Məhkəmə qərarları › İş №3(001)-5805/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5805/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5805/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski 54, mənzil 97 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru Nümayəndə2 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs barəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3083/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 7560 manat məbləğində əsas borc və 95 manat, 60 qəpik məbləğində rüsum tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Qeyd olunan icra işi üzrə icraata başlanmış, zəruri icra tədbirləri həyata keçirilmiş, lakin icra sənədinə göstərilən 7655.6 manat məbləğində borcun Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini təmin etmək mümkün olmamışdır. Borclu icra qrumuna gəlmədiyi üçün barəsində axtarış verilmişdir. Daha sonra borcun ödənilməsinin təmin edilməsi üçün borclunun mülkiyyətində olan əmlakın siyahıya alınması üçün yaşayış ünvanına getmək zərurəti yarandığından xx.xx.2024-cü il tarixində Şəxs yaşayış ünvanına gedilmiş, lakin qapını döymələrinə baxmayaraq qapı açılmamışdır. Buna görə də onun yaşayış ünvanında olan əşyaların siyahıya alınması mümkün olmamış, bununla bağlı tərəfindən akt tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs icra vərəqəsinin tələbini icra etmədiyi və icra məmurunun qanuni çağırışına əməl etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq şəxsin barəsində daha əvvəl Binəqədi Rayon Məhkəməsinin 1202.2024-cü il tarixli qərarı ilə icraata xitam verildikdən sonra həmin məhkəmə qərarında göstərilənləri icra etmək üçün yalnız xx.xx.2024-cü il tarixində Şəxs yaşayış ünvanına gedilldiyini, onun evdə olmadığından akt tərtib edildiyini, tələbkar borcluda olan əmlakları istəmədiyindən və eyni zamanda iş yükünün çoxluğu ilə əlaqədar daha sonra təkrar olaraq onun yaşayış ünvanına gedilmədiyini bildirmişdir. Ona verilmiş digər suala cavab olaraq isə borclunun icra qrumuna dəvət edilməsi barədə hər hansı rəsmi çağırış vərəqəsinin və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Barəsində icraat aparılan şəxs Şəxs izahat verdikdən sonra isə Zərərçəkmiş şəxs MMC-nin digər nümayəndəsi Xəlil adlı şəxsin Şəxs qonşusunun ünvanına getdiyini təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvanı ünvan 2aktiki yaşadığı ünvan ünvan 3lduğu ünavanda anası yaşayır. Onun nə rəsmi qeydiyyatda olduğu, nə də faktiki yaşadığı ünvana icra qrumu tərəfindən hər hansı rəsmi çağırış vərəqəsi və ya hər hansı bildiriş göndərilməmiş, birbaşa onun barəsində axtarış verilmişdir. Keçən məhkəmə iclasında da bidirdiyi kimi aldığı cihazlar faktiki yaşadığı ünavndadır və onun əlaqə nömrəsi icra məmurunda mövcuddur. İcra məmuru onun evinə gəlindiyini, lakin qapının açılmadığını bildirir. Evdə olduğu halda halda qapını açmaması mümkün deyildir. Onunun yaşadığı mənzildə siyahıya alınacaq əmlaklar mövcuddur. Həmin əmlakların şəkillərini də məhkəməyə təqdim edir. İcra məmuru istənilən vaxt həmin əmlaklara baxış keçirə və siyahıya ala bilər. Əlaqə nömrəsi icra məmurunda mövcuddur, lakin onun mobil telefonuna icra qrumuna çağırılması barədə hər hansı zəng edilməmişdir. Tələbkarın Xəlil adlı nümayəndəsi kamera çəkilişi ilə qonşularının ünvanına getmişdir. Xəlil adlı şəxsin qoşunlarının ünvanına getməsini qonşusu tərəfindən müşahidə kamerasına düşmüş görüntüləri ona təqdim etmişdir. O da həmin görüntüləri icra məmuruna da göstərmişdir. İcra məmurunun köməkçisi ona və həyat yoldaşına zəng etmiş və yaşayış ünvanlarında olan aparatlara baxış keçirtmək istədiklərini bildirmişdilər. O isə istənilən vaxt gələ biləcəklərini bildirmişdir. Həmçinin icra məmuru nə zaman zəng etsə cavab vermişdir. Lakin icra məmuru onların evinə gələrək baxış keçirməmişdir. Həmçinin 2024-cü ilin iyun ayında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Xəlil adlı şəxs başqa bir tanımadığı şəxslə onun yaşayış ünvanına gəlmiş, lakin o həmin şəxsi tanımadığı üçün onları evin içərisinə buraxmamışdır. Aldığı əşyaları göstərmək üçün onları mənzildən çıxarmış, lakin qarşı tərəfin nümayəndəsinin yanında gələn tanımadığı şəxs onunla aqresiv danışdığ üçün mübahisə etmişdir. Verilmiş suallara cavab olaraq hazırda özünün və həyat yoldaşının heç bir yerdə işləmədiyini, maddi imkanı olmadığından ödəməli olduğu borc məbləğini ödəyə bilmədiyini, himayəsində xx.xx.2012-ci il təvəllüdlü Əliyev Faiq və Əliyev Bəylər adlı əkiz, habelə xx.xx.2013-cü il təvəllüdlü Əliyev Raul adlı 3 azyaşlı övladının olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, hazırda cəmiyyətin tələbi məhkəmə qətnaməsi ilə təmin edilmiş 7655.6 manat məbləğində borcun Zərərçəkmiş şəxs MMC-yə ödənilməsidir. Məhkəmə qətnaməsi ilə borcludan hər hansı cihazın qaytarılması deyil, 7655.6 manat pul vəsaitinin tutulması qət edilmişdir. Biz həmin cihazın qaytarılmasını qəbul etmirik, həmin cihazlar satılaraq cəmiyyətin pulunun ödənilməsinə isə etiraz etmirik. Cəmiyyətin nümayəndəsi Şəxs yaşayış ünvanına onun həqiqətən həmin ünvanda yaşayıb yaşamamasını dəqiqləşdirmək üçün getmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 7560 manat məbləğində borc, 95 (doxsan beş) manat, 60 (altmış) qəpik məhkəmə xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı 3 azyaşlı övladı var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-1140/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-385/2024 saylı qərarı ilə Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəxs tərəfindən məhkəməyə faktiki yaşadığı ünvanda ollduğunu bildirdiyi üzərində “G-MAX Turbo”, “CAVSSM” və ”X7 Equipment” yazıları olan 3 ədəd gözəllik salonlarında istifadə olunması üçün nəzərdə tutulmuş cihazın fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxs nümayəndəsinin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 7560 manat məbləğində borc, 95 (doxsan beş) manat, 60 (altmış) qəpik məhkəmə xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Həmin icra sənədi üzrə borc məbləği Şəxs tərəfindən daha əvvəl də ödənilmədiyi əsası ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2024cü il tarixli 3(001)-1140/2024 saylı qərarı ilə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1140/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında Şəxs mülkiyyətində olan daşınar əmlakların siyahıya alınıb satılaraq tələbin əmlaka yönəldilməsinin mümkünlüyü göstərilmişdir. Lakin icra məmuru tərəfindən həmin məhkəmə qərarında göstərilənlərə etinasız yanaşılmış, yalnız həmin məhkəmə qərarının qəbul edildiyi tarixdən 4 ay sonra Şəxs faktiki yaşadığı ünavna gedilldiyi lakin qapının açılmadığına dair akt tərtib edilmiş, həmin aktın da tərtib edilməsindən 4 ay sonra isə onun barəsində hazırkı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründyü kimi icra məmuru bu 8 aylıq müddətdə yalnız bir dəfə şəxsin ünvanına getməklə kifayətlənmişdir. Aydındır ki, icra məmurunun gəldiyi vaxt şəxsin evdə olmaması halı mümkündür. Barəsində icraat aparılan şəxsin əlaqə telefonu icra məmuruna məlum olması da işin mübahisəsiz halıdır. İcra məmuru barəsində icraat aparılan şəxslə əlaqə saxlayaraq onun göstərdiyi daşınar əmlakların siyahıya alınması üçün tarixi və vaxtı dəqiqləşdirməsi də mümkündür. Lakin icra məmuru tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi üçün daha əvvəl məhkəmə qərarında göstərilənlər tam icra edilmədən yenidən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək təkrar məhkəməyə təqdim edilmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilərkən qərarda göstərilmişdir ki, “icra məmuru hazırkı halda barəsində protokol tərtib edilmiş Şəxs faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski 54, mənzil 97 ünvanında olmamış, onun xx.xx.2024-cü il tarixli izahatında göstərdikləri dəqiləşdirilməmiş, borcun icrasını təmin etmək üçün ona məxsus daşınar əmlakların olubolmamasını müəyyən etməmişdir. Məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir.” Lakin həmin məhkəmə qərarında göstərilən xüsusatlara əməl edilməmiş, icra məmuru tərəfindən yenidən qətnamənin icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası qanununda borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1) məcburi icra tədbirləri siyahısına aid edilmişdir. Həmçinin məcburi icra tədbirlərinin tətbiqi əsasları göstərilmişdir ki, sözügedən əsaslar həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunmasından (44.1.1), icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsindən (44.1.2) və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsindən (44.1.3) ibarətdir. Göstərilən 3 əsasdan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. (44.2) Məhkəmə iclasında isə tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, icra məmuru borclunun faktiki yaşadığı ünvanda sadəcə xx.xx.2024-cü il tarixdə olmuş, həmin zaman barəsində icraat aparılan şəxs əvdə olmadığından əmlakların siyahıya alınması mümkün olmamışdır. Lakin həmin tarixdən sonra icra məmuru tərəfindən borclu şəxslə hər telefon əlaqəsi saxlanılmamış, həmin ünvana yenidən gedilməmiş və həmin tarixdən 3 ay 4 gün sonra hazırkı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Halbuki barəsində icraat aparılan şəxs telefon nömrəsinin icra məmuruna məlum olduğunu, siyahıya alına biləcək əmlakının olduğunu, icra məmuru tərəfindən ona rəsmi qaydada hər hansı çağırış verilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlaqə nömrəsi icra məmurunda mövcuddur, icra məmuru asanlıqla borclu ilə əlaqə yarada bilər, evdə olubolmamadığını dəqiqləşdirə bilərdi. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədi üzrə hərəkətsizlik edilmiş, borclunun daşınar əmlaklarının siyahıya alınması və həmin əmlakların satılaraq tələbin əmlaka yönəldilməsini təmin etmək istiqamətində kifayət qədər zəruri addımları həyata keçirilmədən proyokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3083/2023 nömrəli icra sənədinə əsasən 7655,6 manat pulun tələbkara ödəməməsi və icra məmurunun qanuni çağırışlarına əməl etməməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çağrışlara əməl etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatına əsasən təkzib edilmiş, icra işində Şəxs icra orqanına çağırılması barədə hər hansı bir rəsmi sənəd aşkar edilməmiş, icra məmuru isə şəxsin rəsmi qaydada icra qrumuna dəvət edildiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Lakin Şəxs tələbin yönəldilə biləcəyi daşınar əmlakının olmasını, həmin əmlakların siyahıya alınması üçün istənilən zaman icra məmuruna təqdim edə biləcəyini bildirməsi onun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Faktiki olaraq Şəxs heç bir yerdə işləmir və himayəsində 3 azyaşlı övladı vardır. "Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqa uyğun hesab edir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasız qalması mənasına gəlmir və icra məmuru yuxarıda qeyd edilən məcburi icra hərəkətlərini yerinə yetirdikdən və ya şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən yeni sübutlar əldə etdikdən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar