Məhkəmə qərarları › İş №3(001)-596/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-596/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-596/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Qurban Bayramov küçəsi, fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs sosial şəbəkədə gördüyü elanla əlaqə saxlayaraq X7 məxsus ünvan 3 ünvanına getmişdir. Orada mebelə baxmış, mebeli sökərək həyətə daşımış, daha sonra X7 üzərində 400 manat pul olduğunu, geri qalan pulu isə kart vasitəsi ilə ödəyə biləcəyini bildirmişdir. X10 bundan sonra şübhələnərək qapını bağlamış və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daxil olmuş müraciət əsasında Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları ünvan 3 ünvanına getmişlər. Həmin ünvana gedərkən evin sanitar qovşağında şpris taparaq narkotik vasitə istifadə edilməsindən şübhələndikləri üçün Şəxs polis bölməsinə gətirmişlər. X10 əlavə olaraq onu da bildirmişdir ki, Şəxs X4 asılqandan asılmış gödəkçəsini götürərək geyinmiş və gödəkçənin cibində olan 60 manat pulu oğurlamışdır. Şəxs isə üzərində olan pulların özünə aid olduğunu, hər hansı miqdarda pul vəsaitini oğurlamadığını bildirmişdir. Gödəkçə isə zərərçəkmiş şəxsə qaytarılmışdır. Bölməyə gətirildikdə Şəxs üzərində 4 ədəd yüzlük, 1 ədəd iyirmilik, 1 ədəd onluq, 1 ədəd beşlik və 9 ədəd bir manatlıq əskinaslar olmaqla ümumilikdə 444 manat pul olmuş və həmin pul vəsaiti sonuncunun ailəsinə verilmişdir. Bölməyə gətirildikdən sonra Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş və sonuncudan götürülmüş sidik nümunəsində MOP (+), MET (+) aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində həmçinin İXM-nin 206-cı maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, sosial şəbəkədə gördüyü elan vasitəsi ilə X10 ilə əlaqə saxlamış, aralarında razılıq olmuş və mebelə baxmaq üçün ünvan 3 ünvanına getmişdir. Mebeli 900 manata almağa razılaşmış və mebeli sökməyə başlamışdır. Mebeli söküb bitirdikdən sonra pulun yarısını nağd, yarısını isə kartla ödəməyi təklif etmişdir. Həmin zaman onun nağd olaraq 444 manat pulu olmuş, kartında isə 784 manat pul vəsaiti olmuşdur. Həmin təklifdən sonra X10 onun aldatmaq niyyətinin olduğunu və 102 Xidmətinə zəng etdiyini bildirməklə qapını bağlamışdır. Polis əməkdaşlarının oraya gələciyini bildiyindən və üstünün yoxlanılmasını ehtimal etdiyindən cibində olan narkotik vasitə istifadə etmək üçün olan şpirisi sanitar qovşağa atmışdır. X7 məxsus gödəkçəni geyinməyə səbəb onların gödəkçəsinin oxşar olması olmuşdur. Həmin gödəkçələr çox oxşar olduğu üçün X4 gödəkçəsini geyinməyinin fərqinə belə varmamış, yalnız X10 ondan niyə gödəkçəsini geyinməyini soruşduqda o öz gödəkçəsinin asılqanda olduğunu görmüş və əynində olan gödəkçənin özünə məxsus olmadığının fərqinə varmışdır. Onun üzərində 4 ədəd yüzlük, 1 ədəd iyirmilik, 1 ədəd onluq, 1 ədəd beşlik və 9 ədəd bir manatlıq əskinaslar olmuşdur. Göründüyü kimi onun üzərində olan əskinaslardan 60 manat düzəlmir. Çünki onun üzərində olan xırda pulların cəmi 44 manat olmuş, digər pullar isə yalnız yüzlük əskinaslardan ibarət olmuşdur. Narkotik vasitəni isə həmin günü mebelə baxmağa gələn zaman istifadə etmişdir. Qeyd edilənlərə əsasən onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 228 nömrəli rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin əməldə İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə tərtib olunmuş protokol əsaslı olsa da, həmin Məcəllənin 227-ci maddəsi ilə tərtib olunmuş protokol əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə gördüyü elan vasitəsi ilə X10 ilə əlaqə saxlayaraq sonuncunun satdığı mebelə baxmaq və həmin mebeli almaq üçün mebelin olduğu ünvan 3 ünvanına getmişdir. Mebelin alınması üçün qiymətini 900 manata razılaşdıqdan sonra Şəxs mebeli sökərək evin həyət hissəsinə daşıyaraq yığmışdır. Mebelin hissələrini daşıdıqdan sonra Şəxs pulun bir hissəsini nağd, geri qalan hissəsini isə kartla ödəməyi təklif etmişdir. Bu təklifindən sonra X2 Xəqani Mətləb oğlundan şübhələnərək DİN 102 xidmətinə zəng etmişdir. Hadisə zamanı hər iki şəxsin gödəkçələri oxşar olduğundan Şəxs öz gödəkçəsi ilə X4 gödəkçəsini səhv salaraq sonuncunun gödəkçəsini geyinmişdir. X10 gödəkçəsinin cibində 60 manat pul vəsaitinin olduğunu və həmin pulun Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Ünvana polis əməkdaşları gəldikdən sonra sanitar qovşağında narkotik vasitə istifadə olunmasına şpris tapıldığı üçün Şəxs polis bölməsinə dəvət etmişlər. X4 ona məxsus pul vəsaitinin oğurlanması barədə müraciəti üzrə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibətdə qeyd edir ki, tərtib edilmiş protokola əsas təhqiqat orqanının xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı olmuşdur. Halbuki, həmin qərar tədqiq edilən zamanda müəyyən edilir ki, həmin araşdırma zamanı da Şəxs 60 manat pul vəsaitindən xəbəri olmadığını bildirmişdir. X10 da həmin pulun Şəxs tərəfindən oğurlandığını gördüyünü bildirməmişdir. Gödəkçəni Şəxs geyinmiş, lakin Şəxs həmin cibində 60 manatın olmadığını bildirmiş, Tahirə İbişova da 102 Xidmətinə zəng etmişdir. Belə olan halda, Şəxs tərəfindən 60 manat pulun oğurlanması heç bir mötəbər sübutla təsdiq olunmur. Çünki həmin pulun Şəxs gödəkçəni geyinənə qədər düşüb itməsi və yaxud ümumiyyətlə Tahirə İbişovanın cibində pul olmasını yalnış xatırlaması kimi ehtimallar mövcuddur. Bununla yanaşı Şəxs üzərində olan əskinaslardan heç bir halda 60 manat vəsaitin cəmləşdirilməsinin mümkün olmadığı məhkəmə iclasında müəyyən edilmişdir. Belə ki, Şəxs üzərində 4 ədəd yüzlük, 1 ədəd iyirmilik, 1 ədəd onluq, 1 ədəd beşlik və 9 dənə manatlıq əskinaslar olmuşdur. Bu faktı həm sahə inspektoru, həm də Şəxs təsdiq etmişdir. X1 gödəkcəsinin cibində olduğunu iddia etdiyi 60 manat pulun oğurlandığına dair heç bir konkret və mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, tərəflərin gödəkcələrinin oxşar olması səbəbindən Şəxs səhvən X5 gödəkcəsini geyindiyini, həmin günü narkotik vasitə istifadə etdiyini bildirmişdir. Hər iki tərəfin izahatlarının uyğunsuzluğu və maddi sübutların yetərsizliyi səbəbindən 60 manat pulun oğurlanması faktı öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. X10 özü nə inzibati araşdırmada izahat verməmiş, nə də məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında protokol isə özlüyündə şəxsin inzibati xəta törətməsini təsdiq edən sübut ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. Bu fakt həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X12 “ambulator məcburinarkoloji tibbi yoxlama” aktı, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs səmimi ifadə verməklə narkotik vasitə istifadəsini etiraf etməsi sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara əsasən Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Göstərilənlərə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Odur ki, tətbiq edilmiş inzibati həbs müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli, 228nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; İXM-in 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-in 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 18:30dan hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar