Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-59/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli, EQ 24302092 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024cü il tarixli, EQ 24302092 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında T.H.Sadıqov izahatında göstərdi ki, 22 oktyabr 2024-cü il tarixdə, saat 18:48-də onun etibarnamə əsasında idarə etdiyi “Nissan Note” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.4-cü maddəsi ilə, yəni nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli qərara əsasən, ona 80 manat cərimə təyin edilmişdir. O, qərardan məhkəməyə şikayət vermiş, şikayətinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılması zamanı “SMS radar” tətbiqinə gələn bildirişdə inzibati xəta üzrə maddənin 346.9-cu maddəyə dəyişdirildiyi göstərilmişdir. Yəni, qərara görə o, nəqliyyat vasitəsini səkidə saxlamışdır. Yeni qərar əsasən, o, 60 manat cərimə edildiyindən, əvvəlki qərardan şikayətini geri götürərək, hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, avtomobilini saxladığı yer səki deyil. Belə olan halda, protokol əssassız yerə tərtib olunmuş, onun əsasında qəbul edilmiş qərar da ləğv edilməli, beləliklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sonda T.H.Sadıqov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli, EQ 24302092 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Hazırki halda qərarından şikayət verilmiş inzibati orqan tərəfindən məhkəməyə əlavə sübut təqdim edilmədiyindən, habelə, şikayətçinin təqdim etdiyi fotoşəkillərlə onun İXM-nin 346.9-cu maddəsində göstərilən inzibati xətanı törətmədiyi müəyyən olunduğundan, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli, EQ 24302092 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli, EQ 24302092 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-59/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-59/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver