Məhkəmə qərarları › İş №3(001)-5988/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5988/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5988/2024 15.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının qanunu tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs sürücülük vəsiqəsi olmadığı halda nəqliyyat vasitəsi idarə etmiş, həmin nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün avtomobil duracağa təmin olunmuşdur. Duracaqda olan zaman Şəxs səs-küy salaraq polislərlə mübahisə etmiş, polislərin nizam-intizama əməl etmək barədə qanuni tələblərinə tabe olmamışdır. Buna görə də şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun sürücülük vəsiqəsi vardır, idarə edilmiş nəqliyyat vasitəsi də onun olmuşdur. O, həmin avtomobili idarə etməsi üçün qızına vermişdir, özü də qızının yanında oturmuşdur. Qızının sürücülük vəsiqəsi yox idi, polis əməkdaşları onları saxlamış, qızının sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. Polis əməkdaşları onlara qətiyyətlə avtomobilin duracağa getməli olduğunu bildirmişlər, o bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib etsinlər. Lakin YPX əməkdaşları avtomobilin duracağa getməli olmağının zəruri olmasını bildirmişlər, bundan sonra o etiraz etməmiş, özü avtomobili idarə edərək duracağa aparmışdır. Duracaqda YPX əməkdaşları çıxıb getmişlər və o qaranlıqda qalmışdır. Duracağın işçilərindən onu duracağa gətirən YPX əməkdaşlarının çağırılmasını xahiş etmiş, lakin həmin işçi inspketorların çağırıla bilməyinin qeyri-mümkün olmasını bildirmişlər. Bundan sonra o daha da əsəbləşərək daha yüksək səslə həmin işçilərin gətirilməsini tələb etmişdir. Çünki ora qaranlıq idi, ona da hara getməsi ilə bağlı isə heç nə bildirilməmişdir. Həmin zaman mübahisə yaşanmış, həqiqətən də polislərlə mübahisə etmiş və nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1 izahatında bildirmişdir ki, dönmə işığı yandırılmadığı üçün nəqliyyat vasitəsini saxlamışlar. Nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs nəqliyyat vasitəsinin mülkiyyətçisi olmasını bildirmiş və protokol tərtib edilməsini xahiş etmişdir. Şəxs nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olması bildirilərək avtomobilin duracağa təmin olunması zərurəti izah edilmişdir. Avtomobil duracağa təmin olunduqdan sonra Şəxs duracaqda səs-küy salaraq, mübahisələr etmiş, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Dəfələrlə şəxsi nizam-intizama əməl etməyə dəvət etsələr də, Şəxs onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin duracağa təmin olunmasına səbəb ön şüşədə olan çat olmuşdur. Konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qadağan olduğundan vəzifələrini yerinə yetirərək avtomobili duracağa təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs özünə məxsus nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan şəxsə vermişdir. Həmin nəqliyyat vasitəsini saxlamışlar, avtomobilin ön şüşəsində çat olmuşdur. Konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qadağan olduğundan nəqliyyat vasitəsini duracağa təmin etmişlər. Lakin duracağa çatdıqdan sonra Şəxs nalayiq ifadələr işlətmiş, səs-küy salaraq onlarla dava etmişdir. Dəfələrlə Şəxs nizam-intizama əməl etməsi tələb olunsa da, Şəxs onların tələbinə məhəl qoymayaraq öz analoji hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 022443 nömrəli inzibati qaydada tutma haqında protokoldan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 01:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə qeyd edilməlidir ki, İXM-nin 98-ci maddəsinə əsasən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edildiyi üçün Şəxs yönələn tələb qanuni olmuşdur. Lakin Şəxs duracaqda mübahisə edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ona nizam-intizama əməl etmək barədə yönələn tələblərə isə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Şəxs sadalanan hərəkətləri polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raportlar və şahid ifadələri, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar