Məhkəmə qərarları › İş №3(001)-5915/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5915/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5915/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs İbrahimli Vüqar Şirindil oğlunun iştirakı ilə, İbrahimli Vüqar Şirindil oğlunun inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbrahimli Vüqar Şirindil oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə övladını müalicə məqsədi ilə həkimə aparmaq üçün pula ehtiyac yaranmış, bu səbəbdən yaxın məsafədə olan dostundan (həmin ərazidə stasionar yoxlama postlarının olmadığını nəzərə alaraq) borc almaq üçün evdən çıxaraq, borcu alıb evə dönərkən hər hansı bir qayda pozuntusu etmədiyi halda avtomobili YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Avtomobildə tək olduğundan və kondensioner işlədiyi üçün camlar bağlı olduğu halda, maska taxmadığını əsas gətirərək 100 AZN məbləğində cərimə tərtib etdiyini bildirmiş və özü qayda pozuntusu edərək ona protokolun nüsxəsini təqdim etməmişdir. Özü avtomobilində oturub maskasız onunla danışmışdır. O, avtomobilə qayıdıb maskasını taxıb yenidən ona yaxınlaşaraq bildirmişdir ki guya onun SMS-icazəsi də yoxdur və 200 AZN cərimə də yaza bilər, lakin yazmır, 100 AZN maska taxmadığı üçün cərimə yazır. Polis əməkdaşına hadisəni tam izah etməyisinə baxmayaraq, Cənab Prezidentin “Məmur xalqın qulluqçusudur, vətəndaşa qarşı anlayışlı xidmət göstərməlidir” ifadəsini bildirmiş, o da qeyd etdi ki bunun ona aydiyyatı yoxdur. O, YPX əməkdaşının əsassız tərtib etdiyi protokol barədə BDYPİnə üç dəfə Online müraciət etmiş, lakin onunla əlaqə saxlnılamadan, izahatı alınmadan Elşən Kazımov tərəfindən elektron ünvanına məktub göndərilmişdir. Qeyd edilmişdir ki, həmin vaxt sms-icazəsi olmamışdır. Nəzərə alsaq ki, bir gündə yanlız 1 sms-icazə almaq olar, o da 2 saatlıq, o da dostundan borc alandan 2-3 saat sonra övladını həkimə müalicəyə aparmalı idi. Bu halda 2- ci sms ala bilməyəcəyi üçün qanunsuz olaraq şəhərə giriş edəcəkdi. Ya da dövlət orqanını aldadıb smsicazəyə 3 yazaraq yaxın qohumunun güya rəhmətə getdiyini qeyd edib gün ərzində sərbəst çıxmalı idi. Lakin əqidəsinə zidd olduğu üçün bu addımı atmamışdır. xx.xx.2020-ci il tarixdə avtomobilini texniki baxışdan keçirmək üçün Sumqayıtda yerləşən müvafiq DYP idarəsinə getmişdir. Lakin orada ona, 100 AZN cəriməni ödəmədiyi təqdirdə avtomobili texniki baxışdan keçirməyəcəklərini bildirmişlər. Maskaya görə cərimənin ona yazıldığını, cərimənin qərarının açıq olduğunu, avtomobilə bunun nə aydiyyatı olduğunu bildirmiş, yenə də hər hansı qanuna əsaslanmayan cavab vermişlər. O, bu barədə BDYPİ-nə birdaha Online müraciət etmiş, nəhayət onunla telefon əlaqəsi saxlanılaraq bildirmişlər ki, “müraciətlərinlə bizi bezdirdin cəriməni ödə get texniki baxışdan keç, ya da ver məhkəməyə”. Məhkəmə iclasında İbrahimli Vüqar Şirindil oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İbrahimli Vüqar Şirindil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına görə) 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən sürücü İbrahimli Vüqar Şirindil oğlu qoruyucu vasitədən (maskadan) istifadə etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına görə) 211.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə inzibati xəta haqqında icraat aparılan dövrdə tək olaraq avtomobil idarə edən şəxsin qoruyucu vasitələrdən (maskadan) istifadə etməsinə görə məsuliyyət müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi isə məhkəmədə iştirak etməmiş və səlahiyyətli orqan tərəfindən məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair heç bir sübut göndərilməmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, İbrahimli Vüqar Şirindil oğlu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi İbrahimli Vüqar Şirindil oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İbrahimli Vüqar Şirindil oğlunun inzibati tənbeh olunmasına dair Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya YPX inspektoru polis kiçik serjantı Pərviz Şahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar