Məhkəmə qərarları › İş №3(001)-572/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-572/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-572/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, "xxxx" MMC, Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, 6-cı mikrorayon, ev 4, mənzil 113, VÖEN **********, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 493-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 90FL932/20ZA077 nömrəli nəqliyyat vasitəsi ilə daxil olan yükün çatması VAİS proqramında xx.xx.2022-ci il tarixdə təsdiq olunmuşdur, idxal olunan yüklərə dair Gömrük Bəyannamələri GM-nin 149.3-cü maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməmişdir. X1 Sitsteminə baxış zamanı "xxxx" MMC-nin ünvanına 90FL932/20ZA077 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair xx.xx.2023-cü il tarixdə **********4139 sorğu nömrəli GB mallar təyinat ünvanına çatdırıldıqdan 18 gün sonra gömrük orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. "Frozen Products” MMC-nin ünvanına Polşadan 90FL932/20ZA077 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, "Frozen Products” MMC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/000997 nömrəli xx.xx.2023-cü il tarixli raport, **********4139 sorğu nömrəli GB, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan “Malın çatdırılması və boşaldılmasana dair çıxarış, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 90FL932/20ZA077 nömrəli nəqliyyat vasitəsi ilə daxil olan yükün çatması VAİS proqramında xx.xx.2022-ci il tarixdə təsdiq olunmuşdur, idxal olunan yüklərə dair Gömrük Bəyannamələri GM-nin 149.3-cü maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursundan malların çatdırılması və boşaldımasına dair çıxarışdan görünür ki, 90FL932/20ZA077 nömrəli nəqliyyat vasitəsilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 493-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə "xxxx" MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar