Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5853/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X9 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X22 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X9 Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X17 Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X17 şikayətini onunla əsaslandırılmışdır ki, ** BZ *** dövlət qeydiyyat nişanlı, XPENG G9 markalı nəqliyyat vasitəsi üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinin pozulması əsas gətirilərək protokol və qərar tərtib edilmişdir. Protokolda yazdığı qeyd, eləcə də digər mötəbər sübutlar da göstərir ki tənbeh tədbiri işin hallarına adekvat olmayaraq qanunsuz şəkildə tətbiq edilmişdir. Bu səbəbdən də aidiyyəti qaydada müddəti ötürmədən yuxarı orqana şikayətlə müraciət etmiş və iki ay müddət keçəndən sonra xx.xx.2024-cü il tarixli cavabla ona tələbinin təmin edilmədiyi, müraciətin baxılmasından narazı olduğu halda məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. O, xx.xx.2024-cü il tarixində protokoldan şikayət verərək ona qarşı edilmiş hərəkəti mübahisələndirsə də, xx.xx.2024-cü il tarixində məlum olmuşdur ki, onun şikayəti nəzərə alınmadan xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ondan gizlənilmişdir. Nəzərə alınmalıdır ki, o, xx.xx.2024-cü il tarixinə kimi şikayətini araşdıran orqanla, şəxslə əlaqə saxlasa da ona bu müddətdə, eləcə də ona şikayətinin təmin edilməməsi barədə göndərilmiş xx.xx.2024-cü il tarixli cavabda da bildirilməmişdir ki, bəs şikayət versən də, şikayət icraatda olsa da, artıq kobud pozuntuya yol verilərək şikayət müddətini gözləmədən, şikayətin verilib-verilmədiyini araşdırmadan hansısa maraqlardan dərhal əsassız şəkildə sözügedən qərarı tərtib ediblər. xx.xx.2024-cü il tarixində qərarı ilk dəfə şəxsən əldə edərək tanış olarkən görmüşdür ki, qərarda onun həm qeydiyyat ünvanı səhv yazılmış, eləcə də qərarda qeyd edilən qərarın iki gün ərzində rəsmi qaydada tərəfə göndərilməsi barədə müddəa da kobud şəkildə pozulmuşdur. Onu da xüsusilə qeyd edir ki, o bu keçən müddət ərzində qərardan xəbərdar olsaydı çoxdan həmin qərarı mübahisələndirərdi. Odur ki, şikayət verdiyi əsassız qərarı xx.xx.2024-cü il tarixində əldə etdiyindən onun şikayət vermə müddəti də həmin vaxtdan hesabalanaraq şikayəti qanuni şəkildə araşdırılaraq təmin edilməlidir. Bildirir ki, əsassız, işin hallarına adekvat olmayan protokol və qərar yazıldığı kimi elə onun şikayətinə də formal cavab verilib. Belə ki, cavabda qeyd edilir ki, "Barənizdə əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətinizə iştirakınızla baxılmışdır. Bildiririk ki, xx.xx.2024- cü il tarixdə "X20" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbini pozaraq "Xpeng" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinizi şəhərin Nizami küçəsində yolun hərəkət hissəsində saxlamaqla dayanma-durma qaydalarını pozmağınız həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən aşkar edildiyindən barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız patrul motosikletində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir." Verilmiş cavab üzrə bildirir ki, qeyd olunanın əksinə olaraq müraciətinə onun istirakı ilə baxılmamışdır. Gün təyin edərək idarəyə getsə də, onun iştirakı ilə işin araşdırılması baş tutmamış, onun mötəbər sübutları qiymətləndirilməmiş, işin əsl hallarını yaşayan şəxs olaraq fikirləri öyrənilməmişdir. Lakin buna baxmayaraq hazırda bu formada özlərinə haqq qazandırmaq məqsədi daşıyan formal cavab verilmişdir. Bildirir ki, o şikayətində də xüsusilə qeyd etmişdir ki, hadisənin reallığını əks etdirən video görüntülər, o cümlədən təmir mərkəzindən rəsmi qaydada verilmiş sənədlər var, lakin buna baxmayaraq cavaba diqqət yetirdikdə qeyd edilən faktlara hüquqi qiymət verilmədiyi, ümumiyyətlə müzakirə olunmadığı təsbitini tapır. Halbuki həmin sənədlər onun təqsirsiz olduğunu, yəni avtomobilin iradəsi ziddinə hərəkətdən dayandığını sübut edir. Onu da xüsusilə qeyd edir ki, təmir şirkətindən qüsura və təmirə dair arayış gətirilməsi ona tapşırılsa da, yəni özləri tərəfindən sorğu verilməyəcəyi bildirilsə də, maraqlanan zaman bəlli olmuşdur ki, ona ustadan sənəd gətir dedikləri gün idarənin əməkdaşları servisə getmişlər. Adicə bu detal da sübut edir ki, öz araşdırma səlahiyyətlərinə aid olan iş olsa da, ondan əlavə sənədlər gətirməyi tələb edən şəxslər ondan öncə özləri servisə gedərək danışıqlar aparmışlar. Sual olunur əgər özləri gedəcəkdisə o zaman nə üçün ondan sənəd gətirməyi tələb edilirdi? Özlərinin getməsi servisin verdiyi müayinə aktına zidd nəsə ediləcəyinə şübhələr yaratmırmı? Bu cür yanaşma, eləcə də servisə getsələr də, həmin faktları belə cavabda qeyd etməmələri göstərir ki, servisdən onun təqdim etdiyi mötəbər sənədlərə zidd və özlərinə isə sərf edən nəsə əldə etmədiklərindən bu hissədə olan hərəkətlərini cavabda göstərməyiblər. Cavabda olmasa da ona şifahi şəkildə bildirilir ki, guya o demişdir ki, yolda adam düşürdürdü, halbuki onun yolun ortasında kimsəni düşürtməyinə dair sübutları yoxdur, hətta onu da qeyd edir ki, əgər o belə demişdirsə və bu da həqiqətdirsə o zaman şəhər mühafizə kameraları tələb edilərək iştirakı ilə araşdırılsın görək o orada öz xoşundan durmuş, yoxsa şikayətlərində qeyd etdiyi kimi nəqliyyat vasitəsində yaranmış nasazlıqdan, yəni avtomobilin anidən durması səbəbindən yolun ortasında qalmaq məcburiyyətində olmuşdur. Çox təəssüflər olsun ki, onun bu əsaslı tələbləri də diqqətə alınmayaraq, iki ay ərzində demək olar ki, heç bir qanuni araşdırma aparmayaraq yalnız özlərini haqlı çıxartmaq, təqsiri olmadan yazılmış inzibati tənbeh tədbirini ləğv etməmək məqsədilə ona əsassız və şübhələrdən azad olmayan protokolun guya qanuni olması barədə cavab veriblər. Lakin onun əməlində hər hansı qəsdin olduğunu sübut edə bilməyiblər. Əməkdaşlara mövcud real vəziyyəti bildirsə də, buna laqeyd yanaşmasını, cərimə yazdıqdan sonra avtomobilin evakuatora yüklənməsində iştirakını, bir sözlə, təqsiri olmadan yaranmış nasazlıq səbəbindən məcburi dayanma halını görməzdən gəldikləri aşikardır. Yəni onun qanuni şikayətinə formal baxılmış, qanunun norması səhv tətbiq edilmiş və nəticədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Aşağıda qeyd etdiyi işin hallarına hallarına və Azərbaycan Republikasının müvafiq qanunvericiliklərinin tələblərinə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki, onun əməlində qeyd olunan maddə üzrə inzibati xəta tərkibi yoxdur və bununla yanaşı sözügedən qərar və şikayəti üzrə verilmiş cavab qanunvericiliyin tələbləri pozulmaqla, yəni iş üzrə heç bir obyektiv araşdırma aparılmadan, şikayət müddəti gözlənilmədən, hətta vaxtında şikayət verildiyi diqqətə alınmadan qəbul edilmişdir. Haqlı sual yaranır, əgər heç bir araşdırma aparılmayacaqdısa, əvvəlcədən hazırlanmış cavab təqdim ediləcəkdisə, müddəti buraxmadan şikayət verdiyi halda bunu nəzərə almadan xx.xx.2024-cü il tarixində qərar qəbul ediləcəkdisə, o zaman obyektiv araşdırma görüntüsü məqsədilə iki aydan sonra natamam və əsassız cavab verilməsi nə deməkdir? Haqsız mövqelərini, qanuna uyğun olmayan yanaşmalarını sərgiləyəcəkdilərsə o zaman nə üçün ondan əlavə sənəd istənilir və həmçinin ondan xəbərsiz cavabda isə əks edilmədiyi kimi servisə gedərək araşdırma aparılır? Bu formallıq deyil, bəs nədir? Bu qanunvericiliyin tələblərinin pozulması deyil bəs nədir? Nə üçün servisə gedib usta ilə danışıqlar aparmaları barədə bir cümlə belə cavabda əks olunmur? Göründüyü kimi qanuni araşdırma aparmadan iş üzrə aidiyyəti olmayan maddəni tətbiq etməklə yanaşı, prosessual tələblər də kobud şəkildə pozulmuşdur. Sözügedən protokol və qərar üzrə bir daha bildirir ki, onun əməlində qeyd olunan maddə ilə inzibati xəta tərkibi yoxdur. İşin halları üzrə qeyd edir ki, sözügedən inzibati xətanın tərəfindən törədilməsi qeyrimümkündür, belə ki inzibati tənbeh tətbiq edən orqanın əməkdaşının da şahid olduğu kimi o xx.xx.2024-cü il tarixində yolda hərəkətdə olarkən anidən avtomobili işləməmiş, nə qədər çalışsa da, avtomobili hərəkətə gətirə bilmədiyindən, özü də maşın mütəxəssisi olmadığından ustaya aparılması üçün evakutor xidmətindən istifadə etmək qərarına gəlmişdir. Elə bu zaman YPX-nin inspektoru o maşında ola-ola heç maraqlanmadan avtomobilin şəklini çəkmişdir. O, dərhal etiraz edərək “görürsünüz ki, maşının içindəyəm, bir maraqlanın görün nə olub sonra bu cür qeyri-adekvat addımı atın” deyərək etiraz etdikdə artıq protokol tərtib edildiyi bildirilmişdir. O, haqlı olaraq protokolda öz zəruri mülahizələrini qeyd etmişdir. Bundan sonra, yəni artıq əsassız cərimə yazıldıqdan sonra əməkdaş onun haqlı olduğunu, yəni avtomobilin həqiqətən də xarab olduğunu görmüşdür. Bu səbəbdən rəsmi qaydada evakuator çağırmış və avtomobil evakuatora yüklənərək təmirə aparılmışdır. Qeyd edilənləri əks etdirən rəsmi sənədlər, eləcə də video görüntülər var. Belə ki, görüntülərdən də aydın olur ki, avtomobil evakuatora yüklənən və servisə düşürülən zaman da xüsusi texnikanın köməyindən istifadə edilmişdir, yəni avtomobil işlək vəziyyətdə, hərəkətdə olmamışdır. Belə ki, servis tərəfindən təqdim edilmiş "icra edilmiş xidmətlərə dair" AKT-da qeyd olunur ki, "müştərinin şikayətinə əsasən modullara restart verilib və nasazlıq aradan qaldırılıb”. Bu cavab birbaşa olaraq mötəbər sübut kimi qiymətləndirilməli və xətada hər hansı təqsirinin olmadığı qanaətinə gəlinməlidir. Bildirir ki, iş üzrə qanuni araşdırma aparılarsa, yazılanlara, əlavə edilmiş sənədlərə, məhkəmədə təqdim ediləcək çəkilişlərə qanunvericiliyin tələbləri üzrə baxılarsa şikayətin əsassız olmaması, əməlində həmin inzibati xətanın tərkibinin olmaması təsdiqini tapar. Nəzərə alınmalıdır ki, barəsində yazılmış inzibati tənbeh tədbiri əsl həqiqətdə şüurlu surətdə qəsdən edilməli xətalar kateqoriyasına aiddir, təqdim edilmiş sübutlar, eləcə də real olaraq maşının xarab olmasına polis əməkdaşının belə şahidliyi göstərir ki, o yolda qəsdən yox, nəqliyyat vasitəsində yaranmış nasazlıq səbəbindən məcburi şəkildə dayanmış, yəni baş vermiş hal onun iradəsi ziddinə olmuşdur. Bir sözlə, işin halları araşdırılmadan, o nəqliyyat vasitəsində olduğu halda şəkillər çəkilərək protokolun və yuxarı orqana şikayət verildiyi halda bunu nəzərə almadan qərar tərtib edilməsi qanunvericiliyin tələblərinə adekvat olmadığından, yəni təqsirli olmamağı, qeyd edilən xətanı qəsdən törətməməyi, əməlində hər hansı inzibati xəta hadisəsi olmaması səbəbindən tətbiq edilmiş tənbeh tədbirinin ləğv edilməsi zəruridir. Onun əməlində tətbiq edilmiş maddə üzrə subyektiv cəhət, yəni qəsd mövcud olmamışdır. Həm də ki, video görüntülər, evakuator xidmətindən istifadə, avtomobildə yaranmış nasazlıq səbəbindən servis tərəfindən xidmət göstərilməsi, xidmət qəbzi qəsdin olmadığına bariz nümunədir. Belə olan halda mövcud situasiyanı əsassız yerə formal mülahizələrlə qəsd, təqsir kimi qiymətləndirmək qanunvericiliyin, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərinin və hüquqlarının kobud şəkildə pozulması deməkdir. İş üzrə düzgün araşdırılma aparılmayıb, protokol, qərar və cavab düzgün tərtib edilməyib. Bir daha qeyd edir ki, əməlində sözügedən xətanı yaradacaq subyektiv cəhət, yəni qəsd olmamışdır. Baş vermiş hala adekvat hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz akt tərtib edilmişdir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək, əməldə inzibati xəta hadisəsi, xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şikayət vermiş şəxs X9 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bakı DYP-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır. X9 ona bildirdiklərinə əsasən xx.xx.2024-cü il tarixində idarə etdiyi “XPENG” markalı avtomobildə nasazlıq yarandığı, maşını işlək vəziyyətə gətirə bilmədiyi üçün məcburi olaraq yolun ortasında saxlamışdır. Avtomobilin mobil tətbiq vasitəsilə ilə idarə etmək mümkün olduğu üçün o, yaranmış nasazlığı aradan qaldıracağını güman edərək, mobil telefonununun balansını artırmaq üçün avtomobilini tərk etmişdir. Bu zaman YPX inspektoru yaxınlaşaraq İXP-nin 346.4-cü maddəsi ilə protokol tərtib etmişdir. X17 problemin mobil tətbiq vasitəsilə aradan qaldıra bilmədiyinə əsaslanaraq, evakuator xidmətinə zəng etmiş, daha sonra evakuator gələrək nəqliyyat vasitəsini servisə aparmışdır. Təqdim etdiyi görüntülərdən də avtomobilin evakuator vasitəsi ilə servisə aparılması müəyyən edilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, servis tərəfindən tərtib edilmiş aktda sistemlərdə donmaların olduğu göstərilmiş, müştərinin şikayətinə əsasən modullara restart verilmişdir. Həmin ərazidə avtomobilin saxlanılmasının qadağan olduğunu qəbul edir, sadəcə Ruslan Paşayev avtomobilin xarab olması səbəbindən iradəsindən aslı olmayan səbəbdən avtomobili saxlamışdır. Tərəfin bildirdiyinə əsasən inspektor ona yaxınlaşarkən evakuatora zəng etmək istəmişdir. Lakin inspektor tərəfindən onun barəsində protokol tərtib etdikdən sonra zəng etmişdir. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şikayət vermiş şəxs X9 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X17 üzrülü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Ona bildirdiyinə əsasən inspektorun özü evakator çağıracağını dediyi üçün özü ilkin olaraq evakatora zəng etməmiş, daha sonra inspektor tərəfindən evakator çağırılmadığını bildiyi üçün 15-20 dəqiqə sonra özü evakuatora zəng etmişdir. Bundan başqa “XPENG” markalı avtomobilin mobil tətbiq vasitəsilə ilə idarə etmək mümkün olduğundan, lakin mobil telefonunda intenet olmadığı üçün yaranmış nasazlığı aradan qaldıracağını güman edərək, mobil telefonuna kontur vurmaq üçün avtomobilini tərk etmişdir. Bundan sonra inspektor X17 barəsində protokol tərtib etmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə iclasında iştirak etmiş Bakı şəhət DYPİ Müsayiət Ekspert bölüyü YPX inspektoru polis baş serjantı Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində "Xpeng" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil paytaxtın Nizami küçəsində yolun kənarında ikinci cərgədə park edilmişdir. Ərazidə ikinci cərgədə saxlayan maşınları oradan kənarlaşdırarkən avtomobilin sürücüsü “Mərkəzi Univermaq”dan çıxaraq avtomobilə yaxınlaşmış, avtomobilə əyləşdikdən sonra avtomobilin ön sağ qapısı açıq çəkildə qalmışdır. Buna görə də sürücüyə əl ilə işarə verərək nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsini bildirmişdir. Ümumiyyətlə yolun kənarında ikinci cərgədə dayanan nəqliyyat vasitələrinin sürücülərinə ünsiyyət zamanı nəqliyyat vasitələrinin hərəkət etdirilməsi barədə xəbərdarlıq edilir. Əksər sürücülər də bu xəbərdarlığa əməl edərək nəqliyyat vasitələrininin hərəkətini davam etdirdikləri üçün onlar barəsində protokol tərtib edilmir. 90 faiz hallarda sürücülər xəbərdarlığa əməl edərək nəqliyyat vasitələrini hərəkət etdirdiklərindən həmin şəxslər barəsində protokol tərtib olunmur. Yəni birbaşa həmin şəxslər barəsində protokol tərtib etmirlər. Lakin "Xpeng" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə, yəni X14 xəbərdarlıq etsə də sürücü xəbərdarlığa baxmayaraq, onun işarə verməyinə əhəmiyyət verməyərək telefonla danışığını davam etdirmişdir. Daha sonra o nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücüyə avtomobili ikinci cərgədə saxladığı üçün “X20” qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmasını bildirmişdir. Sürücü isə avtomobil içərisində olduğu üçün ona inzibati xəta haqqında protokol yazıla bilməyəcəyini, daha sonra guya onun sürücünün qarşısını kəsdiyi üçün avtomobilin hərəkətini davam etdirə bilmədiyini, qarşısını kəsmədiyi halda çıxıb gedəcəyini bildirmişdir. Sürücüyə hərəkətini davam etdirəcəyi təqdirdə yol verəcəyini bildirmişdir. Sürücüdən nəqliyyat vasitəsinin qapısının açıq olduğu halda necə hərəkət edəcəyini soruşsa da adekvat cavab ala bilməmişdir. Bir müddət aparılan dialoqdan sonra sürücü bildirmişdir ki, “siz məndən soruşmalısınız ki, hansı səbəbdən burda dayanmışam”. O isə sürücüyə əgər qəza vəziyyəti və ya texniki nasazlıq olmuşdursa “X20” Azərbaycan Respublikası qanununun 55-ci madəsinin 3-cü hissəsinin tələbinə əsasən qəza dayanma işarəsi qoymalı olduğunu izah etmişdir. Sürücü isə cavabında həmin nişanı qoymadığını etiraf etmişdir. Vizual şəkildə də həmin işarəni qoymadığı müəyyən edilmişdir. Sürücü ilə bir müddət aparılan dialoqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib etdikdən sonra sürücü nəqliyyat vasitəsinin xarab olduğunu bildirmişdir. Protokol tərtib etdikdən sonra sürücü nəqliyyat vasitəsinin hazırda xarab olduğunu qeyd edərək ona evakuator təşkil etməsini bildirmiş o da öz növbəsində köməklik edə biləcəyini qeyd etmişdir. Lakin sürücü daha sonra evakuator lazım olmadığını, özünün evakuatora zəng edəcəyini bildimirşdir. Sürücü barəsində protokol tərtib edildikdən xeyli müddət sonra 156 evakuator xidmətinə zəng etmişdir. Evakuatora zəng etməmişdən əvvəl kiminləsə telefonla danışmış, özünü əvvəldən təqdim etməsinə baxmayaraq yenidən ad, soyadını soruşmuş, o da yenidən özünü təqdim etdikdən sonra ona “indi baxarsız, mən onsuzda bilirəm, yol polisi ilə necə etmək lazımdır” demişdir. Sürücünün qeyd etdiklərinə cavab olaraq bunun onun hüquqları olduğunu, onun hüquqlarına qarışa bilməyəcəyini, özünün üzərinə düşüən vəzifənin isə X20 qanunun icrasını təmin etmək, vətəndaşlarla kobud rəftar etməmək, lazım olduğu təqdirdə vətəndaşa həm hüquqi, həm tibbi, həm də texniki köməklik etmək olduğunu demişdir. Daha sonra sürücü evakuatora zəng edərək, evakuator gələnə qədər avtomobilin qapı və pəncərələrini bağlayaraq yenidən “Mərkəzi Univermaq” adlanan ticarət mərkəzinə gedərək rahat şəkildə işlərini həll etmiş, təxminən yarım saat keçdikdən sonra geri qayıdaraq avtomobilini evakuatorla ərazidən aparmışdır. İlkin olaraq avtomobilə tərəf gəldiyi zaman da X17 “Mərkəzi Univermaq” adlanan ticarət mərkəzindən çıxaraq avtomobilə yaxınlaşmışdır. Protokol tərtib edildikdən sonra da həmin ticarət mərkəzinə getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X17 avtomobilə yaxınlaşıb əyləşdikdən sonra, həmçinin X17 barəsində protokol tərtib edilən zaman sonuncunun idarə etdiyi avtomobil işlək vəziyyətdə, xarici işıq cihazları yanılı vəziyyətdə olmuş, hətta sürücü avtomobilin sol ön şüşəsini endirmişdir ki, bu da avtomobilin elektronik hissəsində nasazlığın olmamamsını təsdiq edir. Servisdən də bu barədə maraqlanmışlar. Servisdən verilən şifahi məlumatda müştərinin istəyi əsasında modullara restart verildiyi bildirilmişdir. Sürücü qərəzli olaraq avtomobili servisə apararaq heç bir nasazlıq olmadan modullara restart verməsini tələb etmişdir ki, qanuni qəbul edilmiş qərarın ləğv edilməsinə nail olsun. Sürücü avtomobilin qapı və pəncərələrini bağlayaraq yolun ikinci cərgəsində saxlayaraq ikinci dəfə də “Mərkəzi Univermağa” gedərkən də “X20” qanunun 55-ci maddəsində nəzərdə tutulmuş, digər sürücüləri xəbardar etmək üçün qəza dayanma nişanını qoymamışdır. Əlavə olaraq bildirmişdir ki, sürücü barəsində protokol tərtib edildikdən sonra avtomobil işlək vəziyyətdə olsa da, sürücü bəhanə edərək avtomobilinin xarab olduğunu bildirmişdir. Halbuki, ona yaxınlaşarkən sürücü avtomobilinin işlək vəziyyətdə olduğunu, hətta maşının “skorus”da olduğunu deyərək getmək istədiyini, guya sürücünün getməsinə mane olan şəxsin o olduğunu bildirmişdir. Protokol tərtib edildikdən sonra isə maşını hərəkətə gətirmək üçün heç bir cəhd etmədən sadəcə maşının xarab olmasını bəhanə etmişdir. Qeyd edilənlər üzərində olan video qeydiyyat cihazı ilə əvvəldən axıra kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X22 İdarəsinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X17 idarə etdiyi “XPENG” markalı avtomobilini yolun hərəkət hissəsinin kənarında saxladığı üçün YPX inspektoru tərəfindən həmin şəxs barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. YPX inspektoru protokol tərtib etməzdən əvvəl X14 məlumat vermiş və daha sonra protokoldan narazı olduğu halda şikayət verə biləcəyini bildirmişdir. İnspektor protokol tərtib etməzdən əvvəl X17 evakuator xidmətinə zəng etməmiş və inspektor gəlib protokol tərtib etdikdən xeyli müddət sonra X17 evakuator xidmətinə zəng etmişdir. Həmçinin inspektor yaxınlaşdıqdan sonra X17 inspektora bildirmişdir ki, inspektor avtomobilinin qarşısını kəsdiyindən, bu üsulla hərəkətinə maneə olduğundan dayanmaq məcburiyyətində qalmışdır. İnspektor sürücüyə yaxınlaşarkən və barəsində protokol tərtib edərkən X17 avtomobilinin nasaz olması barədə hər hansı məlumat verməmişdir. Bunun tam əksi nəqliyyat vasitəsinin işlək vəziyyətdə olmasını bildirmişdir. Yalnız protokol tərtib edildikdən sonra avtomobilində texniki nasazlıq olduğunu bildirmişdir. Bu isə onu göstərir ki, nəqliyyat vasitəsi hərəkət edə biləcək vəziyyətdə olmuşdur. Texniki nasazlıq daha sonra yaransa belə, inzibati xəta hadisəsi artıq baş vermişdir və tərtib olunmuş protokol əsaslıdır. Hesab edir ki, haqqında icraat aparılan şəxs bunu sonradan qərəzli şəkildə düşünüb ki, işlərini görsün, “Mərkəzi Univermağa” gedib qayıtsın, nəqliyyat vasitəsini evakuatorla aparsın və gələcəkdə məhkəmə üçün bir görüntü yaradaraq əsaslı tərtib edilmiş qərarın ləğv edilməsinə nail olsun. Lakin inspektor ilkin olaraq X14 yaxınlaşan zaman sonuncu inspektora qarşısının kəsilməsini, bu səbəbdən də hərəkətini davam etdirə bilmədiyini bildirir ki, həmin hallar da inspektorun üzərində olan videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınmış görüntülərdən aşkar şəkildə görünür. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X22 İdarəsinin nümayəndəsi X10 bildirmişdir ki, göründüyü kimi X9 idarə etdiyi “XPENG” markalı avtomobil servisdə rəsmi zəmanətdə olmuş, sadəcə X17 barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edildikdən sonra qərəzli şəkildə avtomobili evakuatorla servis mərkəzinə aparmış və öz istəyinə əsasən modullara restart verdirmişdir. Məhkəmə iclasında təqdiq edilmiş videogörüntüdən də göründüyü kimi inspektor X14 yaxınlaşdığı vaxt sonuncu nəqliyyat vasitəsində nasazlıq olması barədə hər hansı məlumat bildirməmiş, inspektorun qarşısında olduğu üçün gedə bilmədiyini, nəqliyyat vasitəsinin işlək vəziyyətdə olmasını bildirmişdir. Sürücü barəsində protokol tərtib edildikdən xeyli müddət sonra evakuator çağıraraq avtomobili həmin ərazidən aparmışdır. Əgər avtomobildə həqiqətən texniki nasazlıq olmuş olsaydı inspektor yaxınlaşarkən məlumat verərdi və eyni zamanda servisdə rəsmi zəmanətdə olan həmin avtomobil servis tərəfindən ödənişsiz şəkildə təmir edilərdi. Bundan başqa texniki naszalıq olmuş olsaydı sürücü tərəfindən “X20” qanunun 55-ci maddəsinin 3-cü hissəsinə uyğun tədbirlər də görülərdi. Sürücü tərəfindən 15 manat ödəniş etməklə öz istəyinə uyğun olaraq modullara restart verilmişdir ki, bu da nəqliyyat vasitəsində hər hansı nasazlığın olmasını təsdiq edən amil deyildir. Sürücünün imkanı var ki, istədiyi vaxt servisə gedərək 15 manat ödəniş etməklə avtomobilnə restart versin. Bundan başqa şahid qismində dindirilmiş Şahid2 usta, yəni mütəxəsiis olmadığını, servis məsləhətçisi olduğunu, yalnız sürücünün sifarişini və istəyini qeydiyyata aldığını bildirmişdir. Digər şahid X7 isə avtomobilə şəxsən baxış keçirmədiyini, yalnız sənədlərə əsasən sürücünün istəyinə uyğun olaraq avtomobilin modullarına restart verildiyini qeyd etmişdir ki, həmin şahid ifadələri ilə nəqliyyat vasitəsinin texniki nasazlıq səbəbindən yolda ikinci cərgədə dayanmasını istisna edilir. Qeyd edilənlərə əsasən də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Şahid2 izahat verərərək bildirmişdir ki, o, “XPENG” brendinin məxsus avtomobillərə texniki xidmət göstərən servisdə məsləhətçi olaraq işləmişdir. X9 şikayəti əsasında xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “XPENG” markalı 10BZ019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində modullara restart verilmişdir. Müştərinin “XPENG” markalı avtomobili elektromobil olduğu üçün elektrik təchizatı ilə bağlı problem olduğu halda avtomobilin hərəkətinin tamamilə dayanması və s. kimi problemlər yaranması mümkündür. Avtomobil servisə evakuatorla daxil olduqdan sonra həmin nəqliyyat vasitəsi servisin ustalarına təqdim edilmiş, ustalar tərəfindən müştərinin sifarişi əsasında modullara restart verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o usta və mütəxəssis deyil, servis məhləhətçisidr, onun işi sadəcə müştərinin şikayətini və sifarişini qəbul edərək bunları rəsmiləşdirməkdən ibarətdir. Avtomobildə olan nasazlığa ustalar tərəfindən baxılır. Avtomobil ustalara təqdim edilmiş, ustalar tərəfindən müştərinin istəyinə uyğun olaraq modullara restart verilmişdir. Təkrar olaraq bildirmişdir ki, o servis məsləhətçisidir, onun işi sadəcə müştərinin sifarişlərini rəsmiləşdirməkdən ibarətdir. Modullara restart verilməsi 5-10 dəqiqə ərizndə həyata keçirilmişdir. Həmin nəqliyyat vasitəsi alındığı vaxtdan xx.xx.2024-cü il tarixədək qeyd edilən problemlə bağlı daha əvvəl müraciət etməmişdir. Sistemdə olan donmalar batareyada olan isinmə nəticəsində əmələ gələ bilər. Lakin həmin nəqliyyat vasitəsi servisə gətirilərkən batareyalarda qızma halı ilə bağlı müştəri tərəfindən şikayət olmamış, ustalar tərəfindən isə belə bir hal aşkar edilməmişdir. Loru dildə desək avtomobil sadəcə müştərinin istəyi əsasında söndürülərək yenidən yandırılmışdır. Həmin xidmət zəmanət ilə deyil, 14,92 manat xidmət haqqı alınaraq göstərilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Nümayəndə şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X2 işdən azad olunduğu üçün iş yerində “Xpeng” şöbəsindən onun məhkəməyə getməsi bildirildiyi üçün gəlmişdir. O, hal hazırda “Xpeng” servis mərkəzində servis meneceri vəzifəsində işləyir. Bildiyi qədəri ilə xx.xx.2024-cü il tarixdə 10BZ019 dövlət qeydiyyat nişanlı “Xpeng” markalı nəqliyyat vasitəsi servisə gətirilmişdir. O, nəqliyyat vasitəsini bilavasitə müayinə etməmiş, nəqliyyat vasitəsi servisə gətirilərkən də şəxsən özü görməmiş, həmin avtomobili müayinə etməmişdir. Günün sonunda tərtib edilmiş sənədlərlə tanış olarkən bilmişdir ki, müştərinin istəyinə uyğun olaraq avtomobilin modullarına restart verilmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, həmin nəqliyyat vasitəsi servisdə rəsmi zəmanətdədir. Lakin avtomobilin modullarına restart verilməsi müştərinin istəyi ilə həyata keçirildiyindən bunun üçün xidmət haqqı alınmışdır. Əgər nəqliyyat vasitəsində istehsal xətasından irəli gələn texniki nasazlıq olmuş olsaydı, həmin təmir işləri rəsmi zəmanətə əsasən ödənişsiz həyata keçirilərdi. Avtomobildə donma olması və ya ekranın tamamilə sönməsini avtomobil servisə gətirilərkən şəxsən görmədiyindən bununla bağlı hazırda hər hansı cavab verməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4cü maddəsi ilə təqsirli bilinib, 80 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzinbati xəta haqqında protokoldan görünür ki, X17 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması halına yol verdiyindən onun barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. X3 tərəfindən “Mən parkalanmanı pozmadan arxaya maşın verəndə maşınım xarab oldu və mən düşdüm servis ximətinə zəng vurmağa. Polis mənə yaxınlaşdı və şəkil çəkdi mən maşında olan zaman qanunsuz protokol yazdı. Xahiş edirəm bunu araşdırın.” məzmunda izahat yazmışdır. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə inspektor X6 üzərində olan videoqeydiyyat cihazı ilə qeydə alınmış iki ədəd video görüntü, bir ədəd isə 10BZ019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin fotoşəkili mövcuddur. “Video-1” adlı videogörüntü 03 dəqiqə 21 saniyədən, “Video-2” adlı videogörüntü 5 dəqiqə 37 saniyədən ibarətdir. “Video-1” adlı videogörüntüdən görünür ki, inspektor yolun sol kənarında ikinci cərgədə dayanmış, ön sol qapısı açıq olan qara rəngli nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim edib sürücüdən ya qapını bağlamasını ya da yan şüşəsini açmasını xahiş edir. Sürücü həmin anda telefonda nəyəsə baxır. Daha sonra sürücü avtomobilin qapısını bağlayaraq sol yan şüşəni tam endirdikdən sonra inspektor sürücüyə “X20” qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbini pozduğundan barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edəcəyini bildirərək sürücüdən sürücülük vəsiqəsini təqdim etməsini xahiş edir. Sürücü isə sürücülük vəsiqəsinin məlumatlarının sistemdə olduğunu qeyd edərək ad soyad və ata adını bildirdikdən sonra nəqliyyat vasitəsinin içərisində oturduğundan və nəqliyyat vasitəsi işlək vəziyyətdə olduğundan qeyd edilən maddə ilə onun barəsində protokol tərtib edə bilməyəcəyini bildirir. Daha sonra sürücü bildirir ki, maşından sərnişin düşürürdü və hərəkət etmək istəyəndə inspektorun onun önündə dayandığı üçün hərəkətini davam etdirə bilməmiş, heç avtomobilinin qapısını da bağlıya bilməmişdir. İnspektor isə avtomobilin qapısı açıq vəziyyətdə avtomobili necə hərəkət etdirəcəyini soruşduqda sürücü cavab olaraq inspektora qabağa getməsini demək üçün avtomobilin qapısını açdığını bildirir. Daha sonra sürücü avtomobilinin “skorusda” olduğunu, qabağa getmək istədiyini, lakin inspektorun onun önündə olduğu üçün hərəkətini davam etdirə bilmədiyini, inspektorun onun qarşısını kəsdiyini bildirir. İnspektor sürücüyə protokol tərtib edərkən sürücü inspektora ondan yuxarı orqanlara şikayət edəcəyini, nəqliyyat vasitəsinin içərisində olduğu halda protokol tərtib etməsini irad bildirərək ondan nəqliyyat vasitəsini niyə dayandırmasının səbələrini soruşmalı olduğunu bildirir. “Video-2” adlı videogörüntüdən görünür ki, inspektor tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edilərək sürücüyə təqdim edilir, onun yolun kənarında ikinci cərgədə dayanmasının qayda pozuntusu olduğu, habelə “X20 qanunun” müvafiq maddələri, hüquq və vəzifələri ətraflı şəkildə sürücüyə izah edilir. Bundan sonra isə sürücü inspektora avtomobilinin xarab olacağı halda nə olacağı sualını verir. İnspektor isə avtomobili xarab olması səbəbi ilə orda saxlaması müəyyən edildiyi, avtomobili nasazlıq səbəbindən həmin ərazidən evakuasiya edildiyini sübut etdiyi təqdirdə tərtib etdiyi protokolun ləğv ediləcəyini bildirir. Bundan sonra sürücü anidən avtomobilinin xarab olduğunu bildirir. İnspektor isə sürücüyə ilkin olaraq yaxınlaşarkən avtomobildə nasazlığın olması barədə hər hansı məlumat vermədiyi, əksinə onun sürüb getmək istədiyini, lakin özünün onun avtomobilinin qarşısında olduğu üçün idarə edə bilmədiyini bildirdikdən sonra, sürücü isehza ilə biraz əvvəl avtomobili sürüb getmək istədiyini, lakin indi avtomobilinin xarab olduğunu, maşının işləmədiyini, maşının bloka düşdüyünü bildirir. Daha sonra protokol sürücüyə təqdim edilir və sürücü tərəfindən protokola qeydlər edilir. Həmin vaxt sürücü inspektorun neçə ildir motosikletdə xidmət apardığını soruşduqdan sonra yenidən istehza ilə ona yaxşı vəzifələrdə işləməyi arzu etdiyini bildirir. Bakı şəhər Baş Polis İdarəsi X22 İdarəsinin xx.xx.2024-cü il tarixli 7/2-P-6430 saylı X14 verilmiş cavab məktubundan görünür ki, onun barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətinə iştirakı ilə baxılmışdır. xx.xx.2024-cü il tarixdə “X20" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbini pozaraq “Xpeng” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini şəhərin Nizami küçəsində yolun hərəkət hissəsində saxlamaqla dayanma-durma qaydalarını pozmağı həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən aşkar edildiyindən barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozması patrul motosikletində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətə baxılmasının nəticəsindən narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ bildirilmişdir. Şikayət vermiş şəxs X9 nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, “Xpeng” markalı, 10BZ019 dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə servisə aparılmışdır. xx.xx.2024-cü il tarixli “İcra edilmiş xidmətlərə dair” AKT-dan görünür ki, “Xpeng G9” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müştərinin “texniki baxış, sistemdə donmalar var baxılsın” məzmunlu şikayətinə əsasən nəqliyyat vasitəsində modullara restart verilərək nasazlığın aradan qaldırılması qeyd edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsini, şahidləri dinləyib, şikayəti və iş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “X20 Qazərbaycan Respublikası qanunun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin qanunun 55-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X17 idarə etdiyi 10BZ019 dövlət qeydiyyat nişanlı, XPENG G9 markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 13:45 radələrində Bakı şəhəri, Nizami küçəsində yolun sol tərəfində ikinci cərgədə saxladığından Bakı şəhət DYPİ Müsayiət Ekspert bölüyü YPX inspektoru polis baş serjantı Şahid1 tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə onun barəsində inzibati xəta haqqında həmin tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə X9 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş X17 şikayət ərizəsində sözügedən inzibati xətanın tərəfindən törədilməsinin qeyri-mümkün olduğunu, xx.xx.2024-cü il tarixində yolda hərəkətdə olarkən anidən avtomobilinin işləmədiyini, nə qədər çalışsa da, avtomobili hərəkətə gətirə bilmədiyindən və özünün də maşın mütəxəssisi olmadığından ustaya aparılması üçün evakuator xidmətindən istifadə etmək qərarına gəldiyini, elə bu zaman YPX-nin inspektoru o maşında ola-ola heç nə ilə maraqlanmadan avtomobilin şəklini çəkdiyini, inspektora dərhal etiraz edərək “görürsünüz ki, maşının içindəyəm, bir maraqlanın görün nə olub sonra bu cür qeyri-adekvat addımı atın” deyərək etiraz etdikdə artıq protokol tərtib etdiyini dediyini bildirmişdir. X17 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola öz əlyazması ilə isə “Mən parkalanmanı pozmadan arxaya maşın verəndə maşınım xarab oldu və mən düşdüm servis xidmətinə zəng vurmağa. Polis mənə yaxınlaşdı və şəkil çəkdi mən maşında olan zaman qanunsuz protokol yazdı. Xahiş edirəm bunu araşdırın” qeyd etmişdir. Göründüyü kimi Paşayev Ruslan təqdim etdiyi şikayətdə hadisəni fərqli şəkildə, protokolda qeyddə isə fərqli şəkildə göstərmişdir. Lakin məhkəmə iclasında protokol tərtib etmiş inspektorun xidmət apararkən üzərində olan videoqeydiyyat cihazı ilə qeydə alınmış videogörüntülərlə X9 şikayətində və protokolda göstərdikləri öz təsdiqini tapmamışdır. Video görüntüdən müəyyən edilir ki, inspektor yolun sol kənarında ikinci cərgədə dayanmış, ön sol qapısı açıq olan qara rəngli nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim edib sürücüyə “X20” qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbini pozduğundan barəsində İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edəcəyini bildirrmiş, sürücü isə ilk öncə nəqliyyat vasitəsinin içərisində oturduğundan və nəqliyyat vasitəsi işlək vəziyyətdə olduğundan qeyd edilən maddə ilə onun barəsində protokol tərtib edə bilməyəcəyini, daha sonra, maşından sərnişin düşürdüyünü və hərəkət etmək istəyəndə inspektorun onun önündə dayandığı üçün hərəkətini davam etdirə bilmədiyini, heç avtomobilinin qapısını da bağlaya bilmədiyini qeyd etmişdir. İnspektor isə avtomobilin qapısı açıq vəziyyətdə avtomobili necə hərəkət etdirəcəyini soruşduqda sürücü cavab olaraq inspektora qabağa getməsini demək üçün avtomobilin qapısını açdığını bildirmiş, daha sonra sürücü avtomobilinin “skorusda” olduğunu, qabağa getmək istədiyini, lakin inspektorun onun önündə olduğu üçün hərəkətini davam etdirə bilmədiyini, onun qarşısını kəsdiyini bildirmişdir. İnspektor tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə protokol tərtib edilərək sürücüyə təqdim edildikdən sonra sürücü inspektora avtomobilinin xarab olacağı halda nə olacağı sualını vermiş və inspektor cavabında avtomobili xarab olması səbəbi ilə orda saxlaması müəyyən edildiyi, avtomobili nasazlıq səbəbindən həmin ərazidən evakuasiya edildiyini subut etdiyi təqdirdə tərtib etdiyi protokolun ləğv ediləcəyini bildirmişdir. X17 inspektorun həmin sözündən sonra avtomobili hərəkətə gətirmək üçün heç bir addım atmadan inspektora avtomobilinin xarab olmasını bildirir. Halbuki, sürücü ilkin olaraq avtomobilinin işlək vəziyyətdə olmasını, inspektorun onun qarşısında olduğunu üçün hərəkətini davam etdirə bilmədiyini qeyd etsə də, barəsində protokol tərtib edildikdən dərhal sonra avtomobilinin xarab olmasını bildirmişdir ki, qeyd edilənləri də məhkəmə onunun inzibati məsuliyyətdən yaynmaq üçün gətirdiyi arqument olaraq qiymətləndirir. X1 şikayət ərizəsində göstərdikləri məhkəmə iclasında təqdiq edilmiş video görüntülər ilə ziddiyyət təşkil etmişdir. Lakin protokol tərtib etmiş X6 izahatının video görüntüdə əks edilənlərə uyğun olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, X17 verdiyi şikayət ərizəsində hadisəni fərqli şəkildə təqdim etməklə inzibati məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə nəqliyyat vasitəsinin evakuator vasitəsi ilə servisə aparılmasına, nəqliyyat vasitəsinin modullarına restart verilməsinə münasibətdə qeyd edir ki, X17 nəqliyyat vasitəsini hərərkətə gətirmək üçün hər hansı ciddi səbəb olmadan, həmin hərəkətləri bilərkədən və planlı şəkildə edərək barəsində tərtib edilmiş protokol əsasında çıxarılacaq inzibati tənbeh tədbirinin ləğv edilməsinə yönəlmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 izahatı ilə bağlı qeyd edir ki, həmin şahid sadəcə müştərinin istəyi əsasında nəqliyyat vasitəsinin modullarına restart verilməsini təsdiq etmişdir. Həmin şahidin izahatı isə mübahisələndirilən qərarın ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə digər şahid X4 izahatı ilə bağlı qeyd edir ki, həmin şahid nəqliyyat vasitəsini bilavasitə müayinə etmədiyindən, nəqliyyat vasitəsi servisə gətirilərkən şəxsən görmədiyindən, sadəcə tərtib edilmiş sənədlər əsasında məlumatları təqdim etdiyindən onun izahatı da mötəbər sübut kimi qəbul edilə bilməz və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, X17 idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “XPENG G9” markalı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında-ikinci cərgədə saxlamış və İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzinbati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuş, qeyd edilən qərarın ləğv edilməsi üçün məhkəmə iclasında hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri işdə mövcud olan subutlarla təsdiq edilmədiyindən Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə heç bir əsas vermir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X9 Аzərbаycаn Rеspublikаsı İХM-nin 346.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X9 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X9 Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5853/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5853/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver