Məhkəmə qərarları › İş №3(001)-583/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-583/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-583/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17648.20 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “LİNK END A USA LLC” arasında müqavilə bağlanmış bu müqaviləni banka təqdim edərək qeyd edilən məbləği (17648.20 ABŞ dolları), LİNK END A USA LLC” şirkətinə köçürmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə əməliyyatlarının nəticəsini əks etdirəcək məlumatı banka təqdim etməli olduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu bu məlumatı banka təqdim etməmişdir. Lakin sonradan Mərkəzi banka təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir, müqavilə nömrəsi texniki olaraq səhv yazılmış, invoyslar eyni olmaqla bəyannamə mövcuddur. Əsas şərt invoysların üst-üstə düşməsidir. Qeyd edilənlərin nəzərə alaraq, protokolun müdafiəsindən hüquqi şəxsin xeyrinə imtina edir, məhkəmənin müvafiq qərar qəbul etməsini xahiş edirik.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXMin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ABŞ-da fəaliyyət göstərən “LİNK END A USA LLC” şirkəti arasında müqavilə bağlanmışdır. Bu müqavilədən Müdafiə Nazirliyinin də xəbəri vardır. Belə ki, bizim idxal etdiyimiz mallar hərbi sahəyə aid olduğundan Gümrük Bəyannaməsi məxfi kod altında doldurulur. Daha sonra Nazirlər Kabinetinin dərkənarı ilə məktub təqdim edərək, həmin malların ölkə ərazisinə idxalı həyata keçirilir. Bəyannamələr diqqət yetirilsə orda invoyslar eynidi, sadəcə mühasibin texniki səhvi ilə müqavilə nömrəsi səhv yazılmış və hər hansı bir bəyannaməyə bağlı olmayan kimi təqdim edilmişdir. Biz artıq zəruri sənədləri Sizə və Mərkəzi Banka təqdim etmişik xahiş edirik ki, nəzərə alaraq icraata xitam verəsiniz. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ABŞ-da fəaliyyət göstərən “LİNK END A USA LLC” şirkəti arasında malların idxalı ilə bağlı müqavilə bağlanmışdır.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “LİNK END A USA LLC” şirkətin hesabına 17648.20 ABŞ dolları vəsaiti köçürülmüşdür. Məhkəmənin əsaslandırması və mövqeyi

7. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

8. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixli müqavilə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ABŞ-da fəaliyyət göstərən “LİNK END A USA LLC” şirkəti arasında bağlanan müqavilə malların idxalı ilə bağlıdır. xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin hesaba 17648.20 ABŞ dolları vəsaiti köçürülmüş, həmin tarixdə vəsait “LİNK END A USA LLC” şirkətinin hesabına köçürülmüş, lakin mallar idxal edilməmişdir kimi qeydiyyat aparılmışdır. Lakin məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən ölkəyə mal idxal edilmişdir. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

10. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

11. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

12. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

13. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

14. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

15. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

16. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

17. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar