Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5783/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs İsmayılzadə Azər Elxan oğlunun, Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsi Abbasov Niyazi Əjdər oğlunun iştirakları ilə, İsmayılzadə Azər Elxan oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayılzadə Azər Elxan oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində İXP ******* nömrəli yanlış inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə baş vermişdir. İnzibati xəta haqqında protokol iki dəfə Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə protokolun düzgün tərtib olunmaması səbəbi ilə sənədləri geri qaytarmışdır. Bakı şəhər Baş Polis İdarəsi DYPİ xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol üzrə barəsində qərar qəbul etmişdir. Məhkəmə iclasında İsmayılzadə Azər Elxan oğlu şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixdə səhər saatlarında sərxoş halda avtomobil idarə etməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Lakin həmin protokol əsassızdır. Çünki o, həmin gün spirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında bir qədər içki qəbul edib yatmış və səhər avtomobili idarə edərkən onda sərxoşluq halı olmamışdır. Barəsində protokol tərtib edildikdən təxminən 2 saat sonra ayıq olduğunu sübut etmək məqsədi ilə tibbi rəy almaq üçün dispanserə getmiş və həkim tərəfindən müayinə olunduqdan sonra ayıq olması, onda sərxoşluq əlamətlərinin olmaması müəyyən edilmişdir. Həmin rəy də sübut edir ki, o, protokol tərtib edilən gün ayıq olmuşdur. Lakin Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən barəsində düzün qərar verilməyərək xx.xx.2020-ci il tarixdə 400 manat cərimə edilməsinə dair qərar qəbul olunmuşdur. Ona görə də, məhkəmədən barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsi Abbasov Niyazi Əjdər oğlu bildirmişdir ki, İsmayılzadə Azər Elxan oğlunun idarə etdiyi “Chevrolet Sonic” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və bu zaman sürücünün sərxoş olması halı müəyyən edilmişdir. Sürücünün sərxoşluğunun müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə olunmuş və bu zaman İsmayılzadə Azər Elxan oğlunun qəbul etdiyi alkoqolun miqdarı 0,796 promilli olmuşdur. Bu səbəbdən də, Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixdə “Chevrolet Sonic” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayılzadə Azər Elxan oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli inzibati tənbeh olunması haqqında qərar qəbul olunmuşdur. Odur ki, məhkəmədən İsmayılzadə Azər Elxan oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, İsmayılzadə Azər Elxan oğlu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, “Chevrolet Sonic” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayılzadə Azər Elxan oğlunun sərxoşluq vəziyyətinin müayinəsi zamanı onun nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi halı aşkar edilmiş və onda olan alkoqolun miqdarı 0,796 promilli olmuşdur. Qeyd olunan müayinə protokolu həmin tarixdə saat 08:15-də tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Chevrolet Sonic” markalı, **- RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsmayılzadə Azər Elxan oğlu tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunması halı aşkar edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, 2/12747 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, İsmayılzadə Azər Elxan oğlu həmin tarixdə saat 10:05-də müayinə olunmuş və oda alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılzadə Azər Elxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 08:10da Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən xüsusi texniki vasitədən istifadə edilməklə İsmayılzadə Azər Elxan oğlunun sərxoş vəziyyətə nəqliyyat vasitəsini idarə etməsi halı aşkar edilərək həmin tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin İsmayılzadə Azər Elxan oğlu bununla razılaşmayaraq xx.xx.2020-ci il tarixdə saat 10:05-də tibbi müayinədən keçərək ayıq olması barədə rəy almış və həmin rəyə istinad edərək avtomobili idarə edərək sərxoş olmadığını qeyd etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu ya dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən, ya da polis əməkdaşı tərəfindən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələr vasitəsilə həyata keçirilir. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən həmin maddə ilə məsuliyyət şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə görə müəyyən edilmişdir. Yəni bu o deməkdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs yoxlama anında sərxoş olduğu təqdirdə onun əməlində həmin maddənin tərkibi yaranmış olur. Göründüyü kimi, İsmayılzadə Azər Elxan oğlunun məhkəmə iclasında xx.xx.2020-ci il tarixdə gecə saatlarında içki qəbul etməsi və səhər onda sərxoşluq halının ola bilməməsi ilə bağlı səsləndirdiyi fikirləri təkzib edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İsmayılzadə Azər Elxan oğlunun şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə İsmayılzadə Azər Elxan oğlu tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, İsmayılzadə Azər Elxan oğlunun həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayılzadə Azər Elxan oğlunun Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5783/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5783/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver