Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5789/2025 20.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 08 avqust 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(001)-1201/2012 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(001)-7329/2019 saylı, Bakı şəhəri 26 saylı notariat ofisini xüsusi notariusu tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 8İ-10450 reyestr nömrəli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)-6939/2022 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(001)-824/2025 saylı icra sənədləri üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 20 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(001)- 1201/2012 saylı icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 906,03 ABŞ dolları əsas, 932,58 ABŞ dolları faiz borcunun ödəniş gününə manata olan məzənnə ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(001)- 7329/2019 saylı icra sənədinə əsasən, Şəxs cəmi 809,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri 26 saylı notariat ofisini xüsusi notariusu tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 8İ-10450 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 625,48 manat əsas borc, 63 manat cərimə, 20 manat dövlət rüsumu, cəmi 708,48 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)- 6939/2022 saylı icra sənədinə əsasən, Şəxs cəmi 435 manat borcun və 23,81 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(001)- 824/2025 saylı icra sənədinə əsasən, Şəxs cəmi 2333 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs həmin icra sənədlərinin icrasından yayınmış, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında icra məmuru E.V.Mansurov protokolu müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, sözügedən icra sənədləri üzrə borclu dəfələrlə İcra Şöbəsinə dəvət olunsa da, çağırışlardan yayınmış, icra sənədlərinin heç biri tam icra olunmamış, qeydiyatda olduğu ünvanda yaşamadığı müəyyən olunduqdan sonra onun barəsində axtarış elan edilmiş, nəhayət 20 avqust 2025-ci il tarixdə Şəxs İcra Şöbəsinə gəlmiş, verdiyi izahatında icra sənədlərini tam şəkildə icra etməyə hazır olmadığını bildirmiş, buna görə də, barəsində hazırki porotokol tərtib olunmuşdur. Sonda E.V.Mansurov Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ifadəsində göstərdi ki, o, maddi imkansızlığı ilə əlaqədar borclarını ödəyə bilmir. Məhkəmədən əməlini etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb, barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Tədqiq edilən sübutlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2012-ci il tarixli, 2(001)- 1201/2012 saylı icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 906,03 ABŞ dolları əsas, 932,58 ABŞ dolları faiz borcunun ödəniş gününə manata olan məzənnə ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 06 aprel 2012-ci il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. 19 fevral 2016-cı il tarixdə borcluya icra sənədini icra etməsi ilə bağlı xəbərdarlıq ünvanlanmışdır. 26 fevral 2016-cı il tarixdə İcra Şöbəsində verdiyi izahatında Şəxs borcu ödəməkdən yayınmadığını, lakin maddi imkansızlığı ilə əlaqədar ödəniş edə bilmədiyini göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(001)- 7329/2019 saylı icra sənədinə əsasən, Şəxs cəmi 809,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 09 dekabr 2019-cu il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisini xüsusi notariusu tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, 8İ-10450 reyestr nömrəli icra qeydinə əsasən, Şəxs 625,48 manat əsas borc, 63 manat cərimə, 20 manat dövlət rüsumu, cəmi 708,48 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra qeydi ilə bağlı 30 noyabr 2021-ci il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(001)- 6939/2022 saylı icra sənədinə əsasən, Şəxs cəmi 435 manat borcun və 23,81 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 19 yanvar 2023-cü il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(001)- 824/2025 saylı icra sənədinə əsasən, Şəxs cəmi 2333 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi ilə bağlı 04 mart 2025-ci il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. İcra məmurunun 01 aprel 2025-ci il tarixli qərarı ilə göstərilən icra sənədləri bir icraatda birləşdirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu icra vərəqələri üzrə müəyyən edilmiş tələbləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alınır. Onun əməlini səmimi etiraf etməsi, peşmanlıq hissi keçirməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını, bununla belə, borclunun icra sənədini icra etmək niyyətini ifadə etməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5789/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5789/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver