Məhkəmə qərarları › İş №3(001)-586/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-586/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-586/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.İnzibati xəta haqqında 02 fevral 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3009/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu "xxxx" MMC ümumilikdə 373 667 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin "xxxx" MMC tərəfindən icra sənədləri icra edilməmişdir.Buna görə də, icra məmuru Məhəmməd Qaragözov tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X5 hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Borclu və icra məmuruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, məhkəmə borclu və icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə müdafiəçini dinləyib, inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən məlum olur ki, "xxxx" MMC AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və 800 000.00 ABŞ dolları valyuta vəsaitinin 25 faizi miqdarında 200 000 ABŞ dolları, yəni 340 000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3009/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən məlum olur ki, "xxxx" MMC AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və valyuta vəsaitinin 20 faizi miqdarında 19804 ABŞ dolları, yəni 33 667 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqsinə əsasən məlum olur ki, "xxxx" MMC AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və valyuta vəsaitinin 20 faizi miqdarında 42.611,00 ABŞ dolları, yəni 72.438,70 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3476/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3009/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1425/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin "xxxx" MMC-nin rəhbəri Şəxs şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar