Məhkəmə qərarları › İş №3(001)-591/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-591/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-591/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin baş məsləhətçisi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-2.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi Sərnişin Daşımaları Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi Sərnişin Daşımaları Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 326-2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:18-də Şəxs MMC-yə məxsus Əlif Hacıyev küçəsində ** VF ***, Rizvan Teymurov küçəsində ** NY ***, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının qarşısında ** AB *** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə vurulmuş taksi sifarişləri barədə məlumatların “AYNA” informasiya sisteminə ötürülməsi fəaliyyət mexanizminin göstərilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs MMC tərəfindən İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini nəzərə alaraq, MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi “LCG” Vəkil Bürosunun vəkili X2 izahat verərək bildirmiş ki, “AYNA” tərəfindən tərtib edilmiş protokol əsassızdır və Şəxs MMC-nin törətdiyi əməldə İXM-nin 326-2.3-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, “AYNA”-ya taksi sifarişləri ilə bağlı məlumatlar yaranmış bir sıra texniki problemlər səbəbindən ötürülməmiş, həmçinin məlumatların daxil edilməsində hər hansı nöqsan aşkar edilsə belə, bununla bağlı məsuliyyətin MMC-nin vəzifəli şəxsinə aid olmalı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, X2 məhkəmədən hüquqi şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta ilə bağlı iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Şəxs MMC İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:18 radələrində Şəxs MMC-yə məxsus ** VF ***, ** NY ***, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə özünü müvafiq informasiya sistemində olan taksi sifarişlərinin habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinin, həmçinin taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində araşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 144 nömrəli tələblərinə əməl edilməyərək, “AYNA” informasiya sisteminə ötürülməsi real vaxt rejimində ötürülməsi həyata keçirilməmişdir. “AYNA” informasiya sistemindən olan çıxarışdan görünür ki, ** VF ***, ** NY ***, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə hər hansı məlumat elektron sistemdə aşkar edilmir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-in 326-2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; İXM-in 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”na əsasən: • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər (2.2-ci bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir (2.3-cü bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir (2.8-ci bənd); • Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır (2.10-cu bənd); • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər (3.2-ci bənd); • Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır (3.8-ci bənd); • Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar (3.10-cu bənd). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-5092/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Şəxs MMC tərəfindən eyni inzibati xətanın təkrarən törədilməsini ağırlaşdırıcı hal kimi nzərə alır. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar