Məhkəmə qərarları › İş №3(001)-5945/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5945/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5945/2025 25.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, icra sənədlərindən biri üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs Ağdam Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(013)-122/2022 saylı və 27 noyabr 2024-cü il tarixli, 2(013)-3030/2024 saylı icra sənədlərini tam olaraq icra etməmiş, nəticədə 1-ci icra sənədi üzrə 13377 manat, 2-ci icra sənədi üzrə isə 422 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Ağram Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(013)-122/2022 saylı icra vərəqəsinə əsasən, Şəxs və X1 müştərək qaydada 14967,22 manat əsas, 116,13 manat faiz borcu olmaqla, cəmi 15083,35 manat borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmçinin, həmin Məhkəmənin 27 noyabr 2024-cü il tarixli, 2(013)-3030/2024 saylı icra vərəqəsinə əsasən, Şəxs cəmi 422 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında icra məmuru X4 izahat verərək bildirdi ki, 1-ci icra vərəqəsi 15 mart 2022-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclulara göndərilmiş, 08 iyun 2023-cü il tarixdə Şəxs İcra Şöbəsində verdiyi izahatında məhkəmə qərarından yeni məlumatlı olduğunu, heç bir ödəniş etmədiyini, tez müddətə borcu ödəyəcəyini bildirmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 8(001)-769/2023 saylı qərardadına əsasən, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Şəxs 19 fevral 2024-cü il tarixdə yenidən izahat verərək, maddi imkansızlığından borcu tam ödəyə bilmədiyini, indiyədən təxminən 800 manat pul ödədiyini bildirmişdir. Sonradan borclu çağırışlara gəlmədiyindən, 11 iyul 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, bu gün könüllü olaraq İcra Şöbəsinə gəldiyindən, qərarın icrası dayandırılmışdır. Sonuncu izahatında R.A.Rüsətmov həmin icra sənədi üzrə təxminən 2000 manat ödədiyini bildirmişdir. Digər tərəfdən, 2-ci icra sənədi 09 yanvar 2025-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. 25 avqust 2025-ci il tarixdə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Borclunun mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak, habelə adına banklarda pul vəsaiti olmadığından, yəni tələbin yönəldilə biləsi əmlak aşlar edilmədiyindən, barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında 1-ci icra sənədi üzrə tələbkarın nümayəndəsi X5 izahatında göstərdi ki, icra sənədi 2022-ci ildən icraatdadır, indiyədək cəmi təxminən 1700 manat pul ödənilmişdir. Buna görə də, borclu barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, o, heç vaxt icradan yayınmamış, imkanı çatdıqca, az-az da olsa ödənişlər etmişdir. Barəsində axtarış elan edilməsindən isə ümumiyyətlə məlumatı olmamış, İcra şöbəsinə daim icra məmurunun çağırışı əsasında könüllü olaraq gəlmişdir. Sonda Şəxs izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs 1-ci icra sənədi üzrə borcundan xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə (məbləğ müəyyən edilmir), xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə (məbləğ müəyyən edilmir), xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 60 manat, xx.xx.2025-ci il tarixdə 80 manat, xx.xx.2025-ci il tarixdə 80 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar