Məhkəmə qərarları › İş №3(001)-570/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-570/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-570/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 221.1 və 452.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 221.1 və 452.3-cü maddələri ilə tərtib edilmiş 02.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən ünvan 1 ünvanında Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 01.02.2022-ci il tarixdə dövlət qeydiyyatından keçməyən, sertifikatı olmayan dərman vasitələrinin satışı məqsədilə saxlanılması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, cəmiyyət barəsində İXM-in 221.1 və 452.3-cü maddələri ilə tərtib edilmiş protokol tam əsasızdır. Belə ki, İXM-in 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə şəxs inzibati məsuliyyətə səbəb olur. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmağıdından, cəmiyyət barəsində tərtib olunmuş inzibati protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Səhiyyə Nazirliyinin Analitik X2 Hüquqi Şəxsi tərəfindən 01 fevral 2022-ci il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində plan üzrə (növbəti) yoxlama keçirilmiş və yoxlama zamanı aptekimizdə bir sıra adda dərmanın dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi kimi qeydə alınmaqla, həmin dərmanlar müfəttiş tərəfindən nümunə kimi götürülmüşdür. Səhiyyə Nazirliyinin Analitik X2 Hüquqi Şəxsi tərəfindən dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi kimi qeyd alınmış həmin dərmanlarla bağlı məhkəmənin diqqətinə çatdırırıq ki, həmin dərmanlardan əksər dərman vasitələri tərəfimizdən Bakı şəhərində dərman vasitələrinin topdan satışı ilə məşğul olan və Bakı şəhərində demək olar ki, bütün apteklərin müraciət etdiyi və dərman vasitələrini aldığı "xxxx" QSC-dən alınmışdır. Məlumat üçün bildirmişdir ki, hər dəfə tərəflərindən "xxxx" QSC-yə ödənişlər edilməklə müxtəlif dərman vasitələri, o cümlədən Səhiyyə Nazirliyinin Analitik X2 Hüquqi Şəxsinin yoxlama aktında qeyd edilmiş dərmanlar həmin müəssisədən alınmışdır. Həmçinin, "xxxx" QSC ilə Şəxs QSC arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən satıcı "xxxx" QSC alıcı Şəxs QSC-nə dərman məhsulları təmin edir, satışı alıcının sifarişi əsasında lazımi malları vaxtında hazırlayıb alıcıya çatdırmalıdır. Göründüyü kimi, Səhiyyə Nazirliyinin Analitik X2 Hüquqi Şəxsinin yoxlama aktında qeyd edilmiş dərman vasitələri tərəflərindən tam qanunauyğun şəkildə, dəyəri ödənilməklə əldə edilmiş və həmin dərmanların satışı qanunauyğun surətdə həyata keçirilmişdir. Göstərilənlərdən tam şəkildə aydın olur ki, həmin dərman vasitələrinin satışı ilə bağlı hər hansı qanunsuzluğa yol verilməmişdir. Belə olan halda tərəflərindən hər hansı inzibati xəta ilə bağlı hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs QSC-nin əməlində İXM-in 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından tərtib edilmiş protokolda göstərilmiş İXM-in 452.3-cü maddəsinin tərkibi də yaranmır. Ona görə də, Şəxs QSC barəsində İXM-in 221.1 və 452.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 01 sentyabr 2017-ci il tarixli müqavilədən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə (alıcı) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (satıcı) arasında dərman vasitələrinin, əczaçılıq məhsullarının və tibbi ləvazimatların alğı-satqısı barədə müqavilə bağlanmışdır. 01 fevral 2022-ci il tarixli, 48 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 01.02.2022-ci il tarixdə dövlət qeydiyyatından keçməyən, sertifikatı olmayan dərman vasitələrinin satışı məqsədilə saxlanılması aşkar edilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, dərman vasitələrinin, əczaçılıq məhsullarının və tibbi ləvazimatların alğı-satqısı barədə 01 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik X2 Hüquqi Şəxsinin 01 fevral 2022-ci il tarixli, 48 nömrəli yoxlama aktında qeyd edilmiş dərman vasitələrini "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ünvan 1 ünvanında yerləşən pərakəndə satış əczaçılıq müəssisəsində satışı məqsədilə saxlanılmışdır. Qeyd edilməlidir ki, həmin dərman vasitələrinin Azərbaycan Respublikasına Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gətirilməsinə dair hər hansı bir sübut mövcud deyildir. Belə olduğu təqdirdə Azərbaycan Respublikasında həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçirilməsi öhdəliyi Şəxs Qapalı Səhmdar Cəmiyyətinə aid deyildir. Həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçirilib-keçirilməməsini bilmədiyi üçün, Azərbaycan Respublikasında həmin dərman vasitələrinin digər hüquqi şəxsdən rəsmi alğısatqı müqaviləsi əsasında satın alınaraq satışının həyata keçirilməsi ilə bağlı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 221.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Həmçinin səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 221.1-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Səlahiyyətli orqanın həmin qənaətə gəlməsinə səbəb isə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bu zaman aptek təşkilatlarına dair tələbləri pozması, yəni həmin Məcəllənin 452.3-cü maddəsinin tələblərini pozması olmuşdur. Göründüyü kimi, cəmiyyətin İXM-in 452.3-cü maddəsi ilə müəyyən edilmiş əməli sırf həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi ilə bağlı olmuşdur. Məhkəmədə isə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 221.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmaması sübuta yetirildiyindən artıq cəmiyyətin əməlində İXM-in 452.3-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalı, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddələri üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddələri üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir, bu barədə sübutlar kifayət etmir və şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 02.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 221.1 və 452.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 02.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar