Məhkəmə qərarları › İş №3(001)-5735/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5735/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5735/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-in direktoru X4 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3000 (üç min) manat cərimə edilmişdir. Qərardan narazı qalan X4 məhkəməyə şikayət vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti onunla əsaslandırmışdır ki, inzibati xətanın predmeti iki şəxs – X6 və X3r. Adı çəkilən şəxslər üçün "xxxx" MMC olaraq əraziyə giriş icazəsi alınmış dövrdə işğaldan azad olunmuş ərazilərə daxil olmamış, tikinti ərazisinə gəlməmişlər. MMC olaraq ümumiyyətlə protokolda adı keçən şəxslərlə əmək müqaviləsi bağlanması öhdəlikləri yoxdur, çünki onlarla hər hansı əmək münasibətlərinin olacağına dair razılıq əldə edilməmişdir. X6 və X5 bildirmişlər ki, onlar "xxxx" MMC ilə heç bir əmək münasibətlərinə daxil olmamışlar. X7 Xidmətinin eyni məsələ ilə bağlı "xxxx" MMC barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə icraata Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından X7 Xidmətinin verdiyi apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunanlara və şikayətdə göstərilən digər əsaslara əsasən şikayətin təmin edilməsini, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X7 Xidmətinə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN № ******* nömrəli 09 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin əmək müfəttişi X8 tərəfindən hüquqi şəxs "xxxx" MMC-in direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC vətəndaşlar X6 və X2 xx.xx.2024-cü il tarixdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri alsa da, həmin vətəndaşların əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair məlumat yoxdur. MN № ******* saylı 23 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-in direktoru X4 Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir ondan ötrü ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC vətəndaşlar X6 və X2 xx.xx.2024-cü il tarixdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri alsa da, həmin vətəndaşları əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-615/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin vətəndaşlar X6 və X2 xx.xx.2024-cü il tarixdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə tərtib edilmiş 09 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-451/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Cəlilabad Rayon Məhkəməsinin 3(073)-615/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərarlardan həmçinin görünür ki, vətəndaşlar X6 və X2 xx.xx.2024-cü il tarixdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-in direktoru X4 tərəfindən vətəndaşlar X6 və X2 xx.xx.2024-cü il tarixdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə edilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində adları qeyd olunan şəxslərlə bağlı iş icazəsinin alınmasına dair məlumatlar hüquqi şəxs "xxxx" MMC-in direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Başqa sözlə, qanunda məsuliyyət iş icazəsi alınmış şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulmuşdur. Bu mənada vətəndaşlar X6 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi sübut olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-in direktoru X4 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.1. inzibati xəta hadisəsi olmadıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X1 Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsilə 3000 (üç min) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar