Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-588/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş inzibati orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1976-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay işləməyən, orta təhsilli, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14.02.2022-ci il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsində narkotik vasitə qəbul etdikdə saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilmiş və tibbi müayinədən keçirilmişdir. İnzibati xəta faktı ilə bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Kamran Hüseynzadə tərəfindən MN ******* nömrəli, 15.02.2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Həmçinin tibbi müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, narkotik vasitə istifadəçisidir. Təxminən 1 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 2 övladı var və narkotik maddədən asılıdır. Fəhlə kimi iş olandan olana işlədiyini və daimi iş yerinin olmadığını bildirmişdir. Bu səbədən özü də narkomaniyadan müalicə almaq fikrindədir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Əməlindən peşman olduğunu bildirmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Anar Abdulayevin əməlindən peşman olmasını və bu səbəbdən daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin AZA 016708 nömrəli protokolundan görünür ki, Şəxs 14.02.2022-ci il saat 10:55-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin 783 nömrəli müayinə aktından görünür ki, Şəxs sidiyində opioidlər qrupuna aid olan narkotik maddələr aşkar edilmişdir. Ambulator Məcburi-narkoliji tibbi yoxlamanın 16.02.2022-ci il tarixli 748 nömrəli rəyindən görünü rki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, 16.02.2022-ci il tarixli, 748 saylı ambulator məcburinarkoloji tibbi yoxlama haqqında rəylə, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Belə ki, həhkəmə iclasında peşman olduğunu bildirsə də məhkəmə hesab edir ki, Şəxs 11.09.2019-cu ildə Mingəçevir şəhər məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Şəxs qeyd etdiyi kimi 1 il ərzində yenidən narkotik vasitədən istifadə etməsi, maddi imkanı olmadığı halda ailəsini maddi çətinliyə salaraq (fəhlə işləyir və hər gün gəliri olmur, həmçinin deməsinə görə 2, portal məlumatına görə yetkinlik yaşına çatmayan 1 övladı var, həyat yoldaşı işləmir) narkotik vasitəyə pul xərcləməsi onun islah olunmadığını və onun tərəfindən narkotik maddənin bilərək və istəyərək qəbul edildiyini göstərir. Odur ki, məhkəmə onun peşman olduğu ilə bağlı ifadəsini səmimi olmadığı səbəbilə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini və ona məcburi müalicə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti Şəxs 14.02.2022-ci il, saat 10:55-də tutulduğu vaxtdan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 05 saat əmək haqqının məbləği 30 (otuz) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-588/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-588/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver