Məhkəmə qərarları › İş №3(001)-594/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-594/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-594/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Binəqədi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon X6 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında protokol” əsasında qəbul edilmiş həmin tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X3 həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında S.E.Vəliyev şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, inzibati xəta haqqında protokol tərtib edilən vaxt, yəni 21 dekabr 2024-cü il tarixdə o, spirtli içki içməmiş, avtomobili idarə edərkən avtomobilində dostunun hədiyyə etdiyi çaxır olmuşdur. O, avtomobili yolun kənarında saxlayıb həmin çaxırdan bir az içmiş, avtomobili idarə etməsi üçün sürücü çağırmış və gözləyərkən yolun digər tərəfindən yol polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuş, o, içkili olduğunu, lakin avtomobili idarə etməsi üçün sürücü çağırdığını bildirsə də, polis əməkdaşı alkotersterə üfürməsini tələb etmişdir. O, etiraz etməmiş, nəticədə təbii olaraq, içkili olduğu aşkar olunmuş, lakin, avtomobili idarə etməməsinə baxmayaraq, polis əməkdaşı onun avtomobilini cərimə meydançasına yerləşdirmiş, sonra isə həmin protokol tərtib edilmişdir. Avtomobili cərimə meydançasına aparılarkən o, DİN-in 102 xidmətinə zəng vurub şikayətini bildirsə də, nəticə əldə edilməmişdir. Şikayətinin əsasını o təşkil edir ki, o, hadisə vaxtı spirtli içki qəbul etsə də, avtomobil idarə etməmişdir. Sonda S.E.Vəliyev məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, İXM-nin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki halda, şikayətdə göstərilənlərə dair, yəni X1 21 dekabr 2024-cü il tarixdə spirtli içki qəbul etsə də, nəqliyyat vasitəsini idarə etməməsinə, avtomobili dayandırıb, onun idarə edilməsi üçün başqa şəxsi dəvət etməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, onun məlum inzibati xətanı törətməsi iş materiallarında olan inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Belə olan halda, məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Binəqədi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərardan şikayəti təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar