Məhkəmə qərarları › İş №3(001)-6/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu X7 iclas katibliyi, İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və materiallar daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Ona görə də, məhkəmədən Şəxs MMC-nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, X5 işçi kimi kimi gəlməmişdir, sadəcə o MMC-də təcrübədə olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş Şəxs Şirkətinin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol əsassızdır və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirmişdir ki, Məryəm adlı şəxs işə təcrübəçi kimi gəlib getmiş, O, Aynurun rəfiqəsi olmuş və o heç bir iş görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, işdə Aynur Məryəmi işə düzəldilməsini xahiş etmiş, o isə Məryəmin təcrübəsi olmadığını, təcrübə toplamaq üçün gəlib gedə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, o, mühasibatlıq şöbəsinin müdiridir, onlara bildiriş gəlmişdir. Bildirişdə qeyd olunan vaxtda orada olmalarına baxmayaraq onları qəbul etməmişlər. 2 dəfə isə onları rəisin köməkçisi qəbul etmişdir. Onda da onlar iki həftə vaxt istəmişlər ki, bu məsələni araşdırsınlar ki, həmin işçi kimdir. Bildirdilər ki, həmin əməkdaş “Ganjlik Mall”da olan mağazadadır. Şahid də həmin xanımın rəfiqəsi olmuşdur. Hesab edir ki, burada qərəz vardır. Şahidlik edən xanım özü gəlib xahiş etmişdir ki, Məryəm Məhərrəmlini işə götürək. Onu da müşahidəçi qismində götürmüşlər. Onların heç bir menecerlərinin işçi götürmək səlahiyyəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsi və vəkilinin çıxışlarını, şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, X9 Xidməti Bakı şəhər İdarəsinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolu əsaslı olduğundan Şəxs MMC barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolundan görünür ki, X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün Şəxs MMC İXM-nin 192.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Şəxs MMC ilə əmək müqaviləsi olmadan işləmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru X16 tərəfdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış yazılı etirazda qeyd olunmuşdur ki, səlahiyyətli orqanın MMC-yə qarşı iddiaları əsassızdır, belə ki, şirkət nümayəndəsinin xx.xx.2023-cü il tarixdə inzibati xəta üzrə icraatda iştirak etməsinə baxmayaraq, protokolda bu fakt, həmçinin şirkət nümayəndəsinin imzası öz əksini tapmamışdır. Şirkət nümayəndəsinin izahatı alınmış, lakin protokolda nümayəndə iştirak etmədi kimi qeyd edilmişdir. İnzibati xəta hadisəsi olması iddia edilən əməldə MMC-nin maraqlarının qorunması halı olmamış, xeyrinə həyata keçirilməmişdir. Məryəm Məhərrəmlinin protokolda qeyd edildiyi kimi, əmək müqaviləsi qüvvəyə minmədən işçi kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı tamamilə yanlışdır. Belə ki, həm mağaza inzibatçısı Kamran Mustafayevin, həm də eyni mağazada inzibatçı olaraq əmək fəaliyyəti ilə məşğul olan şirkətin işçisi Fuad Quluzadə hər ikisi izahatları ilə təsdiq edirlər ki, Məryəm Məhərrəmli mağaza ərazisində olduğu vaxt ona heç vaxt “Supervayzer” vəzifəsinin əmək funksiyalarını hansı formada yerinə yetirməsini müşahidə edərək, bir növ təcrübəçi kimi vəzifələrin yerinə yetirilmə qaydalarını öyrənməyə çalışmışdır. Mağazada tətbiq olunan ümumi iş rejimi, iş saatları inzibatçıların da təsdiq etdiyi kimi Məryəm Məhərəmliyə tətbiq olunmamışdır, bu da onu göstərir ki, o, işçi statusunda işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məryəm Məhərrəmli şikayət etdikdən sonra narazılığının aradan qaldırılması üçün ofisə dəvət edildiyi zaman MMC-nin işçisi və onun arasında olan yazışması da sübut edir ki, vətəndaş ümumiyyətlə Baş Ofisin ünvanını bilməmiş, yəni Şirkətin baş Ofis nümayəndələri ilə işlərin yerinə yetirilməsi ilə əlaqədar daha əvvəl hər hansı əlaqədə olmamışdır. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Şəxs MMC İXM-nin 192.1-ci maddəsinin tələbini pozulduğu məhkəmə tərəfindən müəyyən edilmiş, MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili bu faktın əksini məhkəmədə sübut edə bilməmişdir. Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və yuxarıda qeyd olunan hüquq normaları ilə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Belə ki, iş materiallarında Şəxs MMC-nin sözügedən inzibati xətanı törətməsinə dair kifayət qədər sübutlar vardır. Buna görə də, hesab edirəm ki, Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçmədiyinə görə həmin cəmiyyət İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddədə göstərilən həddə uyğun minimum həddə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 48-51, 114-117, 129-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC(VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati tənbeh olaraq 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar