Məhkəmə qərarları › İş №3(001)-5713/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5713/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5713/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X5 Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29076790 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29076790 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, DYP tərəfindən xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, barəsində EQ29076790 nömrəli, 06 iyul 2025-ci il tarixli protokol əsasında inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh qərarı əsassız və qanunsuz olmuşdur. Belə ki, Mercedes Benz GLE 350 minik markalı, Universal tipli **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X3 adına qeydiyyatdadır. Həyat yoldaşı X4 ilk öncə oğlu X9, daha sonra gəlini X2 isə ona nəqliyyat vasitəsini idarə etməyi üçün etibarnamə vermişdir. Bundan sonra, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, EQ29076790 nömrəli, 06 iyul 2025-ci il tarixli protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 400 AZN məbləğində tənbeh növü tətbiq edilmişdir. Şikayətin məzmununa gəldikdə isə, AD seriyalı 304946 nömrəli sürücülük vəsiqəsinə əsasən, qüvvədə olan sürücülük vəsiqəsi vardır. Sürücülük hüququ olduğu halda barəsində qanunsuz olaraq inzibati tənbeh barədə qərar qəbul edilərək cərimə olunmağına dair tənbeh növü tətbiq edilmişdir. Bundan əlavə, gəlini X10 tərəfindən xx.xx.2025-ci il tarixdə bu hal ilə bağlı inzibati tənbeh tətbiq edən orqana elektron formada şikayət edilməklə, nəqliyyat vasitəsinin onun tərəfindən idarə olunmasını bildirilərək protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi xahiş edilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş bu protokol texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də tərəfindən edilib-edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman Mercedes Benz GLE 350 minik markalı, Universal tipli **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun ümumiyyətlə olub-olmadığının səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunması barədə tənbeh növü tətbiq edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, qoşmaya əlavə olunmuş xarici pasportdan da göründüyü kimi, cərimə olunduğu tarixdə o, ölkə hüdudlarından kənarda olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Belarusiya Respublikasında olmağı, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin tərəfindən idarə olunmamasının birbaşa sübutudur. Həmçinin EQ29076790 nömrəli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq sözügedən qərar müvafiq elektron sistemə yüklənməmiş və beləliklə inzibati xəta haqqında qərar rəsmi qaydada ona təqdim edilməmişdir. Bu səbəbdən də, tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə qərarı əlavə etmək mümkün olmamışdır. Binəqədi Rayon Məhkəməsinin 3(001)-4981/2025 saylı qərardadına əsasən şikayəti geri qaytarılmışdır. Sözügedən inzibati tənbeh vermə haqqında qərar yalnız şifahi sorğusundan sonra xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ tərəfindən ona rəsmi qaydada təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə və şikayətçi X7 məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə tərəflərin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BB486295 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz GLE 350” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. AD 304946 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “ASANPay” ödəniş sistemindən olan çıxarışdan görünür ki, X8 EQ 29076790 nömrəli protokol əsasında 06 iyul 2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2025-ci il tarixli elektron müraciətdən görünür ki, X10 Baş X16 İdarəsinə müraciət edərək, EQ 29076790 və EQ 28638181 saylı inzibati xəta haqqında protokollarla bağlı bildirmişdir ki, həmin tarixlərdə nəqliyyat vasitəsini o idarə etmişdir. X7 məxsus xarici passportdan olan çıxarışdan görünür ki, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, X8 müraciətində inzibati xətanın törədildiyi “Mercedes Benz GLE 350” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyini, qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı sonuncu etibarnamənin onun adına verilməsi səbəbindən inzibati tənbeh vermə haqqında qərarla cərimənin onun adına yazıldığını, həmçinin qüvvədə olan sürcülük vəsiqəsinin olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X5 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 06 iyul 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman “Mercedes Benz GLE 350” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X8 tərəfindən idarə edilməsi faktı tam araşdırılmamış, sadəcə olaraq nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi tərəfindən son olaraq ona etibarnamə verildiyindən inzibati tənbehvermə haqqında qərar onun barəsində qəbul edilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-nin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29076790 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda “Mercedes Benz GLE 350” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29076790 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar