Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6/2023 13.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 499.1.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0100-1822/22 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən **********3167 sorğu nömrəli xx.xx.2019cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına geriyə qaytarıldığı və **********6570 sorğu nömrəli, **********7966 sorğu nömrəli və **********6810 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə gömrük rəsmiləşdirilmələrinin başa çatdırıldığı, nəticədə Şəxs tərəfindən müvəqqəti ixrac edilmiş mallar 3 aydan artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasına qaytarıldığından MMC tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin **********3167 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac edilmiş yüklərin dəyərinin gömrük bəyannaməsinə əsasən 102342,38 manat olduğu məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs direktoru X1 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, Şəxsnə məxsus nəqliyyat vasitəsi həqiqətən ölkə ərazisindən kənara aparılmış bununla bağlı qanunvericiliyə uyğun olaraq gömrük bəyannaməsi təqdim edilmişdir. Nəqliyyat vasitələrinin Gürcüstan Respublikası ərazisində təyinatı üzrə istifadə edilərək ölkə ərazisinə qaytarılması nəzərdə tutulmuşdur. Lakin şirkətin Gürcüstan Respublikası ərazisində az miqdarda vergi borcu öhdəliyi yaramış və borc məsələsi öz hüquqi həllini tapana qədər həmin nəqliyyat vasitələri hamısı girov obyekti kimi saxlanılmışdır. Gürcüstan Respublikasının rəsmi qurumlarına nəqliyyat vasitələrinin Azərbaycan Respbulikası ərazisinə qaytarılmasının, qanunvericiliyin tələbi olması və bu halın aradan qaldırılmasının zəruriliyi ilə bağlı dəfələrlə müraciət ediləsə də rəsmi qurumlar lazımi vaxtında bunu təmin etməmişlər. Məhz bu səbəbdən də nəqliyyat vasitələrinin Azərbaycan Respbulikası ərazisinə vaxtında qaytarılması qeyri-mümkün olmuşdur. Şirkətin təqsiri və xəbəri olmadan gözlənilmədən nəqliyyat vasitələrinin şirkətin vergi öhdəliyinin icrası təmin olunanadək Gürcüstan Respublikası ərazisində girov qismində saxlanılacağı məlum olmuşdur. İş materiallarında bu faktları və halı təsdiqləyən bütün sənədlər təqdim edilmişdir. Digər qeyd edilməli xüsusat isə bundan ibarətdir ki, inzibati xəta haqqında protokol yanlış məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin dəyəri inzibati xəta haqqında protokol tərtib olunan anadək olan faktiki qiymət üzrə hesablanmamışdır. Həmin nəqliyyat vasitəsinin dəyəri Azərbaycan Respbulikası ərazisindən xaricə aparılarkən verilmiş gömrük bəyannaməsinin əsasında müəyyən edilmiş və qanunvericiliyin birbaşa tələbi olan amortizasiya ayırmaları nəzərə alınmamışdır. Qanunvericilik, istismarı nəticəsində illik dəyər itirən növləri sadalımış və amortizasiya ayırmalarının illik faiz dərəcəsini konkret olaraq göstərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.4.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin illik amortizasiya ayırmaları 25% olaraq hesablanmalıdır. Belə olan halda inzibati xəta haqqında iş üzrə inzibati xətanın predmeti olan nəqliyyat vasitəsinin dəyəri yenidən hesablanmalı və amortizasiya ayırmaları mütləq qaydada nəzərə alınaraq həmin nəqliyyat vasitəsinin faktiki dəyəri müəyyən edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli **********3167 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ümumi gömrük dəyəri 102342,38 manat olan “Yük daşımaq üçün mühərrikli, özü boşaldan (samosval): HOWO ZZ3257N3847A TİPPER (buraxılış ili 2011, mühərrik həcmi 9726 sm3, gömrük dəyəri 33459,23 manat) avtomobil, “Frontal birçalovlu yükləyicilər: Liugong CLG-375A (buraxılış ili 2014, qət etdiyi məsafə 0 km, gömrük dəyəri 37449,30)” və “Yolbasan Vibrasyalı BOMAG BW 80AD-5 (buraxılış ili 2014, gömrük dəyəri 31433,85)” müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, malların müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2020-ci il tarixədək olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs tərəfindən müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstan Respublikasına göndərilmiş yüklərin müvəqqəti ixrac müddətinin başa çatdığı, lakin yüklərin Azərbaycan Respublikasına geriyə qaytarılmadığı, həmçinin, malların müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük proseduranda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. xx.xx.2022-ci il tarixli xidməti məruzə məktubundan görünür ki, Gürcüstanın Gəlir Xidmətinin İdarəetmə Departamenti tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs MMC şirkətinə qarşı ***-**** saylı “Əmlakın üzərinə həbs qoyulması” haqqında əmr verilmişdir. Hazırki mərhələdə vergi ödəyicisinin əmlakı Gürcüstanın Vergi Xidməti Borcu İdarəetmə Departamenti tərəfindən həbs olunmayıb. Gömrük Xidmətinin “VAİS” informasiya resursunun portal çıxarışından görünür ki, **********3167 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2020-ci il tarixədək olması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə müddət xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli **********6570 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, gömrük dəyəri 33459,23 manat olan “Yük daşımaq üçün mühərrikli, özü boşaldan (samosval): HOWO ZZ3257N3847A TİPPER (buraxılış ili 2011, mühərrik həcmi 9726 sm3) avtomobil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır. xx.xx.2022-ci il tarixli **********7996 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, gömrük dəyəri 37449,30 manat olan “Frontal birçalovlu yükləyicilər: Liugong CLG-375A (buraxılış ili 2014, qət etdiyi məsafə 0 km)” avtomobil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır. xx.xx.2022-ci il tarixli **********7996 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, gömrük dəyəri 31433,85 manat olan “Yolbasan Vibrasyalı BOMAG BW 80AD-5 (buraxılış ili 2014)” maşın xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır. Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, xx-xx/2739 nömrəli məktubdan görünür ki, Gürcüstanın Gəlir Xidmətinin İdarəetmə Departamentinin vergilərin idarə etmə məlumat sistemində 14 yanvar 2022-ci il vəziyyəti ilə Şəxs Gürcüstan Respublikası filialının vergi borcu qeyd edilir. Vergi girovu/ipoteka hüququ Gürcüstan Vergi Məcəlləsinin 238-ci maddəsinin 6-cı hissəsinə əsasən vergi borcu ləğv edildikdən dərhal sonra və Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulduğu halda ləğv edilir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8047 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2011-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, mühərrik tutumu 9726 kub/sm, “Howo ZZ3257N3847A” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 30000,0 (otuz min) manat müəyyən olunur; ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı, “Liugong CLG-375A” markalı yükləyici texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 20000,0 (iyirmi min) manat müəyyən olunur; ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı, “Yolbasan Vibrasyalı BOMAG BW 80AD- 5” markalı yolbasan texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18000,0 (on səkkiz min) manat müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 499.1.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Lakin səlahiyyətli orqan tərəfindən iş üzrə aparılmış araşdırma zamanı yüklərin dəyərinin müəyyən edilməsi hissəsində səhvə yol verilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı Şəxs tərəfindən verilmiş **********3167 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac edilmiş yüklərin dəyərinin gömrük bəyannaməsinə əsasən 102342,38 manat olduğu müəyyən edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8047 nömrəli ekspertiza rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş 2011-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, mühərrik tutumu 9726 kub/sm, “Howo ZZ3257N3847A” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 30000,0 (otuz min) manat, 2014-cü il buraxılışlı, “Liugong CLG-375A” markalı yükləyici texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 20000,0 (iyirmi min) manat, 2014-cü il buraxılışlı, “Yolbasan Vibrasyalı BOMAG BW 80AD-5” markalı yolbasan texnikasının hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18000,0 (on səkkiz min) manat olmaqla həmin malların ümumi gömrük dəyərinin 68000,0 (altmış səkkiz min) manat olması müəyyən edilmişdir. Bununla da, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən **********3167 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 2011-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, mühərrik tutumu 9726 kub/sm, “Howo ZZ3257N3847A” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük texnikasının, 2014-cü il buraxılışlı, “Liugong CLG-375A” markalı yükləyici texnikasının və 2014-cü il buraxılışlı, “Yolbasan Vibrasyalı BOMAG BW 80AD-5” markalı yolbasan texnikasının müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2020-ci il olması, eləcə də həmin malların ümumi gömrük dəyərinin 68000,0 (altmış səkkiz min) manat olması müəyyən edilmiş, bundan sonra **********3167 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti idxal müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək, daha sonra isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış və həmin mallara dair öhdəlik müddəti xx.xx.2022-ci il tarixdə basa çatmışdır. Lakin qeyd olunan yüklər geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət edilməmişdir. Bununla da, Şəxs tərəfindən müvəqqəti ixrac edilmiş mallar 3 aydan artıq müddətə qecikdirilməklə Azərbaycan Respublikasına qaytarılmışdır. Beləliklə də Şəxs tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri olan - 68000,0 (altmış səkkiz min) manat məbləğin 30 (otuz) faizi miqdarında, yəni 20400 (iyirmi min dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-6/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver