Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5699/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1 və 482.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.1 və 482.2-ci maddələri ilə tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı X2 adına idxal olunan yüklərin düzgün bəyan olunmaması barədə daxil olmuş məlumata əsasən vətəndaşın adına xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından **-CU-*** nömrə nişanlı avtomaşında 1 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********4379 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara “İpək Yolu” gömrük postunda həyata keçirilmiş baxış nəticəsində götürülmüş malların müvafiq ekspertiza tədqiqatlarının aparılması ilə bağlı ədəd sayını, çəkilərini, markalanma göstəricilərini, çeşidini müəyən etmək zərurəti yarandığından həmin mallara xx.xx.2024-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı həyata keçirilmişdir. Baxış zamanı X1 adına daxil olmuş mallara dair tərtib edilmiş **********4379 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində istehsal ölkəsi Rusiya qeyd olunmuş qara çay bəyan olunsa da, faktiki olaraq malların mənşə ölkəsində və digər göstəricilərdə uyğunsuzluqlar aşkar edilmişdir. Aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda həmin ünvanda yaşayır, xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Rusiya Federasiyasından **-CU-*** nömrəli nişanlı avtomaşında adına daxil olmuş mallar Ruslan adlı şəxsə məxsusdur, həmin malların adına daxil olmasından və gömrük orqanına adına rəsmiləşdirilməsindən məlumatı var, Ruslanın adına VÖEN olmadığından, onun adına VÖEN olduğudan Ruslan malların onun adına idxal edilməsini atasından xahiş etmiş, bununla bağlı razılığa gəlinmiş, nəticədə mallar adına idxal edilmiş və **********4379 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində malların idxalatçısı kimi onun adı qeyd edilmiş, mallara baxış keçirilirkən aşkar edilmiş malların hansı səbəbdən gömrük orqanına bəyan edilməməsi, düzgün bəyan edilməməsi barədə heç bir məlumatı yoxdur, mallar tərəfindən sifariş edilmədiyindən, ona məxsus olmadığından bu barədə məlumatı olmamışdır. Araşdırma yekunlaşdıqdan sonra Şəxs barəsində İXM-in 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili və nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili X4 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati icraat İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş qaydalara zidd olaraq aparılmışdır, bu səbəbdən 9 aya yaxın müddətdə araşdırmna aprılmış və sonda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, onlar tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər, belə ki, Şəxs tərəfindən malların hər birinin gömrük rüsumu ödənilmişdir, göstərilən malların uzun müddət saxlanılması onların istifadəyə yaralığını da şübhə altına alır. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan görünür ki, X2 ünvanında Rusiya Federasiyasından **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə baxış keçirilmiş, baxış zamanı **********4379 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində düzgün bəyan edilməyən malların və 1 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə bəyan edilməyən 15 adda müxtəlif məhsulların olduğu aşkar edilmiş və baxış bitdikdən sonra qeyd edilən yüklər araşdırma aparılan müddətə **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Gömrük təminatına alınaraq “İpək yolu” Gömrük postunun ərazisində saxlanılmışdır. “Mallara baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində istehsal ölkəsi Rusiya qeyd olunmuş qara çay müəyyən olunsa da, faktiki olaraq malların mənşə ölkəsinin Şri-lanka ölkəsi olduğu, 2-ci mal mövqeyində “Jacobs” nişanlı kofe bəyan edilsə də, faktiki olaraq malların Rusiya istehsalı, ayrı-ayrı markalara məxsus kofelər olduğu, 13-cü mal mövqeyində istehsal ölkəsi Rusiya qeyd olunmuş ədviyyat məhsullarının mənşə ölkələrinin Tailand, Çin, Koreya, Vyetnam istehsalı olduğu, 16-cı mal mövqeyində zeytun yağı bəyan edilsə də, faktiki olaraq kokos yağı, avakado yağı, badam yağıvə digər növ yağların olduğu, 18-ci mal mövqeyində istehsal ölkəsi ABŞ müəyyən olunmuş “Gorilla”nişanlı energetik içkilər bəyan edilsə də,faktiki olaraq malların mənşə ölkəsinin Rusiya, İsveçrə və Tailand ölkələri olduğu, 20-ci mal mövqeyində konfet bəyan edilsə də, faktiki olaraq İtaliya istehsalı və Polşa istehsalı şokolad olduğu, eyni zamanda **********4379 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində və 1 nömrəli xx.xx.2023-cü l tarixli invoys sənədində qeyd edilməyən 16 adda məhsulun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli 7/224 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mayelərin tərkibində narkotik aktivliyə malik komponnetlər yoxdur. Onlar narkotik vasitələrə, psixotrop, zəhərli, güclü təsir edən maddələrə və preparatlara aid deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1458 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş müxtəlif markalı malların 2023-cü ilin dekabr ayına olan orta baar qiyməti ilə ümumi dəyəri təxminən 81824.10 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-33/1-025902/2024 nömrəli material üzrə əməldə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və əməldə İXM-in 482-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati tənbeh tədbirlərinin görülməsi üçün müvafiq sənədlərin surətləri ayrılaraq Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. 19 sentyabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Yuxarıda sadalanan iş materialları, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə aparılması haqqında protokol, **********4379 saylı, xx.xx.2024-cü il tarixli Gömrük Bəyannaməsinin surəti, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-in 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən gömrük sərhədindən keçən malların düzgün bəyan edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxsnin İXM-in 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2000-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İXM-nin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir.Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 24547,23 (iyirmi dörd min beş yüz qırx yeddi manat, iyirmi üç qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 81824.10 manat məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 24547,23 (iyirmi dörd min beş yüz qırx yeddi manat, iyirmi üç qəpik) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5699/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5699/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver