Məhkəmə qərarları › İş №3(001)-5943/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5943/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5943/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.9-cu maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025ci il tarixli, EQ 29852788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.9-cu maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025ci il tarixli, EQ 29852788 nömrəli elektron qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi xx.xx.2025 tarixli, EQ 29852788 nömrəli qanuni qüvvəyə minmiş sayılan protokolu əsasında ona tətbiq olunmuş inzibati cərimə və baldan narazıdır. Belə ki, müvafiq cərimə ona haqsız yerə tətbiq olunmuşdur. X5 72 ünvanında, Atrium-uşaq əyləncə mərkəzinin qarşısı, səki hesab edilməyən, piyadaların hərəkət etmədiyi, daşlı şüşəli, sıx və xaotik ağacların olduğu yerdə avtomobilini saxlamışdır. Həmin ərazinin yanında piyadaların keçməsi üçün geniş asfalt yol vardır. Azərbaycan dilinin lüğətində də səki dedikdə asfalt və ya digər xüsusi örtüklə (daş/taxta) örtülmüş, piyadaların keçməsi üçün nəzərdə tutulan yol başa düşülür. Bu ərizədə isə bu imkanların heç biri yoxdur. Əksinə bu məqsədlə maşını saxlamadığı ərazidə bunun üçün yol təmin edilmişdir. Müvafiq protokoldan Baş Dövlət Yol Polisinə şikayət ünvanlasa da bu günə qədər hər hansı cavab almamışdır. Müvafiq qərarın ləğv edilməsini, cərimə ve balın adımndan silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29852788 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “ASAN ödəniş” elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə EQ 29852788 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXMin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Qeyd: Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materillarında olan fotoşəkillərdən də müəyyən edilmişdir ki, **-XR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes ML320” minik markalı avtomobil səkidə dayanmamışdır və avtomobilin dayandığı ərazidə dayanma və ya durmanın qadağan edilməsinin mövcudluğuna dair hər hansı qadağan edici nişan öz əksini tapmır. Belə olan halda X2 əməlində İXM-in 346.9-cu maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 346.9-cu maddəsinin tərkib əlaməti mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 29852788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 29852788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar