Məhkəmə qərarları › İş №3(001)-5827/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5827/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5827/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-518/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmin icra sənədinə əsasən borclu Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Həmçinin daha sonra X3 iddia ərizəsi əsasən aliment miqdarı artırılmışdır. Belə ki, Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-5187/2024 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş, xx.xx.2024-cü il tarixdə isə icraata başlanaraq Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Şəxs icra sənədi üzrə müəyyən olunmuş məbləği bir neçə dəfə ödəməmiş və tələbkarın şikayətləri nəticəsində icra şöbəsinə gətirildikdən sonra məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb edilməkdən yaxa qurtarmaq üçün icra sənədi üzrə borcu ödəmişdir. , Şəxs uzun müddət yoxa çıxır, yalnız axtarışla icra şöbəsinə gətirildikdən sonra icra sənədi üzrə ödənişi edir. Əks halda isə heç bir ödəniş etmir. Hazırki inzibati xəta haqqında protokol tərtib edilən zaman icra sənədi ilə 520 manat borc olmuş, icra şöbəsinə gətirildikdən sonra borcun 320 manatını ödəmiş, lakin qalıq qalmış 200 manat borcu isə ödəməmiş, həmçinin borcu ödəməyəcəyini bildirmişdir. Odur ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir və imkanı yoxdur. Şəkər xəstəliyindən əziyyət çəkir, səhhəti ilə əlaqədar olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir, himayəsində az yaşlı övladı da vardır. Özü isə kirayədə yaşayır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman 520 manat borc olmuş, 320 manatını ödəmişdir. İcra sənədi üzrə qalıq qalan 200 manat aliment borcunu isə ödəməyə hazırda imkanı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-518/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2021ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-518/2021 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-5187/2024 saylı icra vərəqəsindən görünür ki, Quba Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 518/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-5187/2024 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-5187/2024 saylı icra vərəqəsi üzrə barəsində protokol tərtib edildiyi andadək X5 ödənilməmiş 520 (beş yüz iyirmi) manat borcu olmuş, protokol tərtib edildikdən sonra 320 (üç yüz iyirmi) manat ödəniş etmiş, hazırdı ödənilməmiş 200 (iki yüz) manat aliment borcu vardır. Şəxs aliment borcu üzrə yalnız icra məmuru tərəfindən axtarış üzrə icra şöbəsinə sonra gətirildikdən sonra ödənişlər həyata keçiri. Hazırki protokol üzrə də 520 manat borc olmuş, borc tərtib edildikdən sonra Şəxs tərəfindən 320 (üç yüz iyirmi) manat ödəniş olunmuşdur. Göründüyü kimi Şəxs aliment borcunu yalnız axtarış qərarı ilə icra şöbəsinə gətirildikdən sonra ödəyərək qərəzli olaraq icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, bununla da İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs aliment borcu üzrə qismən ödəniş etməsini İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində aşağı həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar