Məhkəmə qərarları › İş №3(001)-583/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-583/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-583/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-6144/2020 nömrəli qərardadından müəyyən edilir ki, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi barəsində İXM-in 347-ci maddəsinə ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmış, lakin həmin qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmadan eyni tarixli və nömrəli nöqsanlı inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən toplanmış iş materiallarına Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi səlahiyyətli nümayəndəsinin müəyyən edilmiş vaxtda şöbədə iştirak etməsi ilə əlaqədar bildiriş və şəxsə inzibati xəta haqqında protokolun surətinin göndərilməsi ilə bağlı məlumat əlavə edilsə də, iş materiallarında həmin bildirişin və inzibati xəta haqqında protokolun surətinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilməsini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd olunan inzibati xəta haqqında protokolun surətinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilməsi göstərilsə də, şəxsə verilməli olan və göndərildiyi iddia edilən həmin inzibati xəta haqqında protokolun surəti iş materiallarında saxlanılmışdır. Bu da belə qənaətə gəlməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən yuxarıda qeyd edilən tələblər qərəzli olaraq yerinə yetirilməyərək səlahiyyətli nümayəndənin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə natamam araşdırma aparılmış və inzibati xəta haqqında protokolun surəti şəxsə verilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar