Məhkəmə qərarları › İş №3(001)-5790/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5790/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5790/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 518.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyətinə və Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, KY201543268 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində sahibkarların plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, 983 nömrəli “Yanğın-Texniki Müayinənin Aparılması haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixli, KY201543268 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 2 ünvanında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılacaq plandankənar (növbədənkənar) yoxlama ilə bağlı müayinə suallarının tərtib edilməsi qərar alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, 983 nömrəli “Yanğın-Texniki Müayinə” aktından görünür ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 2 ünvanında aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi ilə bağlı “Yanğın Təhlükəsizliyi” Qaydalarının 2.2-ci bəndinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 2 ünvanında inşa edilən “Bravo” marketdə plandankənar yanğın təhlükəsizliyinin müayinəsi zamanı “Yanğın Təhlükəsizliyi” Qaydalarının 2.2-ci bəndinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. İXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 2 ünvanda Yanğın təhlükəsizliyi haqqında qaydaların tələblərini pozmuş və bununla bağlı daxil olmuş məlumat əsasında səlahiyyətli orqan tərəfindən aparılan müayinə zamanı cəmiyyət tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının 2.2-ci bəndinin tələblərinin pozulması halı aşkar olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının 2.2-ci bəndinin tələblərinin pozulması iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 518.3-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Markets Real Estates» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar