Məhkəmə qərarları › İş №3(001)-5709/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5709/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5709/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Keştazlı kəndində qeydiyyatda olmaqla, Neftçala rayonunun Xolqaraqaşlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 18 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yataqxanada psixotrop maddə olan metamfetamin istifafə etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 16 avqust 2025-ci il tarixdə, təxminən saat 16:40 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları xidmət zamanı Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı keçirdikləri əməliyyat tədbirləri ilə əlaqədar şübhəli bilinən Şəxs Bölməyə dəvət etmiş, Bölmədə Şəxs 12 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yataqxanada metamfetamin istifadə etdiyini bildirmişdir. Bu fakt tibbi rəylə də öz təsdiqini tapdığından hazırki protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati qaydada tutma tətbiq edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, həqiqətən də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə 12 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yataqxanada metamfetamindən istifadə etmişdir. Əməlindən peşmandır. Ona görə də, barəsində inzibati həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 avqust 2025-ci il tarixli, 5018 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET(+), MOP(+), AMP(+), THC (+) aşkar olundu. Müayinə zamanı öz deməsinə görə 2018-ci ildən narkotik vasitə olan marixuanadan, 2020-ci ildən psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən istifadə edir. Müayinə zamanı Şəxs Kannabinoidlərin, Opiodilərin və Psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə Şəxs törətmiş olduğu əməli etiraf etməklə, peşmanlıq hissi çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 16 avqust 2025-ci il tarixdən saat 16:00-dan hesablanmalı, habelə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 avqust 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası inzibati həbsə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar