Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-585/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs şəxsiyyəti haqqında müəyyən məlumatlar qeyd olunsa da, onun fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Eyni zamanda, aparılmış araşdırma nəticəsində iş üzrə zərərçəkmiş şəxs müəyyən edilsə də, inzibati xəta haqqında protokol tərtib edilən zaman zərərçəkmiş şəxs barədə məlumatlar, yəni onun ad və soyadı, yaşadığı yerin ünvanı kimi məlumatlar, inzibati xətanın törədildiyi yer protokolda göstərilməmişdir. Həmçinin araşdırma zamanı zərərçəkmiş şəxsə maddi zərər vurulmuşsa belə, həmin ziyana dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;... 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;... 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bundan başqa iş materialları təhlil edilərək müəyyən etdim ki, X2 və X1 Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək X2 avtomobilindən 550 manat dəyərində əşyalarının oğurlanmasını, X4 avtomobilindən 200 manat dəyərində əşyalarının oğurlanmasını bildirmişdir. Həmin müraciət əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılmış və araşdırma zamanı oğurluq hadisəsinin X5 və Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və oğurlanmış əşyaların istifadə edilmiş vəziyyətdə olmasının zərər çəkmiş şəxlərin qeyd etdiyi məbləğlərin obyektiv olmadığı qənaətinə gəlinərək 14.02.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, araşdırma zamanı təhqiqatçı tərəfindən toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin, olmasını və həmin maddəyə görə cinayət məsuliyyətinin əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduqda yaranmasını nəzərə almayıb natamam araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Sadalanan halların araşdırılmaması, Şəxs hərəkətlərində yalnız inzibati xətanın olmasına şübhə doğurduğundan işə mahiyyəti üzrə baxılmasını istisna edir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-585/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-585/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver