Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-591/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, «X1» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 548.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «X1» Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, «X1» Açıq Səhmdar Cəmiyyəti barəsində olan xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin soyadı, adı və ata adı qeyd edilməmiş, onun izahatı alınmamış və hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamışdır. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah edilməli və inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin hüquqi şəxslərin hansı hallarda məsuliyyətə cəlb ediləcəyi halları göstərilmişdir. X1» Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokolda isə həmin inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün konkret olaraq hansı şəxs tərəfindən törədilməsi göstərilməmişdir. Göründüyü kimi, qanunvericilik İXM-in 18-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları göstərilmiş və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, «X1» Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: «X1» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-591/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-591/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver