Məhkəmə qərarları › İş №3(001)-5807/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5807/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5807/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının həyətinə girişdə BDYPİ-nin YPXA-ya bilavasitə tabe olan növbətçi hissəsinin sürücüsü X2 nalayiq sözlərlə təhqir etmiş, ictimai qaydanı pozmuş, YPX inspektorunun qanuni tələblərinə tabe olmamışdı. Bununla bağlı Şəxs 6-cı polis bölməsinə gətirilmiş və barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, oğlu üçün sürücülük vəsiqəsinin alınması ilə bağlı imtahanda köməklik göstərilməsindən ötrü Baş Dövlət Yol Polisi İdarəsinə getmişdir. O, həmin idarədə Abdulla adlı şəxslə görüşmüş, sonuncuya oğlunun nəzəri imtahandan keçdikdən sonra avtomobil idarə etmə bağlı imtahanda köməklik göstərilməsini xahiş etmiş, bununla bağlı idarə rəisinin qəbuluna düşmək istədiyini bildirmişdir. Lakin o, qəbula düşə bilməmişdir. Oğlu nəzəri imtahanı verdikdən sonra ondan digər imtahanı keçməsi üçün 300 manat pul istəmişlər. O, bununla bağlı qəbulu girib şikayət etmək istəsə də onu heç kim qəbul etməmiş, o, da 902 xidməti zəng mərkəzinə zəng edib müraciət etmişdir. 19 sentyabr 2023-cü il tarixdə ona Daxili İşlər Nazirliyindən zəng edib, müraciəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə getməsini demişlər. O, həmin idarəyə getmiş, idarənin həyatinə daxil olarkən adını sonradan bildiyi YPX inspektoru Pərvin Orucov gülə-gülə ona “sənə göstərəcəyəm” demiş, o, da avtomobilin şüşəsini endirib, “görərik kimə göstərəcəklər” deyə cavab vermişdir. Həmin vaxt Pərvin Orucovla aralarında mübahisə yaranmışdır. Bundan sonra o, öz avtomobili ilə həmin ərazidən uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə ona Binəqədi RPİ-nin 6-cı polis bölməsindən zəng edib, polis bölməsinə çağırmışlar. O, polis bölməsinə getdikdən sonra barəsində İXM-in 510 və 535.1-ci maddələri protokol tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, YPX inspektorunu söyüb, təhqir etməmiş, tabesizlik göstərməmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid BDYPİ-nin YPXA-ya bilavasitə tabe olan növbətçi hissəsinin sürücüsü X4 izahatında göstərmişdir ki, o, ilk dəfə Şəxs BDYP-nin Nəzarət buraxılış məntəqəsində görmüş, sonuncu həmin vaxt idarənin əməkdaşları ilə mübahisə etmişdir. Bundan iki-üç gün sonra Şəxs yenidən idarədə görmüş sonuncu onu həmin vaxt təhqir edib, hədələməyə başlamışdır. O, Şəxs onu kimləsə səhv saldığını demiş, idarədən çıxıb getmişdir. 19 sentyabr 2024-cü il tarixdə o, idarənin həyətindən xidməti avtomobildə getmək istəyərkən Şəxs yüksək səslə onu yenidən təhqir etmiş, o, sonuncu ilə həmin vaxt dialoqa girməmiş, həmin yerdə uzaqlaşıb getmişdir. O, həmin gün, baş vermiş hadisə ilə bağlı raport yazmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə BDYPİ-nin həyətində onu söyüb təhqir etmiş, lakin tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs 19 sentyabr 2024-cü il tarixdə BDYPİ-nin qarşısında YPX inspektorunu söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixli, AZA 022396 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:15-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 sentyabr 2024-cü il tarixdə BDYPİ-nin inzibai binasında polis əməkdaşları mübahisə edərək, onların ünvanına nalayiq sözlər demiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməllərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda Şəxs YPX inspektorunu ictimai yerdə nalayiq sözlərlə təhqir etməsi bildirilsə də, Şəxs barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən onun İXM-in 510-cu maddəsi ilə yanaşı 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmiş, hər iki maddə protokol tərtib edilmişdir. Qeyd edilən raportda Şəxs YPX inspektoru tərəfindən hər hansı qanuni tələblərin irəli sürülməsi, həmin tələblərə tabe olmaması qeyd edilməmişdir. Həmçinin proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, BDYPİ-nin YPXA-ya bilavasitə tabe olan növbətçi hissəsinin sürücüsü X4 xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tərəfindən Şəxs hər hansı qanuni tələb irəli sürülməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsaslıdır. OBelə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmədə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını və inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar