nəticəyə gələrək, işin baxılmasının Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İnzibati Xətalar Məcəlləsində məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmadığından, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 110, 118, 129-cu, CPM-in 77-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, EQ 29669347 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət üzrə Yasamal Rayon Məhkəməsindən daxil olmuş iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar